AZ

Bakıya ikinci dəfə gələn şəxs üçün iki tanış sima

Azərbaycan millisinin Ukrayna yığması ilə Bakıda keçirəcəyi DÇ-2026-nın seçmə mərhələ oyununun hakim təyinatları açıqlanıb.

Görüşü Yunanıstandan olan hakimlər briqadası idarə edəcək:

Oyunun baş hakimi Vassilis Fotias olacaq. Yan xətlərdə ona Andreas Meintanas və Mixail Papadakis kömək edəcəklər.

Dördüncü hakim funksiyasını isə Anastasios Papapetru yerinə yetirəcək.

36 yaşlı Vassilis 29 yaşında Yunanıstanın yüksək liqa oyunlarına təyinat alır. 2020-ci ildən isə beynəlxalq matçlarda görünməyə başlayıb.

Bu müddətdə ukraynalılarla yolu bir neçə dəfə kəsişib. Bu ölkənin U-19 və U-21 millilərinin qarşılaşmalarını idarə edib.

Bizimkilərin oyununa isə bir dəfə təyinat alıb. Həmin vaxt Bakıya səfər edib.

Söhbət 2021-ci ilin noyabrın 16-da U-21 millimizin Norveçlə duelindən gedir. 4 il əvvəl ölkəmizə səfər edən Fotias “Neftçi Arena”da (indiki “Palms Sports Arena”) gerçəkləşən matçda meydanda əsas söz sahibi olub.

Norveçlilər 2:1 hesabı ilə qələbə qazanıb, yeganə qolumuzu İsmayıl Zülfüqarlı vurub.

2021-ci ildə U-21-in şərəfini qoruyanlardan Səbuhi Abdullazadə ilə Musa Qurbanlı bu gün Azərbaycanın əsas millisinin uğurları üçün tər tökür.

Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyun saat 20:00-da start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
9
sportinfo.az

1Mənbələr