AZ

Son anda Ermənistan referendumu poza bilər - fürsət pəncərəsi heç də həmişə açıq olmayacaq


“Ermənistan və Azərbaycan sülh sazişinin mətnini yekunlaşdırıb, lakin Bakı, Ermənistan konstitusiyasını dəyişməsə, onu imzalamayacağını deyir. İrəvan yeni nizamnamə layihəsini hazırlayır, lakin erməni seçicilər referendumda ondan imtina edə bilər və bu, razılaşmanı poza bilər”. Bu fikirlər Beynəlxalq Böhran Qrupunun Azərbaycan və Ermənistan arasında sülh prosesi ilə bağlı təhlilində yer alıb.

Qrupun təhlilinə görə, xarici tərəfdaşlar imzalanacaq sövdələşmə üçün stimullar təmin etməlidir, o cümlədən sərhədlər açıldıqdan sonra lazım olacaq nəqliyyat infrastrukturuna sərmayə qoymalıdır: “Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair saziş davamlı sülhə zəmanət verməsə də, bu, hər iki tərəfə onun faydalarından istifadə etməyə imkan verəcək. Amma fürsət pəncərəsi həmişəlik açıq olmayacaq.

Azərbaycan üçün Ermənistanda referendumun nəticəsinin gözlənilməzliyini nəzərə alsaq, vəziyyət heç də asan deyil. Bakı güclü mövqedən həm danışıqların daxilində, həm də xaricində Ermənistana konkret tələb irəli sürür. Bu, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasının aradan qaldırlmasıdır. İrəvan konstitusiya dəyişikliyinə hazır olduğuna eyham vurur, lakin yeni konstitusiya üzrə referendumun ilkin planlaşdırıldığı 2026-cı ildən əvvəl keçirmək istəmir. Bu məsələ baş nazir Nikol Paşinyanın təkbaşına edə bilməyəcəyi bir güzəştdir: seçicilər bunu təsdiqləməlidir. Əslində, hökumət 2020 və 2023-cü illərdəki məğlubiyyətlərin travmasının hələ təzə olduğu bir vaxtda vətəndaşlardan ölkənin məğlubiyyətini təsdiqləməyi xahiş edəcək. Paşinyan həm də özü haqqında təsəvvürləri yenidən formalaşdırmağa çalışır: son iki ildə o, çıxışlar, sosial media kampaniyaları və milli simvolların dəyişdirilməsi ilə qondarma olan və “real Ermənistan” haqqında yeni “milli hekayə” qurmağa çalışır. Bu, məsələn, artıq Ağrı dağına “itirilmiş torpaqlar” kimi baxmamaq və Qarabağdan imtina etmək deməkdir.

Bu səylər “tarixi Ermənistan” konsepsiyasına əsaslanan əvvəlki hökumətlərin (və indiki müxalifətin) ideologiyasına qarşı duraraq daxili siyasi xarakter daşıyır. Paşinyan erməni diasporunda onun kompromis siyasətini tənqid edən qruplara da məhəl qoymayıb.

Sülh perspektivləri də yeni düşmənçilik qorxusu ilə qaranlıqdır. Bir çox ermənilər Azərbaycanın hərbi üstünlüyündən Ermənistan ərazisini güc yolu ilə ələ keçirmək üçün istifadə edəcəyindən ehtiyat edirlər. Amma Azərbaycan belə bir niyyətinin olmadığını bəyan edib. Zəngəzur dəhlizi layihəsi də ermənilərin narahatlığının mərkəzindədir.

Ermənistan və Azərbaycan daha böyük sülhə və Vaşinqtonla əlaqələr qurmaq fürsətinə ümid edərək yeni Tramp administrasiyasını səbrsizliklə gözləyirdilər. “Tramp marşrutu” adlandırılan nəqliyyat sazişi qeyri-müəyyən olaraq qalır, lakin görünür, Zəngəzur dəhlizi üzərində ermənilər üçün ən pis ssenarini istisna edir. Ağ Evin danışıqlara gözlənilməz müdaxiləsi hər iki tərəfə ümid yaratdı ki, Birləşmiş Ştatlar onların maraqlarını nəzərə alır və bu, gərginliyi azaltmalıdır. Bununla belə, kövrək sakitlik diplomatik proses dalana dirənərsə, yerini asanlıqla yenidən gərginliyə verə bilər. Müqavilə bir sıra əsas məsələləri həll olunmamış qoyur: gömrük yoxlamalarını kim və necə aparacaq, təhlükəsizliyin necə təmin ediləcəyi bura daxildir.

Referendumun vaxtından asılı olmayaraq, bu, ciddi risqlər daşıyır. Hakimiyyət orqanlarının konstitusiya dəyişikliklərinin idarəçiliyin modernləşdirilməsi üçün daxili ehtiyaclar tərəfindən diqtə edildiyi barədə bəyanatlarına baxmayaraq, Ermənistanda bir çox analitiklər əmindir ki, seçicilər prosesi Azərbaycanın təzyiqinin nəticəsi kimi qəbul edirlər. Paşinyan dəstək almağa ümid edir, lakin onun siyasi kapitalı getdikcə azalır: “Vətəndaş müqaviləsi” partiyası apreldə keçirilən yerli seçkilərdə uduzdu, bir çoxları bunu milli seçkilər öncəsi xəbərdarlıq kimi qiymətləndirdi. Paşinyan Ermənistanda ən çox axtarılan siyasətçi olaraq qalırsa, bu, daha çox cəlbedici alternativlərin olmaması ilə bağlıdır. Azərbaycan siyasətçiləri sülh istədiklərini deyirlər, lakin onsuz da keçinə biləcəklərini deyirlər. Axı Azərbaycan ötən onilliklərdə qarşıya qoyduğu əsas strateji hədəfə artıq nail olub. Avqust ayında ABŞ-ın vasitəçiliyi ilə imzalanan razılaşma Vaşinqtona danışıqlar üçün müəyyən məsuliyyət verdi. Lakin ABŞ və Donald Trampın şəxsən uzun müddət vasitəçilikdə maraqlı olacağına şübhələr qalmaqdadır. Eyni zamanda, amerikalı siyasətçilər üçün geosiyasi rəqibləri – Rusiya və yaxud İranı zəiflətmək cəhdi kimi görünə biləcək ritorikadan çəkinmələri vacibdir ki, bu, onların müqavimətinə səbəb olmasın”. Bu arada isə Azərbaycan prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “I24 News” telekanalına müsahibəsində qeyd edir ki, Vaşinqtonda avqustun 8-də ABŞ prezidenti Donald Trampın iştirakı ilə sülh sazişinin paraflanması Qafqaz regionu üçün onilliklər boyu davam edən düşmənçilik və qanlı münaqişələrdən sonra tarixi bir mərhələdir. O bildirib ki, bu saziş iki ölkə arasındakı münasibətlərin normallaşmasında çox önəmli bir irəliləyişdir: “Hazırda bu irəliləyiş sadəcə sazişin paraflanmasıdır, yəni yekun imzalanma deyil. Daha irəli getmək üçün Ermənistanın konkret addımlar atması, xüsusən də Azərbaycan əleyhinə ərazi iddialarını aradan qaldırmaq məqsədilə konstitusiyasını dəyişdirməsi lazımdır”. Diplomat ABŞ prezidenti Donald Trampın şəxsi iştirakı və diplomatik çəkisinin bu nəticənin əldə olunmasında həlledici olduğunu vurğulayıb: “Ümid edirəm ki, bu proses Qafqazda əməkdaşlıq, sabitlik və iqtisadi tərəqqi üzərində qurulmuş yeni bir dövr açacaq”.

Samirə SƏFƏROVA

Seçilən
52
baki-xeber.com

1Mənbələr