
Nepalın paytaxtı Katmandu şəhərində ölkənin hökumət ofisinin yerləşdiyi Sinqa Durbar sarayı yanıb.
Yeniavaz.com xəbər verir ki, Nepalın “Online Khabar” nəşri tərəfindən yayımlanan videoya əsasən, bina demək olar ki, yanğın nəticəsində məhv olub.
1908-ci ildə tikilmiş saray “Z nəslinin etirazları” adlanan aksiyalar - hökumətin ən böyük sosial şəbəkələrin əksəriyyətini bloklamaq qərarına görə sentyabrın 8-də Nepalda başlayan mitinqlər və iğtişaşlar zamanı yandırılıb.
Etirazlar zamanı digər hökumət binalarına da hücum edilib - xüsusən də etirazçılar Nepal prezidentinin ofisinin yerləşdiyi Şital Nivas sarayını, parlament binasını və Ali Məhkəməni yandırıblar. Onlar indiki və keçmiş məmurların evlərinə də hücum ediblər. Nepalın keçmiş baş naziri Jala Nath Khanalın həyat yoldaşının evlərinin yandırılması nəticəsində öldüyü bildirilir.
İki gün ərzində iğtişaşlar və polislə toqquşmalar nəticəsində 21 etirazçı həlak olub, 400-dən çoxu yaralanıb. Hökumət sosial mediada bloku qaldırıb və baş nazir Key Pi Şarma Oli istefa verdi, lakin bu, etirazları dayandırmadı. Sentyabrın 9-da prezident Ram Çandra Paudelin istefası ilə bağlı xəbərlər yayılsa da, prezident aparatı onları yalan adlandırıb.