Hurriyyet portalından verilən məlumata əsasən, ain.az bildirir.
Belə anlaşılır ki, Cənubi Qafqaz, Xəzəryanı və Orta Asiya regionları yaxın onillikdə dünya nəhənglərinin toqquşduğu əsas coğrafi areal olacaq... Enerji resursları, iqtisadi-ticari dəhlizlər, regional hərbi ittifaqlar və geopolitik manevrlər bu geniş coğrafiyanın gələcək taleyinin müəyyən olunmasında əsas strateji faktorlara çevriləcək...
Ukrayna savaşının mövcud nəticələri qlobal məkanda dünya nəhəngləri arasında amansız rəqabətin inkişaf istiqamətlərini də artıq dəyişməyə başlayıb. Belə ki, Rusiya bundan sonra ABŞ və Qərb üçün həmişə qlobal hədəf olaraq, qalacaq. Bu proses Rusiyanın tamamilə zəifləyərək, öz sərhədləri daxilinə qapadılmasına qədər davam edəcək. Və son nəticədə böyük ehtimalla Rusiya dünya nəhəngləri sırasında sahib olduğu yeri tamamilə itirməsi ilə barışmaq məcburiyyətində qalacaq.
Onu da qeyd etmək lazımdır ki, belə qənaətə gəlmək üçün kifayət qədər ciddi geopolitik səbəblər mövcuddur. Çünki Rusiyanın əsas problemi yalnız Ukraynada "savaş bataqlığı"na salınması ilə məhdudlaşmır. Son illərdə Rusiyanın qərb sərhədləri tamamilə NATO-nun nəzarəti altına keçib. İsveç və Finlandiyanın NATO üzvlüyündən sonra Baltik dənizi də indi bu hərbi-siyasi alyansın nəzarətindədir. Və belə davam edərsə, Rusiyanın əsas dəniz çıxışları tamamilə qapadılmış olacaq.
Maraqlıdır ki, indi Rusiya sərhədlərinin nəzarətə götürülməsi prosesi cənub istiqamətinə doğru yönəltməyə başlayıb. Belə ki, Cənubi Qafqaz, Xəzəryanı və Orta Asiyanın regionları hazırda dünya nəhəngləri arasında amansız rəqabətin yeni poliqonuna çevrilmək üzrədir. Və bu baxımdan, Kreml üçün Rusiya sərhədləri ətrafında NATO mühasirə qövsümün qurulması ilə bağlı prosesə müqavimət göstərmək o qədər də asan olmayacaq.
Məsələ ondadır ki, Cənubi Qafqaz, Xəzəryanı və Orta Asiya regionları son illərdə dünya siyasətinin ən "qaynar nöqtələr"indən birinə çevrilməyə doğru irəliləyir. Hər halda, Ukrayna müharibəsi, enerji böhranı, Çinin “Bir Kəmər, Bir Yol” təşəbbüsü və Qərbin Avrasiya üzərində nəzarət planları bu geniş coğrafiyanı qlobal güclərin sərt rəqabət meydanına çevirməyə başlayıb. Və bu, qlobal təsir dairələrində güc balansının kəskin pozulması anlamı daşıyır.
Halbuki, Kreml uzun illər ərzində bu coğrafiyanı Rusiyanın “ənənəvi təsir zonası” hesab edirdi. Ancaq Ukrayna savaşında Rusiyanın hərbi və iqtisadi resurslarının tükənməsi Kremlin bu bölgələrdəki mövqeyini də ciddi şəkildə zəiflədib. Və Rusiyanın zəifləməsi ilə yaranmaqda olan bu boşluq isə həm ABŞ və Avropa Birliyinin, həm də Çinin həmin regionlarda fəallaşmasına münbit şərait yaradıb.
Maraqlıdır ki, formal da olsa, Rusiyanın tərəfdaşı hesab edilən Çin artıq Orta Asiyada iqtisadi yatırımları ilə nüfuz qazanmağa başlayıb. Rəsmi Pekin buna paralel olaraq, həm də Çinin Xəzəryanı region üzərindən Avropaya çıxış yollarını möhkəmləndirir. ABŞ və Avropa Birliyi isə Rusiyanın geopolitik təsirini zəiflətmək, enerji marşrutlarını diversifikasiya etmək üçün Cənubi Qafqaz, eləcə də Orta Asiya dövlətləri ilə yaxınlaşır.
Təbii ki, bu proses həm də enerji və dəhlizlər uğrunda geostrateji mübarizənin tərkib hissəsi sayıla bilər. Çünki bu coğrafiyanın əsas geostrateji əhəmiyyəti ilk növbədə enerji resursları və nəqliyyat-kommunikasiya marşrutları ilə birbaşa bağlıdır. Bakı-Tbilisi-Ceyhan əsas boru kəməri, Cənub Qaz Dəhlizi, Transxəzər layihələri, eləcə də gündəmdə olan Zəngəzur dəhlizi həm ABŞ və Qərbin, həm də Çinin maraqlarını üçün cəlbedici xarakter daşıyır.
Ancaq Rusiya və İran bütün bu perspektivli geoiqtisadi layihələrə öz geostrateji maraqlarına qarşı olduqca ciddi risk kimi yanaşır. Çünki həm Rusiyada, həm də İranda artıq anlayırlar ki, Avropanı Asiya ilə birləşdirən bu önəmli dəhlizləri öz nəzarəti altında saxlayanlar, məhz Avrasiyanın enerji və ticarət xəritəsini də formalaşdırmaq hüququ qazanacaqlar. Və bu baxımdan, Rusiyanın cənub sərhədlərində artıq startı verilmiş kəskin rəqabətin zəfər qənimətləri əvəzolunmaz məzmun daşıya bilər.
Ancaq Cənubi Qafqaz, Xəzəryanı və Orta Asiya regionları üçün əsas təhlükə mənbəyi odur ki, dünya nəhəngləri arasında geopolitik və enerji rəqabətinin hərbi-siyasi yükü də mövcuddur. Belə ki, Kreml KTMT və öz hərbi bazaları ilə hər üç bölgədə Rusiyanın mövcudluğunu qorumaq niyyətindədir. ABŞ və NATO isə Gürcüstanla əməkdaşlığı genişləndirməyə çalışır, Zəngəzur dəhlizinə söykənərək, Ermənistanla yeni perspektivlər açmağa can atır.
Digər tərəfdən, Türkiyə həm NATO üzvü, həm də Türk Dövlətləri Təşkilatının avanqard hərbi-siyasi güc mərkəzi kimi bu rəqabətə ciddi şəkildə daxil olub. Və Türkiyənin Azərbaycanla hərbi-strateji müttəfiqliyi rəsmi Ankaraya geniş manevr imkanları açır. Bütün bunlar onu göstərir ki, Cənubi Qafqazda və Xəzər hövzəsində hərbi qarşıdurma riskləri tamamilə istisna edilə bilməz. Xüsusilə də, bu baxımdan, Azərbaycan-Ermənistan münasibətləri və Xəzər dənizində hərbi güc balansı böyük önəm daşıyır.
Təbii ki, bu üç Rusiya ilə həmsərhəd regionda intensivləşməkdə olan qlobal rəqabət bölgə dövlətlərinin ölkədaxili siyasətlərinə də birbaşa və ya dolayısı ilə təsir göstərir. Yəni, indi supergüclərin kəskinləşməkdə olan rəqabəti region ölkələrinin daxili siyasi prioritetlərini də müəyyənləşdirə bilər. Və region dövlətlərinin son davranışları da bu reallığı açıq-aşkar ifadə edir.
Belə ki, Ermənistan hələlik Rusiyadan uzaqlaşaraq, Qərbə meyillənməkdə davam edir. Qazaxıstan mümkün qədər balanslı siyasət yürüdür. Azərbaycan isə enerji və dəhliz diplomatiyası ilə davamlı manevrlər edir. Türkmənistan neytral qalmağa çalışır. Özbəkistan isə açıq iqtisadi kursla ən azından Orta Asiyada regional liderliyə can atır. Və bu proseslər hansısa taleyüklü mərhələdə siyasi transformasiyaları, hətta radikal geopolitik addımları belə, qaçılmaz edə bilər.
Onu da qeyd etmək lazımdır ki, hazırda Rusiyanın cənub sərhədlərində cərəyan edən proseslərin olduqca önəmli qlobal nəticələrinin olacağı qətiyyən şübhə doğurmur. Belə ki, əgər, Zəngəzur dəhlizinin açılması ilə Orta Dəhliz uğurla işləsə, Rusiya və İranın hər üç regionda strateji mövqeləri ciddi şəkildə zəifləyəcək, Qərbin isə bütövlükdə Avrasiya üzərində təsiri güclənəcək. Əks halda, bu, Kreml və rəsmi Pekin arasında əməkdaşlığı daha da gücləndirərək, Qərbin planlarını iflasa uğrada bilər.
Belə anlaşılır ki, Cənubi Qafqaz, Xəzəryanı və Orta Asiya yaxın onillikdə dünya nəhənglərinin toqquşduğu əsas coğrafi areal olacaq. Enerji, dəhlizlər, hərbi ittifaqlar və siyasi manevrlər bu coğrafiyanın taleyini müəyyənləşdirəcək. Region ölkələrinin gələcəyi isə onların nə dərəcədə müstəqil və çevik xarici siyasət yürütməsindən asılı olacaq. Və hələlik görünən odur ki, Qərb Kremlin qorxduğunu Rusiyanın başına gətirməyə, Rusiyanın cənub sərhədlərində NATO-nun yerləşməsinə geniş imkanlar açmağa çalışır.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.