AZ

Azərbaycan Avropa və Sinqapur bazarına qida ixrac edəcək - böyük uğur və böyük risq...


Eyyub Hüseynov: “Azərbaycan məhsulu digər ölkələrin məhsullarına nisbətən təmiz ekoloji məhsul hesab edilir”

Qeyri-neft sektoru məhsullarının ixracında yeni bazarlara çıxış imkanının genişləndirilməsi önəmlidir. Ölkə başçısı İlham Əliyev həmişə məhsulların ənənəvi bazarlarla yanaşı, yeni bazarlara da çıxarılması ilə bağlı göstərişlər verir.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) İdarə Heyəti sədrinin müavini Ramazan Nəbiyev media nümayəndələrinə açıqlamasında bildirib ki, son illərdə Avropa İttifaqı (Aİ) ölkələrinə fındıq ixracına yaşıl dəhliz tətbiq olunub, yun, gön-dəri məhsullarının, akvakulturada yetişdirilən balıq və balıq kürüsü məhsullarının ixracına icazə verilib, bu birlik tərəfindən tanınan istehsal müəssisələrinin sayı 2-dən 12-yə çatdırılıb. Bir sıra ölkələrə ərzaqlıq yumurtanın ixracına nail olunub, Çin Xalq Respublikasına badam və fındığın ixracına razılıq əldə edilib.

Maraqlıdır, Azərbaycan istehsalı olan məhsullar Avropa, Asiya bazarında rəqabətə tab gətirə biləcəkmi?

“İllərdir Azərbaycan fındığının Avropa bazarına çıxması ilə bağlı problemlər yaşanır, dəfələrlə...”

Azad Istehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bir neçə məhsul Avropa bazarına çıxarılır: “İllərdir Azərbaycan fındığının Avropa bazarına çıxması ilə bağlı problemlər yaşanır. Dəfələrlə Azərbaycan fındığı geri qaytarılıb. Geri qaytarılan fındıqlarda aflatoksin göbələyi aşkar edilib. Bu, ciddi problemlərdən də biri idi. Dediyim kimi, Avropa bazarına bir neçə məhsul ixrac edilir. Bura daxildir balıq, balıq kürüsü, qoz və fındıq. Qida Təhlükəsizliyi Agentliyinin əsas məqsədlərindən biri Azərbaycan mallarının xarici bazara çıxarılmasıdır. Çox təəssüf ki, bu yöndə görülən işlər zəifdir. Dərinin xarici bazara çıxarılmasında yaranan problemlərdən biri onun tükləri arasında ətraf mühitə, bitkiçiliyə təsir edə bilən bakteriyaların olmasıdır. Bu problemin həll olunması sevindiricidir”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, Azərbaycandan Çinə külli miqdarda heyvan qursağı ixrac olunur. Ancaq bu məlumat heç yerdə açıqlanmır: “Ümumiyyətlə, fındığa yaşıl dəhlizin yaradılması üstün cəhətdir. İllərdir aflatoksin göbələyi ilə bağlı problemlər yaşanırdı. Çin və Avropa bazarına Azərbaycan məhsullarının çıxarılması yaxşı haldır. Balıq və balıq kürüsünün də başqa ölkələrə göndərilməsi bizim üçün üstünlükdür. AQTA-nın bu işlərini uğur hesab etmək olar, ancaq bu işlər çox olmalıdır. Ümumiyyətlə, Azərbaycan məhsulu digər ölkələrin məhsullarına nisbətən təmiz ekoloji məhsul hesab edilir. Baxmayaraq, Çin dünyaya təmiz, keyfiyyətli məhsul ixrac edir. Azərbaycan məshulları xarici bazarda qiymətdə və keyfiyyətdə rəqabətə davam gətirə bilər. Rəqabətə davamlı olmasaydı məlum sazişlər baş tutmayacaqdı”.

Ekspertin sözlərinə görə, ölkələr yalnız ticari əlaqələr üçün deyil, siyasi münasibətlərə görə də iqtisadi əlaqələr yaradır: “Ticarətin inkişaf etdirilməsi siyasi əlaqələri möhkəmləndirir. Bəzi məsələlərin arxasında siyasi və iqtisadi əlaqələr dayanır. Hazırda Azərbaycanın Asiya ölkələri ilə əməkdaşlığı artır. Azərbaycan məhsulları ekoloji təmiz olduğu üçün Asiya bazarında rəqabətə davam gətirəcək”.

Günel CƏLİLOVA

Seçilən
26
baki-xeber.com

1Mənbələr