AZ

Tramp Avropa İttifaqından Çinə və Hindistana qarşı rüsumları 100%-ə qaldırmağı tələb edib

Ağ Ev Moskvanı sıxışdırmaq üçün yeni iqtisadi mexanizmlər təklif edir...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Avropa İttifaqına (Aİ) müraciət edərək, Çindən və Hindistandan idxal olunan mallara qarşı gömrük rüsumlarını 100%-ə qədər artırmağı təklif edib. Financial Times yazır ki, Tramp bu təklifi ABŞ və Aİ-nin yüksək səviyyəli rəsmilərinin Vaşinqtonda keçirdiyi iclasa videobağlantı vasitəsilə qatılaraq səsləndirib. Görüşdə əsas məqsəd Rusiyaya qarşı əlavə təzyiq tədbirlərinin müzakirəsi olub.

Nəşrin mənbələrinə görə, Trampın təşəbbüsü Qərbin Moskva ilə yanaşı Pekin və Yeni Dehliyə də iqtisadi təzyiq göstərməsinə yönəlib. ABŞ administrasiyasından olan bir rəsmiyə istinadən bildirilir ki, Vaşinqton Avropa İttifaqı bu addımı atacağı halda Rusiyaya qarşı sanksiyaları daha da gücləndirməyə hazırdır.

Başqa bir ABŞ rəsmisi isə qeyd edib ki, Avropa İttifaqı rüsumların artırılmasına razılıq versə, Vaşinqton özü də Çinə və Hindistana qarşı eyni səviyyədə tariflər tətbiq edəcək.

Bu təşəbbüs Tramp administrasiyasının son aylar Moskva üzərində iqtisadi təzyiqi artırmaq üçün atdığı ardıcıl addımların davamı kimi qiymətləndirilir. Analitiklərin fikrincə, Aİ-nin mövqeyi həm Rusiyaya qarşı birgə sanksiyaların effektivliyini, həm də Qərbin Çin və Hindistanla ticarət münasibətlərinin gələcəyini müəyyən edəcək.

Poliqon.info

Seçilən
87
poliqon.info

1Mənbələr