Azərbaycan Respublikası və Latviya Respublikası arasında strateji dialoqun dördüncü iclası keçirilib.
Bu barədə APA-ya XİN-in Mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan Respublikasının nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Latviya Respublikasının nümayəndə heyətinə Xarici İşlər Nazirliyində dövlət katibinin müavini İvars Lasis rəhbərlik edib.
İclas zamanı ikitərəfli münasibətlər, siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib. Beynəlxalq təşkilatlar çərçivəsində tərəfdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Qarşı tərəf postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, mina təhdidi ilə mübarizə səyləri, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi genişmiqyaslı yenidənqurma işləri, eləcə də Azərbaycan-Ermənistan normallaşma prosesinin gedişatı və 8 avqust 2025-ci il tarixli Vaşinqton görüşünün nəticələri, eləcə də ATƏT-in Nazirlər Şurasının ATƏT-in Minsk Prosesi və əlaqəli strukturların bağlanmasına dair cari ilin 1 sentyabr tarixli qərarı barədə ətraflı məlumatlandırılıb.
İclasda həmçinin qarşılıqlı maraq doğuran digər qlobal, regional və ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.