Vaşinqton çox açıq şəkildə belə addım ata bilmir, daha çox diplomatiyada “kollektiv qərar” görüntüsünü qoruyur
ABŞ administrasiyası Aİ-ni Rusiyadan enerji, xüsusilə də qaz idxalını tamamilə dayandırmağa çağırır. Yalnız bu addımın ardınca Brüssel yeni, daha sərt sanksiyalara yönələ bilər. Krit Rayt (AB-nin energetika naziri) bildirib ki, avropalılar sərhəd çəkib "biz artıq Rusiya qazı almayacağıq" desəydilər, bu, şübhəsiz ki, ABŞ-ın sanksiyalarla bağlı daha aqressiv olmasına töhfə verərdi.
Görüşlər zamanı, xüsusilə Brüsseldə Aİ-nin enerji məsələləri üzrə komissarı Dan Yorqensenlə keçiriləcək toplantıda həm Aİ-nin Rusiya enerjisindən mərhələli imtinası, həm də ABŞ-dan illik 250 milyard dollarlıq enerji idxalı öhdəliyi müzakirə olunacaq.
ABŞ Aİ-dən 2028-ci ilin sonuna qədər 750 milyard dollar dəyərində enerji məhsulu almasını gözləyir. Qeyd edək ki, 2024-cü ildə Aİ-nin qalıq yanacaq idxalının 14%-i hələ də Rusiyadan idxal edilib.
Aİ bərpaolunan enerji keçidini davam etdirir, amma xüsusilə Macarıstan və Slovakiya kimi bəzi ölkələr Rusiya enerjisindən tamamilə imtina planına qarşı çıxırlar.
ABŞ bu ultimatumla Avropa İttifaqını daha sərt qərarlar verməyə təşviq edir. ABŞ üçün bu strateji addım Rusiya iqtisadiyyatına güclü təzyiq yaratmaq məqsədi daşıyır. Eyni zamanda, bu, Ukraynaya dəstəyin siyasi simvolu kimi də dəyərləndirilə bilər.
Rusiya qazından tamamilə imtina etmək Aİ-nin enerji təhlükəsizliyi baxımından ciddi risqlər daşıyır. Qısa müddətdə enerji mənbələrini diversifikasiya etmək çətin və bahalıdır. Özəl sektorla yanaşı, hökumətlər üçün də alternativlər, məsələn, bərpaolunan enerjiyə daha əlverişli keçid axtarışı birinci prioritet ola bilər.
Macarıstan və Slovakiya kimi ölkələr hələ də Rusiyadan enerji asılılığını davam etdirir. Bu, Aİ daxilində strateji homogenlik və birgə siyasət aparılması baxımından ciddi çətinliklər yaradır.
ABŞ-ın təqdim etdiyi bu ultimatum Avropa ilə münasibətlərdə strateji və iqtisadi əməkdaşlığa yeni perspektivlər açır. Aİ-nin ABŞ-dan 750 milyard dollar dəyərində enerji alması təklifi, həm enerji alternativliyini təmin edə bilər, həm də transatlantik iqtisadi əlaqələri gücləndirə bilər.
ABŞ niyə belə taktika seçir?
Çünki Rusiya büdcəsinin ən böyük gəlir mənbəyi enerji ixracıdır. Avropa isə onun ən iri alıcısı olub. Əgər Aİ bu bazarı bağlasa, Kreml həm maliyyə baxımından sıxışar, həm də siyasi manevr imkanlarını itirər.
ABŞ özü də böyük enerji ixracatçısına çevrilib (xüsusən LNG – maye qaz satıcısı kimi). Ona görə Avropanın Rusiyadan imtinası Vaşinqtona iqtisadi qazanc gətirir. Bu, Avropanın enerji baxımından daha çox ABŞ-a bağlanması deməkdir ki, Brüssel Vaşinqtonun siyasi orbitində qalacaq.
“Avropanın əli ilə sıxmaq, sonra təkbətək alver etmək” ssenarisi nə qədər realdır?
Mümkündür, amma məhdud çərçivədə. ABŞ tarixən belə gedişlər edib - müttəfiqləri vasitəsilə rəqibi zəiflədib, sonra birbaşa danışıqlara üstünlük verib (məsələn, "Soyuq müharibə" zamanı SSRİ ilə nüvə sazişlərində olduğu kimi).
Rusiya ilə təklikdə danışıqlar Vaşinqtonun uzunmüddətli maraqları daxilində ola bilər. Çünki Ukrayna müharibəsi, nüvə təhlükəsizliyi, Arktika, Yaxın Şərq, hətta Çin məsələsində də ABŞ Moskva ilə müəyyən “qırmızı xətləri” razılaşdırmaq istəyir. Amma risq var. Əgər Avropa hiss etsə ki, ABŞ onu yalnız “təzyiq aləti” kimi istifadə edir və sonunda Putinlə ikili sövdələşməyə gedir, bu, transatlantik münasibətlərdə ciddi böhrana səbəb olar. Bu səbəbdən Vaşinqton çox açıq şəkildə belə addım ata bilmir. Ona görə də ABŞ diplomatiyada “kollektiv qərar” görüntüsünü qoruyur.
Alternativ ssenari
ABŞ-ın əsas məqsədi ola bilər ki, Rusiya ilə “tam alver”dən çox uzunmüddətli zəiflətmə strategiyası güdsün. Yəni Rusiya iqtisadiyyatını davamlı zəiflədib onu Çin qarşısında daha asılı vəziyyətə salmaq, eyni zamanda, Avropanı ABŞ-a daha sıx bağlamaq. Bu, Vaşinqton üçün həm iqtisadi, həm də geosiyasi cəhətdən ikiqat qazancdır.
Yəni "ABŞ Avropanın əli ilə Rusiyanı sıxır, sonra təklikdə Putinlə alver edir" ssenarisi nəzəri olaraq mümkündür, amma praktikada ABŞ daha çox “uzunmüddətli zəiflətmə” strategiyasına üstünlük verir. Çünki Rusiyanı müvəqqəti güzəştlə deyil, davamlı zəiflətmək həm Avropa üzərində, həm də Çin qarşısında Trampın əlini gücləndirmiş olur.
Akif NƏSİRLİ