AZ

Azərbaycanın qüruru olan STAR zavodu barədə erməni kanallarının növbəti təxribatı

İlham Şaban: “Azərbaycan Hindistan, Çin, ya da Slovakiya deyil ki, Rusiya neftindən asılı olsun”

Erməni teleqram kanalları Azərbaycanı hədəfə alan yeni iddia ilə çıxış ediblər. Onların yaydığı məlumata görə, guya Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar Türkiyədə yerləşən və Azərbaycan dövlətinə məxsus STAR Neft Emalı Zavoduna da şamil olunub.

İddialara əsasən, zavoddan idxal Aİ-nin 18-ci sanksiya paketi çərçivəsində yasağa düşür. Bu paket Rusiya xam neftindən hazırlanmış məhsulların üçüncü ölkələrdə emal edildiyi halda belə Avropa bazarına çıxarılmasını qadağan edir. Mənbədə qeyd olunur ki, guya Aİ-nin xarici işlər üzrə nümayəndəsi Anita Hipper OC Media-ya açıqlamasında bunu təsdiqləyib və bildirib ki, Azərbaycan hökuməti və SOCAR-a məxsus STAR şirkəti də sanksiyalara məruz qalıb. Onun sözlərinə görə, məqsəd Rusiyanın neft satışından əldə etdiyi gəlirləri azaltmaqdır: “Bu, hansısa formada Rusiya xam neftinin Aİ bazarına daxil olmasının qarşısını almağa yönəlib”.

Eyni zamanda, həmin məlumatda STAR zavodunun Avropa alıcılarına Rusiya neftinin tədarükündəki rolunun sona çatacağı da iddia olunur.

Məsələ ilə bağlı “Neft Araşdırmaları” Mərkəzinin rəhbəri İlham Şaban Musavat.com-a açıqlama verib. O bildirib ki, bu iddiaların heç bir əsası yoxdur:

WhatsApp

“Bizim zavod təkcə rus nefti ilə işləməyib axı. Liviya yüngül nefti, İraqın Kərkük nefti və başqa variantlar var. Burada qərəzli yanaşma göz önündədir. Sanki kimlərəsə göstərmək üçün ölkəmizin adı hallanır. Azərbaycan Hindistan, Çin deyil ki, Rusiya neftindən asılı olsun. Hətta Slovakiya qədər də asılılığı yoxdur. Digər tərəfdən, söhbət Türkiyədəki zavoddan gedir. Bunun birbaşa Azərbaycana aidiyyəti yoxdur”.

İ.Şaban hesab edir ki, bu cür məlumatlarla məqsəd neqativ əhval-ruhiyyə yaratmaqdır:

“Onların cavabını vermək vacibdir. Həm də qeyd etmək lazımdır ki, yazılan həcmlərə diqqət etsinlər. STAR zavodu illik emal gücü, həcmləri və imkanları ilə bütün bölgənin ən müasir layihələrindən biridir. Avropanın cənub hissəsində, Afrikanın şimalında, Yaxın Şərqdə belə bir texnologiyaya malik zavod yoxdur. Avropa İttifaqı da vaxtilə bu barədə müsbət rəy vermişdi. Zavod 2018-ci ildə istifadəyə verildi, 2019-cu ilin yanvarından isə stabil fəaliyyətə başladı. Əvvəl 10 milyon tonla başlamışdı, ötən il isə 13 milyon ton neft emal olunub. STAR zavodu təkcə Azərbaycan üçün yox, bütün Aralıq dənizi hövzəsi ölkələri üçün başucalığı gətirən bir layihədir. Çünki 21-ci əsrdə bölgədə bu miqyasda və bu imkanlara malik ikinci belə zavod tikilməyib”.

Afaq MİRAYİQ,
Musavat.com

Seçilən
32
musavat.com

1Mənbələr