AZ

Müstəqil audit qanunvericiliyi: tətbiq təcrübəsi və çağırışlar

O, sadəcə yol deyil, həm də əməkdaşlıq platformasıdır

XXI əsrdə beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat-logistika marşrutlarının şaxələndirilməsi hər bir dövlətin strateji maraqlarının mərkəzində dayanır. Bu baxımdan Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu  (TRIPP - Zəngəzur dəhlizi) Azərbaycan və region ölkələri, eləcə də Avrasiya məkanında yerləşən bir sıra güc mərkəzləri üçün mühüm tranzit xəttinə çevrilmək potensialına malikdir. Dəhlizin reallaşması Cənubi Qafqazda yeni iqtisadi-siyasi reallıqlar yaratmaqla bərabər  Çindən Avropaya uzanan Orta dəhliz strategiyasını da gücləndirir.

Məlumdur ki, Orta dəhliz həm sürət, həm də təhlükəsizlik, sabitlik və tranzit müxtəlifliyi baxımından strateji üstünlüklərə malikdir. Əsas üstünlüyü odur ki, Rusiyadan keçən Şimal dəhlizinə alternativ olaraq, Qərbin sanksiyaları və siyasi risklərindən uzaq bir marşrutdur. Zəngəzur dəhlizi (TRIPP) bu marşrutun  tərkib hissəsinə çevrildikdən sonra  Çindən Avropaya gedən yüklərin daha qısa və səmərəli şəkildə daşınması mümkün olacaq. Deyilənlər tam şəkildə reallaşarsa, Mərkəzi Asiya ölkələri, Azərbaycan və Türkiyə logistika mərkəzlərinə çevriləcək, bölgədə yeni iqtisadi dinamika və əməkdaşlıq platformaları formalaşacaq.  

Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı artıq Orta dəhliz üzərində mühüm rol oynayır. Zəngəzur dəhlizinin (TRIPP) bu sistemə əlavə olunması  Qafqaz üzərindən yük axınını artırmaqla Azərbaycanın, bütövlükdə regionun tranzit gəlirlərini yüksəldir. Onu da unutmayaq ki, qardaş  Türkiyə bu inteqrasiyanın fəal tərəfidir. Çünki Zəngəzur dəhlizi (TRIPP) onun Orta Asiya və Çinlə birbaşa ticarətini gücləndirir. Eyni zamanda Avropa İttifaqı və Çin də Orta dəhlizin inkişafında maraqlıdır. Bu marşrut onların ticarət zəncirlərinin davamlılığını təmin edir. Beləliklə, Zəngəzur dəhlizi (TRIPP) geoiqtisadi məkanın ayrılmaz hissəsinə çevrilməklə həm regiona, həm də qlobal logistik sistemə ciddi təsir göstərəcək.

Qlobal logistik və enerji marşrutlarının yenidən şəkilləndiyi bir zamanda ABŞ ilə Azərbaycan arasında strateji əməkdaşlığın möhkəmlənməsi Zəngəzur dəhlizinin (TRIPP)  rolunu daha da artırır. Hazırkı ABŞ-Azərbaycan strateji əməkdaşlığının inkişafı fonunda dəhliz regionda nəqliyyat və ticarət əlaqələrinin genişlənməsi, həmçinin enerji təhlükəsizliyinin təmin olunması baxımından mühüm rol oynayır. Bu da iki ölkə arasında iqtisadi və siyasi əməkdaşlığın dərinləşməsinə şərait yaradar və ABŞ-nin Cənubi Qafqazdakı mövqeyini gücləndirər. Sirr deyil ki, ABŞ-nin Cənubi Qafqaz siyasətində əsas prioritetlərdən biri enerji resurslarının təhlükəsiz və sərbəst daşınmasıdır.  Zəngəzur dəhlizi (TRIPP) tranzit imkanlarını genişləndirərək, enerji və ticarət yollarının şaxələndirilməsinə şərait yaradır ki, bu da  ABŞ-nin regiondakı strateji maraqlarına uyğundur. 

Yaranmış əməkdaşlıq imkanları fonunda  bu günlər ABŞ-nin Orta dəhliz üzrə Sertifikatlaşdırılmış Ticarət Missiyasının Bakıya səfəri  TRIPP  (Zəngəzur dəhlizi) və Orta dəhliz layihələrinə olan real marağın göstəricisidir. ABŞ ticarət missiyasının nümayəndələrini xarici işlər naziri Ceyhun Bayramov qəbul edib. Görüş zamanı  avqustun 8-də Vaşinqtonda Azərbaycan, ABŞ Prezidentlərinin və Ermənistanın Baş nazirinin iştirakı ilə aparılmış müzakirələr, eləcə də imzalanmış sənədlərin tarixi əhəmiyyəti qeyd olunub.  Həmin razılaşmaların regional sülh və tərəqqiyə töhfəsi qeyd edilməklə yanaşı, Azərbaycan-ABŞ əlaqələri üçün böyük perspektivlər açdığı vurğulanıb. Cənubi Qafqaz  və bütövlükdə Avrasiya məkanı üçün əhəmiyyət kəsb edən bu razılaşmalar Azərbaycan-ABŞ münasibətlərinə yeni nəfəs verir, qarşılıqlı etimad və strateji tərəfdaşlıq üçün üfüqlər açır.

Qeyd edək ki, Zəngəzur dəhlizi (TRIPP) Orta dəhlizin marşrutunu qısaldaraq yükdaşımalarını sürətləndirəcək və xərcləri azaldacaq. Üstəlik də Cənubi Qafqazı qlobal logistika şəbəkəsinə birləşdirərək regional iqtisadi əməkdaşlığı gücləndirəcək. Bu dəhliz enerji və ticarət sahəsində yeni imkanlar açacaq, alternativ tranzit yollarının formalaşmasına şərait yaradacaq. Buradan aydın görünür ki,  Zəngəzur dəhlizi (TRIPP) yalnız regional deyil, həm də qlobal geosiyasi balansların formalaşmasına əhəmiyyətli təsir göstərir. Orta dəhlizin "qısa yol"u və "regional qovşağı" kimi çıxış edən Zəngəzur dəhlizi (TRIPP) vasitəsilə yol daha çevik, rəqabətədavamlı və səmərəli logistika şəbəkəsinə çevriləcək. Məlumdur ki, Azərbaycan son onilliklər ərzində Orta dəhlizin reallığa çevrilməsi üçün əzmlə və ardıcıl şəkildə çalışır. Bu təşəbbüslər söz üzərində qalmayıb, konkret layihələrdə təsdiqini tapıb: Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Ələt Azad İqtisadi Zonası kimi iri infrastruktur layihələri Azərbaycanın bu sahədə liderlik iddiasını açıq şəkildə ortaya qoyur. Həmin  uğurlar Azərbaycanın bölgədə nəqliyyat qovşağına çevrilmək yolunda necə strateji və sistemli fəaliyyət göstərdiyini bir daha sübut edir.

Nəticə etibarilə Zəngəzur dəhlizi (TRIPP) Orta dəhliz kontekstində yalnız iqtisadi deyil, həm də siyasi güc balansına təsir edən bir faktordur. O, region ölkələrinin müstəqil qərarvermə imkanlarını artırmaqla yanaşı, beynəlxalq güclər arasında yeni əməkdaşlıq modellərinin qurulmasına da zəmin yaradır. Bu baxımdan dəhlizin gələcəyi bütövlükdə Avrasiya məkanında sabitlik və inkişafın taleyini müəyyən edə bilər. Sadalananlar onu deməyə əsas verir ki, Zəngəzur dəhlizi (TRIPP) sadəcə bir nəqliyyat xətti deyil, yeni bir dövrün başlanğıcıdır. Azərbaycanın siyasi iradəsi və strateji baxışı sayəsində region bu gün qovuşma nöqtəsi və əməkdaşlıq meydanına çevrilir. 

Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Seçilən
81
azerbaijan-news.az

1Mənbələr