AZ

Bakıda Çin avtomobillərinin elə problemləri ortaya çıxır ki...


Rəsul Cahangirli: “Bu avtomobillər Avropa, Yaponiya istehsalı olan avtomobillər qədər möhkəm və dözümlü olmaya bilər”

Azərbaycanda Çin avtomobilləri çoxaldıqca, onların problemləri ilə də bağlı söhbətlər böyüyür. Son günlər sosial şəbəkələrdə Çin istehsalı avtomobillərin hərəkətdə olarkən dayanması ilə bağlı videolar yayılıb. Sürücülər iddia edirlər ki, bəzi hibrid avtomobillərə yenilənmə gəldiyi üçün texniki nasazlıqlar ortaya çıxır.

Ustaların fikrincə, bu problem əsasən ucuz proqram təminatı quraşdırılan avtomobillərdə müşahidə olunur və bunun digər risqli tərəfləri də var. Yəni müasir avtomobillərin elektronik hissələri həssasdır, ona görə də bu cür avtomobillərə naşı ustalar müdaxilə etməməlidir. Belə müdaxilələr həm təhlükəsizlik, həm də avtomobilin uzunömürlülüyü üçün risqlidir.

Maraqlıdır, Çin istehsalı olan avtomobillərin hansı əsas problemləri üzə çıxır? Bu, Çinə qarşı məqsədli aparılan qərəzli kampaniya əlamətləri ola bilərmi?

“Sifarişlə sosial şəbəkələrdə Çin istehsalı olan avtomobillərin gözdən salınması kampaniyası da ola bilər”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən ekspert Rəsul Cahangirli hər iki versiyanın mövcudluğunu istisna etmədi: “Bəli, Çin avtomobilləri Avropa, Yaponiya istehsalı olan avtomobillər qədər keyfiyyətli, möhkəm və dözümlü olmaya bilər. Azərbaycanda Çin avtomobillərinin başlıca problemləri aşağı keyfiyyətli metal, aşağı yerləşmiş komponentlər, mühərrik və sürət qutusunun uyğunsuz işləməsi, zəif rəngləmə işləri hesab olunur. Çin avtomobillərinin kütləvi istismarı üçün kifayət qədər təcrübə olmaması da əsas məsələlərdən biridir. Çünki bu, avtomobillərin üç illik istifadəsindən sonra vəziyyətini müəyyənləşdirməyi çətinləşdirir. Ancaq bunu bütün Çin istehsalı olan avtomobillərə aid etmək doğru deyil. Məsələ ondadır ki, son illər Çin avtomobillərinin rəqabət qabiliyyəti xeyli artıb. Xüsusən də elektriklə işləyən avtomobillərin Avropa bazarında da satışının artması müşahidə edilir. Məsələ ondadır ki, istehsal olunan avtomobilin dəyərinin 15 faizi dövlət büdcəsindən ayrılan subsidiyalar hesabına maliyyələşdirilir. Üstəlik, elektriklə işləyən avtomobillərdə lazım olan nadir metallar Çində hasil olunur. Ona görə də son illər Çinin avtomobil sənayesində ciddi inkişaf müşahidə edilir. Çin avtomobillərinin məqsədli şəkildə Azərbaycanda gözdən salınması versiyası da istisna deyil. Məsələ ondadır ki, əvvəllər Azərbaycana avtomobillər əsasən Gürcüstandan gətirilirdi. Onların içində Avropa istehsalı olan avtomobillər üstün çəkiyə malik idi. Son illər isə bu sahədə vəziyyət əhəmiyyətli şəkildə dəyişib. Yəni Azərbaycana əsasən Çindən avtomobillər Qazaxıstan üzərindən idxal edilir. O cümlədən, Cənubi Koreya istehsalı olan avtomobillər də Çin üzərindən gətirilir. Ola bilsin, idxal zəncirinin dəyişməsi bəzi dairələri narahat edir. Bu səbəbdən sifarişlə sosial şəbəkələrdə Çin istehsalı olan avtomobillərin gözdən salınması kampaniyası da ola bilər”.

Vidadi ORDAHALLI

Seçilən
13
baki-xeber.com

1Mənbələr