AZ

Suyun altından 2200 yaşlı Roma dəbilqəsi aşkar edildi

BAKI, 10 sentyabr. TELEQRAF

Arxeoloqlar Siciliya sahillərində inanılmaz dərəcədə yaxşı vəziyyətdə qalmış Roma dəbilqəsi aşkar ediblər.

Teleqraf xəbər verir ki, dəbilqə Egad adalarında, e.ə. 241-ci ildə dəniz döyüşünün baş verdiyi yerdə tapılıb.

Bu bürünc dəbilqənin əla vəziyyətdə olması arxeoloqların heyrətinə səbəb olub. Belə ki, dəbilqə nəinki plümajı bərkitmək üçün xüsusi düyməsini, həm də adətən dəniz mühitində tez itən nadir yanaq lövhələrini də qoruyub saxlayıb.

Mütəxəssislərin fikrincə, bu arxeoloji tapıntı Egad döyüşündə həlak olmuş Roma əsgərlərindən birinə məxsus olub.

Sualtı tədqiqatlar nəticəsində dəbilqədən savayı, qılınclar, nizələr və ucluqlar daxil olmaqla təxminən otuz digər metal əşya aşkar edilib. Eyni ərazidə əvvəllər də amforalar, döyüş gəmilərinin bürünc taranları və eyni tipdən olan bir neçə dəbilqə tapılıb ki, bu da Egad döyüşünün miqyasından xəbər verir.

Qeyd edək ki, Birinci Pun müharibəsini sona çatdırmış Egad döyüşü romalıların Karfagen donanması üzərində qələbəsi ilə nəticələnib.

Seçilən
26
teleqraf.com

1Mənbələr