Polşa sentyabrın 12-nə keçən gecə Belarusla sərhədini tamamilə bağlayacaq.
Bu barədə ölkənin Baş naziri Donald Task məlumat yayıb.
O iddia edir ki, buna sentyabrın 12-dən 16-dək Belarus ərazisində baş tutacaq Rusiya-Belarus hərbi “Qərb-2025” təlimləri səbəb olub.
Baş nazir sərhədin nə vaxt açılmasının nəzərdə tutulduğunu dəqiqləşdirməyib.
“Zerkalo” xatırladır ki, Belarus-Polşa sərhədində iki keçid məntəqəsi var – “Brest” (avtomobil sərnişin daşımaları üçün) və “Kozloviçi” (yüklər üçün). Belarus və Aİ ölkələri arasında sərnişin dəmir yolu nəqliyyatı 2020-ci ildə koronavirus pandemiyası səbəbindən dayandırılıb. O vaxtdan bəri bərpa olunmayıb. Bununla belə, yüklərin dəmir yolu ilə çatdırılması davam edir. Belarus Müdafiə Nazirliyi bildirib ki, təlimlərin məqsədi “Belarus və Rusiya Federasiyasının İttifaq dövlətinin hərbi təhlükəsizliyini təmin etmək imkanlarını və mümkün təcavüzü dəf etməyə hazırlığını yoxlamaq” olacaq. Təlimlər zamanı onlar nüvə silahı və “Oreşnik” raket sisteminin istifadəsini planlaşdırmağı məşq edəcəklər. \\Yeniavaz.com