Sumqayıt Tibb Mərkəzinin nəzdindəki 2 nömrəli Şəhər Xəstəxanasında yeni Hemodializ şöbəsi istifadəyə verilib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov və aidiyyəti struktur bölmə rəhbərləri yeni qurulan şöbənin fəaliyyəti ilə tanış olublar.
Dializ zalı, osmos otağı, həkim otaqları və gözləmə zalı yerləşən şöbədə həkimlər, texniklər və tibb bacıları daxil olmaqla, ümumilikdə 34 nəfərlik tibbi heyət fəaliyyət göstərəcək.
Qeyd edək ki, Sumqayıt Tibb Mərkəzinin 1 nömrəli Şəhər Xəstəxanasında da Hemodializ şöbəsi fəaliyyət göstərir və 2014-cü ildən pasiyentlərin xidmətindədir.
Əlavə edək ki, hemodializ xroniki və kəskin böyrək çatışmazlığı olan xəstələrdə böyrəklərin fəaliyyətinin pozulması nəticəsində bədəndə toplanan zərərli maddələrin və mayenin xaric edilməsi üsuludur. Hemodializ böyrək köçürülməsi planlanan xəstələrdə əməliyyata qədər alternativ çıxış yoludur.



