AZ

Müəllimlərin vahid geyim formasına keçməsi... - Ekspert

Təhsil müəssisələrində geyim qaydalarının yalnız şagirdlərə deyil, müəllimlərə də aid edilməsi məktəb mühitində nizam-intizamın gücləndirilməsi, peşəkar yanaşmanın artırılması və müəllim nüfuzunun daha da yüksəldilməsi istiqamətində mühüm dönüş yarada bilər. Son illərdə aparılan araşdırmalar göstərir ki, həm şagirdlərin, həm də müəllimlərin geyimində vahidlik olduqda kollektivdə psixoloji rahatlıq artır, diqqət əsasən təlim prosesinə yönəlir.

Bu sözləri Axar.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov Samux rayonu Qarayeri qəsəbə 2 nömrəli tam orta məktəbdə pedaqoji heyət üçün vahid geyim formasının tətbiqi ilə bağlı danışarkən deyib.

O bildirib ki, bu qərar müasir təhsil mühitinin keyfiyyətinə yönəlmiş mühüm addımdır:

“Statistik göstəricilərə baxanda görürük ki, Azərbaycanda 150 mindən çox müəllim fəaliyyət göstərir və onların böyük əksəriyyəti qadındır. Müəllimlər arasında fərqli geyim tərzləri bəzən məktəbdə diqqəti yayındırır, şagirdlərdə müqayisə yaradır, bu isə pedaqoji mühitə təsir edir. Vahid forma ilə bu cür təsadüfi fərqliliklərin qarşısı alınacaq. Müəllimlərin vahid geyim forması onların iş mühitinə uyğunluğunu artıracaq, şagirdlər və valideynlər qarşısında daha rəsmi görünmələrinə imkan verəcək. Şagirdin gözündə müəllim yalnız bilik ötürən deyil, həm də davranışı və görünüşü ilə nümunə göstərən şəxsiyyət olmalıdır. Bu baxımdan vahid geyim müəllim nüfuzunu gücləndirəcək. Yaponiya, Cənubi Koreya, Sinqapur kimi ölkələrdə müəllimlərin geyim qaydaları ciddi tənzimlənir. Bu, həmin ölkələrdə təhsil mühitinin nizam-intizamlı qalmasına, müəllimin peşəkar nüfuzunun qorunmasına şərait yaradıb. Azərbaycanda da mərhələli şəkildə bu tətbiq genişləndirilsə, valideynlərdə müəllim obrazına inam artar, pedaqoji mühitdə psixoloji sabitlik güclənər”.

Seçilən
6
16
axar.az

10Mənbələr