AZ

“Tramp Putinlə bağlı kobud səhvə yol verib“ CNN

ain.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

"Əgər ABŞ və Avropa birlikdə hərəkət etməsə, müharibə sabah Avropanın qapısında dayana bilər..."

ABŞ prezidenti Donald Trampın Vladimir Putinə münasibətdə buraxdığı kobud strateji səhv artıq öz nəticələrini göstərir. Tramp düşünürdü ki, şəxsi xarizması və "diplomatik cazibəsi" ilə Kremli barışa inandıra bilər.

Moderator.az xəbər verir ki, bu barədə CNN telekanalı yazıb.

Trampın səhvi və Putinə ümidlər

Nəşr yazır ki, Tramp hətta Rusiyanı Çinə qarşı potensial müttəfiq kimi görmək xülyasına qapılmışdı. Amma bu yanaşma Ukraynanın mövqeyini zəiflətdi, Moskvaya isə cəbhədə irəliləmək üçün fürsət verdi. Putinin son aylarda həyata keçirdiyi amansız hava hücumları, xüsusilə Kiyevə və hökumət binalarına zərbələr Kremlin sülh istəmədiyini açıq göstərir.

Analitiklər hesab edir ki, Putin yaxın aylarda Ukraynanın şərqində təzyiqi artıraraq strateji ərazilər ələ keçirməyə çalışacaq. Tramp isə həm iqtisadi, həm də diplomatik balansı qorumaq dilemması ilə üzləşib və bu, əslində "həllolunmaz" vəzifədir.

Avropanın "B planı"na  ehtiyacı var

"Financial Times" qeyd edir ki, Trampın Ukraynanı müdafiə etmək istəksizliyi Avropanı çətin seçim qarşısında qoyur. ABŞ Avropa ölkələrini hələ də Rusiyadan enerji almaqda tənqid edir, halbuki bu alış-veriş Kremlin iqtisadi əsas dayaqlarından biridir.

Trampın Avropa liderləri ilə telefon danışığında əsas mövzu məhz ikinci dərəcəli sanksiyalar, yəni Rusiya neft və qazını alanlara qarşı sərt tədbirlər olub. Lakin problem ondadır ki, Avropanın "İstəklilər  koalisiyası" hələ də Ukraynada birbaşa hərbi iştirakdan yayınır. Parisdə keçirilən görüşlərdə "sakitləşdirici qüvvələr" ideyası müzakirə olunsa da, Berlin, Roma və Varşava açıq şəkildə əsgər göndərmək istəmədiklərini bildirib.

Beləliklə, Brüsselin əsas ümidləri ABŞ-ın Ukrayna səmasını qorumaq qabiliyyətinə, Avropanın isə dənizdə və logistika sahəsində dəstəyinə yönəlib. Amma jurnalistlər xəbərdarlıq edir: diplomatiya oyunlarında və Trampı "yumşaq inandırmaq" səylərində Avropa böyük mənzərəni - Putinin dayanmaq niyyətində olmadığını qaçırır.

Müharibənin sərhədləri daralırmı?

Almaniya kansleri Fridrix Mers açıq şəkildə bildirir ki, Putinin planları Ukrayna ilə bitməyəcək, əksinə, buradan başlanır. O, Avropanı illüziyaları bir kənara qoymağa və maraqlarını yenidən müəyyənləşdirməyə çağırıb. Mersin sözlərinə görə, ABŞ Avropanın vacib tərəfdaşı olaraq qalır, lakin münasibətlər dəyişib - indi onlar Vaşinqtonun konkret maraqlarından asılıdır. Paralel olaraq, alman kəşfiyyatının məlumatına əsasən, Kreml 1,2 trilyon dollarlıq silahlanma proqramı hazırlayır və 2030-cu ilədək Avropaya qarşı yeni müharibə ehtimalı var.

Fransada isə hökumət xəstəxanalara xüsusi göstəriş göndərib: 2026-cı ilin martına qədər kütləvi yaralı axınına hazır olun. Bu addım, Avropanın nə qədər real təhlükə gördüyünün ən konkret sübutudur. Trampın diplomatik səhvləri, Avropanın tərəddüdləri və Putinin imperiya ambisiyaları qitəni yeni fırtınaya yaxınlaşdırır. Əgər ABŞ və Avropa birlikdə hərəkət etməsə, "B planı" gecikərsə, Ukrayna ilə başlayan müharibə sabah Avropanın qapısında dayana bilər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
1
moderator.az

2Mənbələr