AZ

Türkiyədə daxili gərginlik hər gün artır...


Məlum olduğu kimi, Türkiyə hökuməti Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul ofisinin qarşısını blokadaya alıb. CHP İstanbul Gənclik Qolunun çağırışının ardından partiyanın İstanbuldakı Baş Qərargahının qarşısında gərgin anlar yaşanıb. Əraziyə çoxlu sayda çevik qüvvət qrupları göndərilib, polis qərargahı mühasirəyə alaraq ora gedən yolları bağlayıb. CHP rəsmiləri ilə polis arasında mübahisə düşüb.

Ümumilikdə, Türkiyədə ana müxalifət partiyası ilə hakimiyyət arasında mövcud ziddiyətlərin getdikcə kəskinləşməsi nə vəd edir? Dünyanın Türkiyədə baş verənlərə reaksiyası necə ola bilər? Belə vəziyyət türk dövlətləri arasında münasibətlərə, türk dövlətlərinin siyasi inkişafına necə təsir göstərə bilər?

Məhəmməd Əsədullazadə: “Baş verənlər Türkiyənin milli təhlükəsizliyinə təhdid yaratmayacaq”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin fikrincə, qardaş ölkədə baş verənlər Türkiyənin daxili işidir: “Türkiyədə hər zaman müxalifətlə hakim partiya arasında müəyyən fikir ayrılıqları olub. Ancaq xarici siyasətdə, dövlətin milli təhlükəsizliyi ilə bağlı məsələlərdə daim CHP və AKP bir yerdə olub. Yəni milli təhlükəsizliklə bağlı məsələlərdə hakim partiya ilə müxalifət bir yerdə olub. Sadəcə, bu gün baş verənlər tərəflər arasında siyasi intiriqadır, hakimiyyət uğrunda mübarizədir. Təbii ki, bütün hallarda Azərbaycan türk xalqının seçiminə hörmətlə yanaşır. Baş verənləri biz Türkiyənin daxili işi hesab edirik. Türkiyə bizə dost və qardaş ölkədir. Türkiyədə sabitlik təkcə bu ölkəyə yox, regiona və dünyaya töhfə verir. Fikrimcə, baş verənlər Türkiyənin milli təhlükəsizliyinə təhdid yaratmayacaq. Çox lokal bir məsələdir və proseslər sadəcə CHP daxilində olan intiriqalardan qaynaqlanır və öz yerinə oturacaq. CHP bələdiyyələrində korrupsiya halları mövcuddur və bununla bağlı istintaq prosesi gedir. O baxımdan ölkə üçün hər hansı ciddi problem görmürəm”.

Qabil Hüseynli: “Bu, siyasi münasibətlər sistemində yaranan ciddi çatların göstəricisidir”

Politoloq Qabil Hüseynli isə məsələyə bir qədər fərqli prizmadan yanaşır: “Hadisə təkcə bir hüquq-mühafizə əməliyyatı deyil, həm də siyasi münasibətlər sistemində yaranan ciddi çatların göstəricisidir. CHP Türkiyənin ana müxalifət partiyası olmaqla yanaşı, respublikanın qurucu ideologiyasını təmsil edən ən köklü siyasi təşkilatdır. Buna görə də hadisəyə sadəcə “təhlükəsizlik tədbiri” kimi baxmaq mümkün deyil. Bu cür sərt addımlar, xüsusilə də müxalifətin güclü olduğu İstanbul kimi bir mərkəzdə baş verirsə, artıq siyasi güc nümayişidir. Mesaj aydındır: hakimiyyət CHP-yə qarşı daha sərt davranmaq niyyətindədir və buna cəmiyyətin reaksiyasını yoxlayır”.

Vidadi ORDAHALLI

Seçilən
31
baki-xeber.com

1Mənbələr