AZ

Azərbaycan-Çin investisiya əməkdaşlığı üzrə işçi qrupunun ilk iclası keçirilib

Çinin Siamen şəhərində Azərbaycan İqtisadiyyat Nazirliyi ilə Çin Ticarət Nazirliyi arasında investisiya əməkdaşlığı üzrə Birgə İşçi Qrupunun ilk iclası keçirilib.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) məlumatına görə, Azərbaycan tərəfindən qurumun icraçı direktoru Yusif Abdullayev, Çin tərəfindən isə Ticarət Nazirliyinin Beynəlxalq investisiya və iqtisadi əməkdaşlıq departamentinin baş direktorunun müavini Yan Haonun həmsədrliyi ilə keçirilən iclasda ölkələrimizin investisiya əlaqələrinin cari vəziyyəti müzakirə edilib, birgə reallaşdırılan layihələrin müntəzəm izlənilməsi və operativ koordinasiyasının gücləndirilməsi üçün əsas təmas nöqtələri müəyyənləşdirilib. Tərəflər mütəmadi olaraq ortaq təşəbbüslərdə müşahidə olunan irəliləyişlər barədə məlumat mübadiləsinin aparılmasına dair razılıq əldə ediblər.

İclasda dövlət qurumları da daxil olmaqla, hər iki ölkənin şirkətləri arasında əlaqələrin genişləndirilməsi, təcrübə və informasiya mübadiləsinin, habelə müxtəlif sahələrdə investisiya və maliyyə tərəfdaşlığının təşviqi dəstəklənib. Bununla yanaşı, rəqəmsal iqtisadiyyat sahəsində tərəfdaşlıq potensialının reallaşdırılması məqsədilə mövcud sazişlərin icrası ilə bağlı praktiki təkliflər irəli sürülüb.
İclasda həmçinin İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA), Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumu və Azərbaycan İnvestisiya Holdinqinin nümayəndələrinin ölkələrimizin işgüzar münasibətlərinin intensivləşdirilməsinə dair fikirləri dinlənilib.

Sonda Azərbaycan İqtisadiyyat Nazirliyi ilə Çin Ticarət Nazirliyi arasında investisiya əməkdaşlığı üzrə Birgə İşçi Qrupunun ilk iclasının Protokolu imzalanıb.

Seçilən
31
vergiler.az

1Mənbələr