AZ

Kreml Azərbaycana qərəzli münasibətini dəyişməlidir

Siyasətdə təsadüf olmur. Hər addım ölçülüb-biçilmiş plan əsasında atılır. Buna praqmatik siyasət deyilir, xüsusən də dövlətlərarası münasibətlərdə bu prinsip əsas götürülür. Danılmaz faktdır ki, beynəlxalq münasibətlərdə ortaq və strateji maraqlar həmişə üstünlük təşkil edir. Süni şəkildə yaradılmış Qarabağ problemi də məhz bu maraqların nəticəsi olaraq Cənubi Qafqazı nəzarətdə saxlamaq istəyən böyük güclərin əlində siyasi manipulyasiya alətinə çevrilmişdi.

Azərbaycan müstəqilliyini elan etdikdən sonra ərazilərinin 20 faizdən çoxu Ermənistan tərəfindən işğal olundu. Həmin işğalın arxasında kimin silahı, kimin gücü dayandığı isə məlum idi.

30 il ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri kimi vasitəçilik edən dövlətlər, əslində, "status-kvo"nun qorunub saxlanılmasına xidmət edirdilər. Bu, heç də sirr deyil ki, məqsəd Ermənistan vasitəsilə Azərbaycanın suverenliyinə və müstəqilliyinə qəsd etmək idi. 2020-ci ilin payızında başlayan Vətən müharibəsi bölgədə söz sahibi olduqlarını zənn edən həmin dövlətlər üçün gözlənilməz sürpriz oldu. Xalqın birliyi, Azərbaycan Ordusunun gücü, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və sərkərdəlik məharəti bütün məkrli planların üstündən xətt çəkdi. Azərbaycan öz torpaqlarını işğaldan azad etməklə həm suverenliyini, həm də müstəqilliyini tam bərpa etdi.

Bu məqamda Vətən müharibəsinin son günündə - 2020-ci il noyabrın 9-da baş verən Rusiyaya məxsus "Mi-24" helikopterinin vurulmasını xatırlamaq yerinə düşər. Ermənistanın Yerasx kəndi yaxınlığında Azərbaycanın sərhədinə yaxınlaşan "Mi-24" helikopteri vuruldu. Məlumata görə, həmin helikopter transponderləri söndürərək sərhədin Naxçıvan istiqamətinə qədər irəliləyən erməni kolonunu müşayiət edirdi.

Prezident İlham Əliyev "Əl-Ərəbiyyə" telekanalına müsahibəsində bu hadisəni belə izah etmişdi: "Azərbaycan öz sərhədinə yaxınlaşan rus helikopterini təsadüfən vurdu, halbuki o, orada olmalı deyildi. Otuz il ərzində rus helikopterləri heç vaxt Azərbaycan sərhədinə yaxınlaşmamışdı. Helikopter Ermənistandan uçaraq gəlirdi. Vuranlar üçün aydın idi ki, Ermənistan helikopteri ərazimizə daxil olur, ona görə də onu vurublar".

Azərbaycan böyüklük göstərərək Rusiya tərəfinə dərhal üzrxahlıq etdi, təzminat ödəməklə pilotların ailələrinə dəstək verdi və məsul şəxsləri cəzalandırdı.

2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror əməliyyatı ilə Azərbaycanın Qarabağ üzərində suverenliyi tam bərpa edildi. Bununla da 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın şərtlərinə uyğun olaraq "sülhməramlı" obrazında Qarabağa yerləşdirilən Rusiya kontingenti bölgəni tərk etməli oldu. Necə ki 2020-ci il Vətən müharibəsində əldə etdiyimiz qələbə Fransanı Cənubi Qafqaz siyasətində oyundankənar vəziyyətə salmışdı, 2023-cü ilin antiterror əməliyyatı da eyni aqibəti Rusiya üçün təkrarladı. Kremlin siyasi dairələri anladı ki, gələcəkdə Cənubi Qafqaz onlar üçün əlçatmaz ola bilər.

Fərqli siyasi gedişləri ilə tarix yazan Prezident İlham Əliyev sülh və sabitlik naminə Avropa İttifaqı və ABŞ-nin vasitəçiliyi ilə aparılan müzakirələrə üstünlük verdi. Azərbaycanın müstəqil siyasəti və diplomatik manevrləri Rusiyanı qane etməsə də, münasibətlərdə açıq gərginlik hələlik müşahidə olunmurdu. Amma gərginliyi yaratmaq üçün Moskvanın bəhanə axtarışı ciddi şəkildə hiss olunmaqda idi.

2024-cü ilin dekabrında Rusiya səmasında Azərbaycanın sərnişin təyyarəsinin vurulması bütün proseslərin kuliminasiya nöqtəsinə çevrildi. Bu hadisəni təsadüf hesab etmək mümkün deyil. Bu, Moskvanın ölkəmizi açıq şəkildə "cəzalandırmaq" istədiyinin nümayişi idi.

Prezident İlham Əliyev həmin hadisəyə münasibətdə qəti mövqeyini ortaya qoydu: "Təyyarəni vuranlar cəzalandırılmalı, Rusiya Azərbaycandan üzr istəməlidir". Bu günlərdə "Əl-Ərəbiyyə" telekanalına müsahibə verən dövlətimizin başçısı baş verən hadisəyə münasibət bildirərək demişdir: "Əvvəla, təyyarəyə heç vaxt atəş açılmamalı idi. Dron hücumları zamanı ruslar xüsusi rejim - "kavyor" elan edirlər, bütün təyyarələr xəbərdar olunur. Ancaq bu dəfə siqnal verilmədi, təyyarə vurulduqdan sonra xəbərdarlıq göndərildi. Bu isə sadəcə araşdırmanı çaşdırmaq cəhdi idi".

Prezident əlavə etdi ki, təyyarəyə iki dəfə atəş açılıb. Pilotların peşəkarlığı sayəsində o, fövqəladə eniş edə bilib. Təyyarənin gövdəsində çoxsaylı qəlpə izləri isə Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğunu sübut edirdi".

Məsələ burasındadır ki, Rusiya nə üzr istədi, nə də kompensasiya ödəməyi qəbul etdi. Əksinə, təzyiq və təhdidə üstünlük verdi, paralel şəkildə Azərbaycan media və hökumət resurslarına qarşı kiberhücumlar başladı. Sonradan müəyyən olundu ki, bu hücumları Kremlin dəstəklədiyi APT29 ("Cozy Bear") qrupu həyata keçirib.

Bundan əlavə, Rusiyada azərbaycanlıların incidilməsinə, hətta soydaşlarımızın qətl edilməsinə qədər qeyri-insani davranışların şahidi olduq.  

Rusiya yalnız hərbi və siyasi təzyiqlərlə deyil, həm də hibrid müharibə üsulları ilə ölkəmizə qarşı fəaliyyət göstərir. Söhbət ondan gedir ki, bu da son deyil. Faktiki olaraq, Rusiya kiberhücumları öz ərazisində azərbaycanlı iş adamlarına qarşı   sistemli şəkildə həyata keçirdiyi təzyiq və təqib kampaniyasını, Ukrayna ərazisində isə Azərbaycan şirkətlərinə məxsus obyektləri dronlarla məhv etməklə davam etdirir. Rusiyanın münasibətlərində ikili mövqe açıq-aydın hiss olunmaqdadır. Dövlət başçıları səviyyəsində bir mövqe sərgilənsə də, Rusiya parlamentində və informasiya vasitələrində Azərbaycana qarşı ciddi informasiya müharibəsinə start verilib.

Hadisələrin gedişi göstərir ki, Kreml Azərbaycanla münasibətlərdə obyektivlikdən uzaq, qərəzli mövqe tutur. Amma bütün bu təzyiqlərə baxmayaraq, Azərbaycan dövləti öz müstəqil siyasət kursundan dönmür və dönməyəcək. Çünki xalqın iradəsi, Prezident İlham Əliyevin qətiyyətli siyasi xətti Azərbaycanın ən böyük təminatıdır. Bundan sonra Cənubi Qafqazın gələcəyi Azərbaycanın gücü və qətiyyəti ilə müəyyən olunacaq.

Elşən QƏNİYEV,

"Azərbaycan"

Seçilən
28
azerbaijan-news.az

1Mənbələr