AZ

Putinin İşgəncələrə qarşı Konvensiyadan çıxışı Avropanı "sarsıdacaq"?..


Çingiz Qənizadə: “...Beynəlxalq konvensiyadan çıxmaq Rusiyanın cılızlığının və zəifliyinin əlamətidir”

Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasının müzakirəsinə "İşgəncənin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması haqqında" Avropa Konvensiyasının ləğvi barədə qanun layihəsi təqdim edib. Bu barədə TASS Dumanın elektron məlumat bazasına istinadən xəbər yayıb.

Bu sənəd Avropa Şurasının üzvləri tərəfindən 1987-ci il noyabrın 26-da qəbul edilib, Rusiya konvensiyanı 1996-cı ildə imzalayıb, ölkə ərazisində iki il sonra qüvvəyə minib.

Rusiya İşgəncələr əleyhinə Konvensiyadan niyə çıxır? Bunun Avropaya nə ziyanı, nə xeyri var? Putin bununla Qərbə nə ziyan vuracağını düşünür?

Putin ayrı bir şey tapa, Avropaya sanksiya tətbiq edə bilmir, Avropa Konvensiyasının qoşulduğu o müddəasından imtina etməklə, guya Avropaya cavab verir”

Sabiq deputat Çingiz Qənizadə “Bakı-Xəbər”ə bildirdi ki, Avropa dəyərlərinə, Avropa qanunlarına üstünlük verən ölkələr Avropa Konvensiyası ilə bağlı qəbul olunmuş konvensiyaları öz ölkələrində ratifikasiya etdikdən sonra buna əməl edirlər. “Hazırkı durumda Rusiya Avropa Şurasından təcrid olunub, Avropa İttifaqı, ABŞ tərəfindən sanksiyalar altındadır, işğalçı müharibə aparır. Çoxsaylı insanların məhv edilməsi, əsirlər üzərində işgəncələrin həyata keçirilməsi, öz ölkəsində korrupsiya və rüşvətin tüğyan etməsi onu göstərir ki, Rusiyada hər hansı bir beynəlxalq konvensiya, xüsusilə insan hüquq və azadlıqlarına, işgəncələrə qarşı konvensiyalar işləmir. Amma Putinin bu addımı nəyə görə atdığı maraqlıdır. Mən qanun layihəsini tam görməmişəm, amma belə hesab edirəm ki, Avropa İttifaqının təzyiqləri nəticəsində çətin duruma düşən Rusiya qoşulduğu bəzi beynəlxalq konvensiyalardan indidən çıxmağı üstün tutur. Necə olur ki, 1987-ci il noyabrın 26-da Avropa Şurası tərəfindən qəbul olunmuş bu konvensiyaya Rusiya 1996-cı ildə qoşulub və 2025-ci ildə bu konvensiyadan çıxır? Əslində, görünən budur ki, onlar insan hüquq və azadlıqlarına hörmət etmək istiqamətində artan xətlə hərəkət etməli olduqları halda bunun əksini ortaya qoyurlar”.

Ç.Qənizadə qeyd etdi ki, Rusiyada bu illər ərzində bu işgəncələrə və qeyri-insani və ləyaqəti alçaldan hərəkətlərə münasibətdə müsbət formada irəliləyiş əldə edilməkdənsə, bu məsələdə geriləmə müşahidə olunub. “Və Putin də ayrı bir şey tapa, Avropaya sanksiya tətbiq edə bilmir, Avropa Konvensiyasının qoşulduğu o müddəasından imtina etməklə, guya Avropaya belə bir cavab verir. Rusiyanın hazırkı acınacaqlı durumu, həm beynəlxalq təcrid, həm sanksiyalar, həm müharibə Rusiyanın imperialist düşüncəli siyasi dairələrinin günahıdır. Hesab edirəm, zaman gələcək, onların hərəkətlərinə Rusiya xalqı özü qiymət verəcək, Avropa qapıları rus xalqı üçün açılacaq və Rusiya ilə Avropa arasında normal əməkdaşlıq, tərəfdaşlıq hökm sürəcək. Təəssüf ki, Putin hakimiyyətinin öz xalqına ən böyük “xidməti” rus xalqını dünyada Rusiyafobiya vəziyyətinə gətirməkdən ibarət oldu, qan gətirdi, rüşvət gətirdi, korrupsiya gətirdi. Bu baxımdan da Rusiya xalqı kimi və necə seçdiklərini, kimə səs verdiklərini həmişə düşünməlidir. Niyə Putin kimi bir adam hakimiyyətə gəldi? Bu məsələnin günahı Rusiya xalqının özündədir. Əgər seçkilər saxtalaşdırılırdısa, onda Dumada oturan digər müxalif partiyalar hara baxırdılar? Yəni bu, Rusiyanın daxili işidir, amma beynəlxalq konvensiyadan çıxmaq Rusiyanın cılızlığının və zəifliyinin bir əlamətidir”-deyə Ç.Qənizadə qeyd etdi.

İradə SARIYEVA

Seçilən
77
baki-xeber.com

1Mənbələr