AZ

1989-un avqustunda Şahbuzun obalarına quldur erməni basqınlarının detalları açılır...


Bəhruz Quliyev: “Xüsusilə Biçənək və Şada kəndləri dəfələrlə hücuma məruz qaldı, bir neçə evə basqın edildi, ailələr ziyan gördü, əhali arasında xəsarət alanlar, ölənlər oldu”

Ağır hərbi cinayətlərdə ittiham edilən erməni əsilli şəxslərlə bağlı keçirilən məhkəmə prosesində elə faktlar açılır ki, indiyə qədər geniş ictimaiyyətin ondan xəbəri olmayıb. Ermənistan hələ SSRİ dağılmazdan əvvəl Azərbaycana qarşı əsassız ərazi iddialarını ortaya qoydu və ərazilərimizə qarşı müxtəlif istiqamətlərdə təcavüz aktları həyata keçirdi. 1988-ci ildən başlayaraq Qarabağda, Naxçıvanda, Qazaxda və digər ərazilərimizdə ermənilər faciəvi hadisələr törədiblər.

Bütün bu hadisələrin gizlin qalan məqamları məhkəmə prosesində açılır.

Bildirək ki, sentyabrın 8-də Bakı Hərbi Məhkəməsində məhkəmə prosesi sənədlərin tədqiqi ilə davam etdirilib və bildirilib ki, elan ediləcək sənədlər epizodlar üzrə tədqiq olunacaq.

Məhkəmədə bir sıra sənədlər üzrə faktlara baxılıb, o cümlədən də 1988-ci il noyabrın 22-də Şərur rayon sakinlərinin xəsarət alması, Sədərək rayonuna silahlı basqın edilməsi nəticəsində 3 nəfərin xəsarət alması, Şərur rayon Su qovşağı istismarı idarəsinin yandırılması faktları nəzərdən keçirilib. Burda diqqət çəkən məsələlərdən biri Şahbuz rayonunda törədilən erməni cinayətləri ilə bağlı olub ki, bu haqda ciddi araşdırmaların aparılacağı bildirilib.

Belə ki, məhkəmə prosesində məlum olub ki, ermənilər 1989-cu il avqustun 10-da Şahbuz rayonunda obalara basqın ediblər.

Şahbuz rayonunda ermənilərin törətdiyi cinayət əməllərinin detalları açılır.

Əslən Şahbuzdan olan ziyalılar qeyd edirlər ki, keçən əsrin 80-ci illərinin sonlarına yaxın ermənilər Naxçıvanın bir neçə rayonunda da cinayətlər törədib. O vaxt Şərur, Sədərək və Şahbuzda ermənilər kiçik təxribatlar törətməyə başladı, su idarəsini partlatdılar, Sədərəkdə üç nəfərə silahlı basqın etdilər, yollara partlayıcı maddələr düzüb kiçik teraktlar, diversiya aktları həyata keçirdilər, neçə nəfər yaralanan və ölənlər oldu. Ermənilər eyni zamanda Şahbuzda da teraktlar həyata keçiriblər.

“Çobanların yaylaqlardakı alaçıqları dağıdıldı, mal-qara talan edildi, kənd təsərrüfatı məhsulları yandırıldı”

“Bəli, 1988-1990-cı illər Azərbaycan tarixində həm faciələr, həm də qəhrəmanlıq salnaməsi kimi yadda qalıb. Ermənistanın silahlı dəstələri yalnız Qarabağda deyil, digər yerlərdə, o cümlədən həm də Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasına qarşı təxribatlar törədirdilər. Sərhəd bölgəsi olan Şahbuz rayonu isə bu hücumların ön xəttinə çevrilmişdi”.

Bu fikirləri “Bakı-Xəbər”ə açıqlamasında “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

Siyasi ekspert və o dövrün canlı şahidi B.Quliyev qeyd edib ki, 1989-cu il avqustun 10-da erməni silahlı dəstələrinin Şahbuz rayonunun obalarına hücumu baş verdi: “Çobanların yaylaqlardakı alaçıqları dağıdıldı, mal-qara talan edildi, kənd təsərrüfatı məhsulları yandırıldı. Bu hadisə təkcə maddi ziyanla yekunlaşmadı, həm də bölgədə yaşayan insanların psixoloji durumuna ağır təsir göstərdi. Ermənilər dinc əhalini qorxutmaqla onları ata-baba yurdlarından didərgin salmaq istəyirdilər.

Xüsusilə Biçənək və Şada kəndləri dəfələrlə hücuma məruz qaldı, bir neçə evə basqın edildi, ailələr ziyan gördü, əhali arasında xəsarət alanlar, ölənlər oldu. Məqsəd aydın idi ki, Naxçıvanı zəiflətmək, Azərbaycanın bu qədim torpağını təcrid vəziyyətinə salmaq.

O dövrün canlı şahidi olaraq vurğulamaq istəyirəm ki, Naxçıvanın müdafiəsi üçün yaranan könüllü qruplar heç bir hərbi silah və texnika ilə təmin olunmamışdı. Əhali əsasən ov tüfəngləri ilə kəndləri, yaylaqları qorumağa qalxmışdı. Hətta könüllülər kəndlərdə keçid məntəqələri, postlar quraraq həm yerli əhalini, həm də sərhəd boyu əraziləri erməni silahlılarının hücumlarından müdafiə etməyə çalışırdılar. Bu, xalqımızın öz gücünə, birliyinə arxalanaraq torpağını qoruma əzminin bariz nümunəsi idi.

Tarixi həqiqət ondan ibarətdir ki, Ermənistanın Naxçıvana qarşı bu təxribatları planlı şəkildə həyata keçirilmişdi. Lakin sadə kəndlilərimizin, çobanlarımızın iradəsi, könüllülərimizin cəsarəti düşmənin planlarını puç etdi. Onlar göstərdilər ki, xalqın birliyi və torpaq sevgisi hər cür silahdan və texnikadan güclüdür.

Bu gün həmin hadisələrə baxarkən bir daha anlayırıq ki, xalqımızın vətənə bağlılığı sayəsində Naxçıvan qorundu, Azərbaycanın bütövlüyü və gələcəyi təmin edildi" - deyə, şahid şərhçi əlavə edib.

İradə SARIYEVA

Seçilən
30
baki-xeber.com

1Mənbələr