AZ

Rayonlarımızın birində 40 min, digərində cəmi 2-3 min işləyən var - bu qədər uyğunsuzluğun kökləri...


Natiq Cəfərli: “Muzdlu işçilərin Bakı və Abşeronda üstünlük təşkil etməsinin qarşısı alınmalıdır”

Bu il iyulun 1-i vəziyyətinə Azərbaycanda muzdlu çalışan işçilərin sayı açıqlanıb. Muzdla çalışan işçilərin sayına görə rayonların və şəhərlərin bölgüsü üzrə renkinq təqdim edilib. Sıralamaya görə, muzdla çalışan işçilərin sayına görə ilk yerdə 979,5 min nəfərlə Bakı şəhəri qərarlaşıb. Daha sonra 63 min nəfərlə Sumqayıt, 50,2 min nəfərlə Abşeron, 45,1 Gəncə şəhəri yer alıb.

Muzdla çalışan işçilərin sayının ən az olduğu rayonlara gəldikdə isə, bu, 3,2 min nəfərlə Naftalan, 2,7 min nəfərlə Şahbuz, 2,6 min nəfərlə Kəngərli rayonlarıdır.

Ölkədə regionlar arasında bu qədər fərqin olması nə ilə bağlıdır?

“Regionlarda iqtisadi fürsətlərin artırılmasına ehtiyac var, daha çox təşviq proqramları həyata keçirilməlidir ki, rayon sakinləri Bakı və Abşeronda yaşamağa deyil…”

Iqtisadçı Natiq Cəfərli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycanın bütün iqtisadi, inzibati fürsətləri Bakı və Abşerona toplaşıb: “Bakı, Sumqayıt, Abşeron, demək olar ki, bir ərazi sayılır. Muzdlu işçilərin Bakı və Abşeronda üstünlük təşkil etməsinin qarşısı alınmalıdır. Bu problemin həlli üçün iqtisadi və inzibati həll yolları tapılmalıdır. Inzibati həll yolu deyiləndə, Bakının yükünün azaldılması üçün bəzi dövlət idarələri, qurumlar paytaxt ərazisindən köçürülməlidir. Məsələn, Kənd Təsərrüfatı Nazirliyi, Ali və Konstitusiya Məhkəməsinin Bakıdan köçürülməsi regionlarda çalışacaq muzdlu işçilərin sayına təsir edər. İqtisadi addımlara gəldikdə isə, bildirim ki, regionlarda iqtisadi fürsətlərin artırılmasına ehtiyac var. Daha çox təşviq proqramları həyata keçirilməlidir ki, rayon sakinləri Bakı və Abşeronda yaşamağa deyil, geriyə qayıtmağa üstünlük versinlər. Azərbaycanda regionların sosial-iqtisadi inkişafı və paytaxtla bölgələr arasındakı fərqin minimuma endirilməsi hökumətin həyata keçirdiyi iqtisadi siyasətin əsas hədəflərindən biridir. Son zamanlar regionlarda ciddi infrastruktur layihələri həyata keçirilib. Eyni zamanda, bölgələrə sərmayələrin cəlb olunması və biznes mühitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Hazırda növbəti mərhələdə əsas hədəflərdən biri regionlara daha çox yerli və xarici sərmayənin cəlb olunmasıdır”.

Günel CƏLİLOVA

Seçilən
17
baki-xeber.com

1Mənbələr