AZ

Azərbaycan çoxtərəfliliyin tərəfdarıdır

Dövlət başçısı İlham Əliyev «İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə» adlı AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının iştirakçılarına müraciətində bir daha bildirdi ki, Qlobal Cənub ölkələri yeni ədalətli dünya nizamının formalaşdırılmasında yaxından iştirak etməli və bu işə öz töhfələrini verməlidirlər

Hər ay, hər həftə Azərbaycan bu və ya digər mövzuda beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi ilə diqqətdədir. Ölkəmizdə regional və qlobal əhəmiyyətli mötəbər tədbirlərin təşkili artıq ənənə halını alıb. Bu ilin iyul ayında Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünə ev sahibliyi edən Azərbaycan  oktyabr ayında  Türk Dövlətləri Təşkilatının üzvlərini bir araya gətirərək  Zirvə Görüşünün yüksək səviyyədə təşkili üçün mühüm addımlar atır. Gələn il isə  BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının və İslam Əməkdaşlıq Təşkilatının Zirvə toplantısının Azərbaycanda keçirilməsi nəzərdə tutulub. 2026-cı ildə, həmçinin Azərbaycanın sədrliyi ilə  AQEM Zirvə toplantısının da keçirilməsi planlaşdırılır. Asiya qitəsinin 90 faizini əhatə edən və 28 üzv dövləti bir araya gətirən AQEM regionda etimadın gücləndirilməsi və ölkələrarası əməkdaşlığın inkişafı baxımından çox əhəmiyyətli bir təsisatdır. Azərbaycan AQEM-də 2024-2026-cı illər üzrə sədrliyinə böyük məsuliyyətlə yanaşır. Dövlətimizin başçısı İlham Əliyev ölkəmizdə keçirilən  «İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə» adlı AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının iştirakçılarına müraciətində vurğuladı ki, sədrliyimizin fəaliyyəti “Daha güclü AQEM, Asiyada bağlantılar, rəqəmsallaşma və dayanıqlı artım” mövzusu üzərində qurulur. Biz sədrliyimiz dövründə AQEM-in təşkilati baxımdan gücləndirilməsi, onun beynəlxalq təşkilat kimi təsisatlanması, yeni sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi və təsisatın beynəlxalq münasibətlər sistemində öz yerini möhkəmləndirməsini prioritet olaraq müəyyənləşdirmişik. Muüasir dünyada beyin mərkəzlərinin dövlətlərin və cəmiyyətlərin inkişafında rolu olduqca böyükdür. Onların müxtəlif sahələrdə apardığı araşdırmalar qlobal çağırışların – təhlükəsizlik, iqtisadiyyat, texnologiya və ekoloji problemlərin həlli üçün mühüm zəmin yaradır. Bununla da beyin mərkəzləri həm milli, həm də beynəlxalq səviyyədə qərarların daha səmərəli və düzgün qəbuluna öz töhfələrini verirlər. Bu baxımdan AQEM ölkələrinin beyin mərkəzlərinin əməkdaşlığı ölkələr və xalqlar arasında qarşılıqlı anlayışın güclənməsi və regional inteqrasiyanın dərinləşməsi üçün əlverişli perspektivlər açır.

Azərbaycan çoxtərəfliliyin tərəfdarıdır. Dövlət başçısı İlham Əliyev sözügedən müraciətində  bu mühüm məqamı xüsusi qeyd etdi ki, 2019-2023-cü illərdə Qoşulmama Hərəkatında uğurlu sədrliyi dövründə Azərbaycan Qlobal Cənub ölkələrinin üzləşdiyi ədalətsizliyə qarşı çıxış etmiş, Hərəkatın beynəlxalq müstəvidə mövqelərinin gücləndirilməsi istiqamətində çalışmışdır.

Azərbaycanın sədrliyi dövründə gördüyü işlərə, irəli sürdüyü təşəbbüslərə və təsisatın fəaliyyətinin genişləndirilməsi, beynəlxalq aləmdə nüfuzunun artması istiqamətində atdığı addımlara görə ölkəmizə etimadın göstəricisi kimi Hərəkata sədrliyimiz daha bir il uzadıldı. Qoşulmama Hərəkatı dünyada BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisatdır. Ölkəmizin Hərəkata sədrliyinin ilk illəri COVID-19 pandemiyası ilə əlaqədar dünyanı sarsıdan qlobal səhiyyə böhranı dövrünə təsadüf etsə də,  Azərbaycan özünün sədrlik gündəliyini çevik və effektiv şəkildə yeni reallığa uyğunlaşdırdı. Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatı pandemiya ilə mübarizədə qlobal lider rolunu öz üzərinə götürdü və dünya ictimaiyyətini bu təhdidlə mübarizədə səfərbər etdi. 2020-ci ilin mayında Hərəkatın COVID-19 ilə mübarizəyə həsr edilən liderlər səviyyəsində onlayn sammitinin keçirilməsi bu istiqamətdə atılmış ilk addımlardan biri idi. Sammitdə Prezident İlham Əliyev BMT Baş Assambleyasının pandemiya ilə mübarizəyə həsr edilən xüsusi sessiyasının keçirilməsini təklif etdi. Bu təklif 150-dən çox ölkə tərəfindən dəstəkləndi və 2020-ci ilin dekabrında xüsusi sessiya uğurla baş tutdu. Azərbaycanın Hərəkata sədrliyi dövründə həyata keçirdiyi ən önəmli fəaliyyətlərdən biri peyvənd millətçiliyinə qarşı mübarizə aparması oldu. Təsadüfi deyil ki, Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatı tərəfindən həm BMT İnsan Hüquqları Şurasında, həm də Baş Assambleyada “COVID-19 pandemiyası ilə mübarizədə bütün ölkələr üçün peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi”nə dair qətnamələr qəbul edildi. Qlobal səhiyyə böhranı dövründə Azərbaycan özü də pandemiya ilə mübarizədə olmasına, Vətən müharibəsi aparmasına baxmayaraq, ehtiyacı olan digər dövlətləri də unutmadı. Azərbaycan əksəriyyəti Qoşulmama Hərəkatının üzvləri olmaqla, 80-dən çox ölkəyə koronavirusla bağlı maliyyə və humanitar yardım göstərdi. Təbii ki, bu, ölkəmizin Hərəkatın sədri kimi məsuliyyətinin və bəşəri dəyərlərə verdiyi önəmin göstəricisidir.

Hələ 2019-cu ildə ölkəmiz Qoşulmama Hərəkatının sammitinə uğurla ev sahibliyi etdiyi tədbirdə Prezident İlham Əliyev Azərbaycanın öz sədrliyi dövründə beynəlxalq hüququ və ədaləti müdafiə edəcəyini, fəaliyyətini tarixi “Bandunq prinsipləri” üzərində quracağını bəyan etmişdi. Sədrliyi dövründə ölkəmiz Hərəkat üzvlərinin ədalətli mövqeyini beynəlxalq müstəvidə müdafiə etmək üçün öz səylərini əsirgəmədi. Məhz həmin sammitdə dövlətimizin başçısı qeyd etmişdi ki, Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi zamanı digər təsisatlarla dialoqun qurulması və inkişaf etdirilməsi, əməkdaşlığın coğrafiyasının genişləndirilməsi üçün səylər göstərəcək. Hərəkata sədrliyimiz dövründə bu istiqamətlərdə ciddi addımlar atıldı.

Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi vurğuladığı məsələlərdən biri də neokolonializmlə mübarizə məsələsi oldu.  Dövlətimizin başçısı Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırdı. Beləliklə, məhz Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının beynəlxalq aləmdə nüfuzu daha da yüksəldi, onun beynəlxalq gündəlikdə duran qlobal məsələlərin həllində rolu daha da artdı. Prezident İlham Əliyevin sədrliyi ilə Hərəkat sürətlə dəyişən bugünkü dünyada öz mövqeyi və yeri olan mötəbər beynəlxalq təsisata çevrilib. Bu gün Qoşulmama Hərəkatı multilateralizm nümunəsi kimi qəbul edilir. Əslində, buna nail olmaq heç də asan deyil. Belə ki, Qoşulmama Hərəkatı fərqli etnik, dini, mədəni köklərə, siyasi quruluşlara malik və bəzən hətta bir-biri ilə kəskin münasibətdə olan 120 dövlətdən ibarətdir. Belə fərqli və mürəkkəb coğrafiyada birləşdirici, effektiv və nəticəyönümlü sədrlik etmək məhz Prezident İlham Əliyevin tarixi uğurudur. Azərbaycanın Qoşulmama Hərəkatına üzvlüyünün, daha sonra isə sədrliyinin ölkəmiz üçün böyük töhfələri oldu. 2012-ci ildə Azərbaycanın 155 ölkənin səsini əldə edərək BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsində QH ölkələrinin dəstəyi də öz rolunu oynamışdır. QH üzv ölkələri Azərbaycanın ədalətli mövqeyinə dəstək vermişdir. Xüsusilə bu dəstək Vətən müharibəsi dövründə hiss edildi. 2020-ci ildə BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı irəli sürülmüş bəyanatın qarşısı 7 Qoşulmama Hərəkatı ölkəsi tərəfindən inamla alınmışdır. Azərbaycanın ədalətli mövqeyinin QH ölkələri tərəfindən dəstəklənməsi onların bu məsələdə beynəlxalq hüquqa əsaslanmaları ilə yanaşı, eyni zamanda, etibarlı tərəfdaş olan və beynəlxalq aləmin məsuliyyətli və fəal üzvü olan Azərbaycanı dəstəkləmək istəyindən də qaynaqlanır.

Ötən il Azərbaycanın ev sahibliyi etdiyi COP29 iqlim konfransı da çoxtərəfliliyin təntənəsi kimi dəyərləndirildi. “Yaşıl dünya naminə həmrəylik” şüarını rəhbər tutan Azərbaycan bitərəf vasitəçi kimi çıxış edərək danışıqların qərəzsiz aparılması üçün bütün imkanları yaratdı. Bütün proses boyu biz inkişaf etməkdə olan ölkələrin, xüsusilə kiçik ada dövlətlərinin və ən az inkişaf etmiş dövlətlərin ehtiyaclarını nəzərə alan nəticə əldə etməyə çağırış etdik, çünki onlar iqlim dəyişmələrinin ağır yükünü daşıyırlar və ekzistensial təhlükə ilə üzləşirlər. Ölkəmiz, həmçinin müstəmləkə idarəçiliyi ilə daha da ağırlaşan ekoloji problemlərdən əziyyət çəkən xalqlar və regionlar ilə həmrəylik nümayiş etdirdi. Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün səylərini əsirgəmədi və bunun nəticəsində dünya tarixi Bakı nailiyyətinə şahid oldu. Bakı COP-da İtki və Zərər Fondu tam işlək vəziyyətə gətirildi. Həmçinin karbon bazarına dair çoxdan gözlənilən 6-cı maddənin tam işlək vəziyyətə gətirilməsinə nail olduq. Ən əsası, Bakı COP 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 300 milyard ABŞ dolları təmin etmək üçün qarşıya yeni qlobal məqsəd qoyan Yeni Kollektiv Kəmiyyət Məqsədinin (NCQG) şahidi oldu. Bu razılaşma inkişaf etməkdə olan ölkələrə iqlim dəyişmələrinin fəsadları ilə mübarizədə kömək edəcək.

Cənab İlham Əliyev müraciətdə onu da qeyd etdi ki, təqdirəlayiq haldır ki Qlobal Cənub QHT platformasının təsis konfransı bu il məhz Bakıda baş tutmuşdur. Eyni zamanda,  COP29-un sədri qismində Qlobal Cənub ölkələrinin iqlim gündəliyi ilə bağlı baxışlarının təşviqi, ən az inkişaf etmiş ölkələrin, xüsusilə də kiçik ada dövlətlərinin ehtiyaclarının təmin edilməsi prioritetlərimiz arasında yer almışdır. COP29-un uğurlu nəticələri “Bakı sıçrayışı” kimi tarixə düşdü.

Qlobal Cənubun tarixən üzləşdiyi ədalətsizliklərdən biri də Asiya və Afrika xalqlarının taleyində ağrılı izlər buraxmış müstəmləkəçilik siyasəti olmuşdur. Azərbaycan müasir dövrdə müstəmləkəçiliyin utancverici mirasının aradan qaldırılması və neokolonializm təzahürlərinin ifşa olunması sahəsində yeni bir mərhələnin başlanğıcını qoymuşdur. Cənab İlham Əliyev bu çağırışı edir ki, biz bu vacib məsələ ilə əlaqədar beynəlxalq həmrəyliyin səfərbər edilməsi yolunda səylərimizi bundan sonra da qətiyyətlə davam etdirəcəyik.

Onu da qeyd edək ki, dövlət başçısı İlham Əliyev ötən ilin fevralında keçirilən prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində  yeni dövrün hədəflərini açıqlayarkən bildirmişdir ki, bu yeni dövrdə xarici siyasət istiqamətində yeni üfüqlər açmalıyıq. Əgər əvvəlki dövrdə bizim xarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan münaqişəsinin həlli idisə, bu gün artıq bu məsələ demək olar ki, gündəlikdə durmur. Ona görə xarici siyasətimizin yeni istiqamətləri üstünlük təşkil etməlidir. Biz dünyanı narahat edən problemlərin həllində daha fəal olacağıq, o cümlədən iqlim dəyişikliyi ilə əlaqədar. Nəzərə alsaq ki, COP29-un ev sahibi və sədri olacağıq, eyni zamanda, dünyada islamofobiyaya qarşı mübarizədə ön sıralarda olmalıyıq. Neokolonializmə qarşı mübarizə aparan ölkələrin yanında olmalıyıq. Neokolonializmi və o eybəcər tarixdən qalan amili Yer üzündən tamamilə silmək üçün öz dəstəyimizi göstəririk və göstərəcəyik. Bunu neokolonializmin başında duranlar da bilsinlər ki, onlar əbəs yerə bizimlə soyuq savaşa çıxıblar. Biz geridə qalmayacağıq, biz heç vaxt müdafiə mövqeyində olmamışıq. Bizə qarşı atılan addımlara adekvat addım atacağıq və bizə qarşı məkrli planlar hazırlayanlar, əminəm ki, peşman olacaqlar.

Prezident İlham Əliyev «İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə» adlı AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının iştirakçılarına müraciətində onu da qeyd edir ki, Qlobal Cənub ölkələri yeni ədalətli dünya nizamının formalaşdırılmasında yaxından iştirak etməli və bu işə öz töhfələrini verməlidirlər. Bu xüsusda, BMT-də müvafiq islahatların aparılması, Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvləri sırasında Qlobal Cənub ölkələrinin təmsil olunmasının təmin edilməsi çox vacibdir. TŞ artıq günümüzün reallıqları ilə uzlaşmayan təsisata çevrilib. Azərbaycan vaxtilə işğal olunmuş torpaqlarının azad edilməsinə çağıran, lakin sadəcə kağız üzərində qalmış TŞ qətnamələrinin icrasını özü təmin etmiş bir ölkə kimi bunu çox gözəl anlayır.

Azərbaycan hər zaman BMT qətnamələrinin icrası üçün vahid mexanizmin müəyyənləşdirilməsini ən yüksək tribunalardan bəyan edib və edir. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etmişdir. Lakin həmin qətnamələr heç vaxt Ermənistan tərəfindən icra edilmədi.  Cənab İlham Əliyevin daim vurğuladığı kimi, biz Təhlükəsizlik Şurasının bəzi qətnamələrinin bir neçə gün ərzində icra edildiyinin şahidi olmuşuq. Azərbaycana gəldikdə isə həmin qətnamələr 27 il ərzində yerinə yetirilməmiş qaldı. Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə Ermənistanın əməl edəcəyinə dair heç bir ümid yox idi. Bütün bu illər ərzində Ermənistana qarşı heç bir təzyiq olmamış və sanksiyalar tətbiq edilməmişdir. Əksinə, Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycanı “yeni torpaqlar uğrunda yeni müharibə” ilə hədələyirdi. 2020-ci ilin iyul ayında Ermənistan dövlət sərhədində hərbi təxribat törətmişdir. Avqust ayında isə Ermənistanın diversiya qrupu təmas xəttini keçməyə cəhd etmişdir. Sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrimizi və dinc sakinlərimizi ağır artilleriya atəşinə tutaraq Azərbaycana qarşı irimiqyaslı hərbi təcavüzə başlamışdır. Azərbaycan öz vətəndaşlarını qorumaq üçün əks-hücum əməliyyatına başlamaq məcburiyyətində qaldı. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının qətnamələrini və beynəlxalq hüququn norma və prinsiplərini icra, tarixi ədaləti və ərazi bütövlüyünü bərpa etdi.

Ölkəmizin suverenliyini və ərazi bütövlüyünü bərpa etməsindən sonra regionda təşviq etdiyimiz sülh gündəliyi xarici siyasətimiz üçün yeni üfüqlər açır və onun daha qlobal xarakter daşıması baxımından mühüm amil rolunu oynayır. Tarixi Zəfərimizdən dərhal sonra Azərbaycan regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistana sülh təklifini etdi. Son beş ildə bu istiqamətdə danışıqlar aparıldı. Azərbaycanın qətiyyətli mövqeyi, ədalətə və beynəlxalq hüquqa söykənən siyasəti  özünün uğurlu nəticəsini verdi. Belə ki, avqustun 8-də dövlət başçısı İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə bu ölkəyə işgüzar səfəri ölkəmizin beynəlxalq nüfuzunun, eyni zamanda, informasiya cəbhəsində üstünlüyünün təsdiqi oldu.  Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması həm bölgə, həm də daha geniş coğrafiya üçün əlverişli imkanlar yaradır.

Onu da qeyd edək ki, Azərbaycan   Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Dövlət başçısı İlham Əliyev daim bu çağırışı  edir ki, inkişafımızın hədəflərindən biri regional bağlantı mərkəzinə çevrilmək idi. Çünki xəritəyə baxsanız, Azərbaycanın coğrafi üstünlüklərini görərsiniz. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutları üzərində yerləşir. Lakin nəqliyyat infrastrukturunun olmaması elə bir vəziyyət yaratmışdı ki, bizim coğrafiyadan istifadə edilmirdi. Mən tam əmin idim ki, biz bu vəziyyəti yaxşılaşdıra bilərik. Ölkə Prezidenti bu reallığı da açıqlayır ki, nəqliyyat infrastrukturuna böyük sərmayə qoyuluşuna 15 il əvvəl başlanılıb. İlk olaraq yerli infrastrukturu inkişaf etdirmək üçün bu sahəyə böyük sərmayə yatırılmağa başladı. Eyni zamanda, qonşularla da bağlantı körpüləri quruldu: “Biz mühüm tranzit ölkəsi olmaq arzusundaydıq, ancaq bunun üçün təkcə coğrafiya kifayət etmir. Hətta infrastruktur da kifayət deyil, burada digər məsələyə ehtiyac var. Bu isə qonşularla yaxşı münasibətlərdir. Qonşularla əməkdaşlıq olmadan tranzit ölkəyə çevrilmək olmaz. Bu isə bizim xarici siyasətimizin tərkib hissəsi idi. Prioritet qonşu ölkələrlə qarşılıqlı maraq üzərində daha güclü münasibətlər qurmaq idi.» Ölkəmizi regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevirmək strategiyasının tərkib hissəsi olan, Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ölkənin tranzit imkanlarının genişləndirilməsində həlledici rol oynayır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Bakı-Tbilisi-Qars dəmir yolu xətti üçün birbaşa yüktoplama məntəqəsi funksiyasını yerinə yetirir. Bu liman şimal, cənub, şərq və qərb istiqamətlərindən dəhlizlər üzrə ölkəmizə daxil olan yüklərin toplanmasını, onların BTQ üzrə Avropa istiqamətində və ya gəmilərlə şərq istiqamətində daşınmasını təmin edən səmərəli və davamlı logistika zəncirinin formalaşması üçün əsas amildir. Tarixi Zəfərimizdən sonra günümüzün əsas məsələsi olan Zəngəzur dəhlizinin açılması da əməkdaşlıq imkanlarının genişlənməsində əhəmiyyətli rol oynayacaq. Ölkələr bir-biri ilə daha sıx bağlı olacaq.  Dövlətimizin başçısı yuxarıda qeyd etdiyimiz müraciətində də  Azərbaycanın tranzit imkanlarından  bəhs edərək bildirdi ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzərində yerləşən Azərbaycan Avrasiyada ən mühüm nəqliyyat-logistika qovşaqlarından birinə çevrilir: «Eyni zamanda, şübhə etmirəm ki, Orta Dəhlizin bir istiqaməti kimi Zəngəzur dəhlizi yaxın gələcəkdə qitələri birləşdirən mühüm nəqliyyat bağlantısı rolunu oynayacaqdır. İnanıram ki, bütün bu kommunikasiya xətləri AQEM üzvləri arasında da əməkdaşlığın inkişafına töhfə verəcək.»

Göründüyü kimi, Azərbaycan hər bir sahədə  əməkdaşlıq imkanlarına malik olmaqla yanaşı, bu istiqamətdə çağırışlarını real addımları ilə təsdiqləyir. Keçirilən hər bir beynəlxalq əhəmiyyətli tədbir bu imkanları daha da artırır.

Yeganə Əliyeva, «İki sahil»

Seçilən
21
ikisahil.az

1Mənbələr