AZ

Azərbaycanlı oğlana görə dinini və adını dəyişən çinli xanım: Görün qayınanası haqda nə deyir

Siz heç sevdiyi üçün dinini, hətta adını dəyişən birini görmüsünüzmü?!

Nağıla bənzəyən, amma gerçək olan bu hekayə azərbaycanlı Vüsal Rzayev və onun çinli həyat yoldaşı Əminə Cunun payına düşüb.

Onlar bir-birini min kilometrlərlə uzaqda – Çində tapıb. Fərqli dil, din, mədəniyyət, adət və ənənələr... Onlara heç nə əngəl olmayıb. Əksinə, Vanyu Cu adını və dinini dəyişərək Əminə olub. İndi sosial şəbəkələrdə sevgilərini birləşdirən “HusAmina” adı ilə tanınırlar.

Publika.az-a müsahibə verən cütlük hekayələrini paylaşaraq, sevginin mədəniyyətləri və məsafələri necə birləşdirə biləcəyini göstərib.

“Çinə işləmək üçün getdim, həyat yoldaşımı tapdım”

– Vüsal, Bakı hara, Çin hara?.. Neçə ildir oradasınız?

– 6 ildir Çində yaşayıram. 2019-cu ildə iş üçün getdim. Azərbaycanda çalışdığım şirkət kadr çatışmazlığına görə məni ora göndərdi. Orada gördüm ki, rifah səviyyəsi yüksəkdir, ölkə istehsal mərkəzidir. Mən də fürsətdən istifadə edib öz biznesimi qurdum. Hazırda avtomobil ehtiyat hissələri və aksesuarlarının satışı ilə məşğuluq. Qazaxıstan, Gürcüstan, Rusiya və başqa ölkələrə məhsul ixrac edirik.

– Əminə xanımla necə tanış oldunuz?

– Çinə gedəndə evlənməyi düşünmürdüm. Amma heç vaxt da “xarici ilə evlənmək olmaz” deyə düşüncəm olmayıb. Əsas yaxşı insan olsun.

5 il əvvəl tanış olduq. Əminə də satış sahəsində idi, mən ondan məhsul almışdım. Çində belə bir adət var: iş görüşməsindən sonra tərəflər bir-birini yeməyə dəvət edir. Bu, əsasən biznes məqsədilə olur. Xüsusilə də çinlilər məhsul alsanız da, almasanız da, əcnəbiləri yeməyə dəvət edir və bu yolla yaxşı təəssürat yaratmağa çalışırlar. İki dəfə Əminəni dəvət etsəm də, o rədd etdi. Gənc idim, düşünmədən belə bir mesaj yazdım: “Gəlmirsən, heç gəlmə”. O, heç cavab vermədi. Amma bir həftə sonra özü məni yeməyə dəvət etdi. Görüşdük və ilk olaraq işlə bağlı danışdıq. İkinci görüşdə aramızda bir qədər səmimiyyət yarandığı üçün şəxsi suallar verdim. Dini inancını soruşdum, o isə heç bir inancının olmadığını bildirdi. Bu, mənə pis təsir etdi.

Bir müddət görüşdükdən sonra aramızda səmimiyyət daha da gücləndi və evlənməyə qərar verdik. 2020-ci ildə Çində kiçik bir yığıncaq keçirdik, 2022-ci ildə isə Bakıda rəsmi nikahımız baş tutdu. Pandemiya vaxtı toyla bağlı bəzi məhdudiyyətlər olduğuna görə geniş toy etmədik.

“Ailəm əvvəl şok oldu, sonra çox sevdilər”

– Əminə xanım, azərbaycanlı bəylə evlənmək qərarınızı ailəniz necə qarşıladı?

– İlk olaraq Vüsalı evlənmədən öncə ailəmlə tanış etdim. Onlar şoka düşdülər, çünki anam və atam əvvəllər heç vaxt əcnəbi ilə qarşılaşmamışdılar. Sonra mən onu kəndimizə apardım. Ailəm və qohumlarımız onun səmimi və cana yaxın hərəkətlərini çox bəyəndilər. Çində övladın valideynini qucaqlaması və səmimi davranması demək olar ki, nadirdir. Mən özüm də anamı öpüb-qucaqlamazdım, amma Vüsal valideynimlə çox səmimi idi. Bu da qohumlarımızda təəccüb və rəğbət yaratdı. Hətta kənddə danışırdılar ki, əcnəbi biri qayınanasını və qayınatasını qucaqlayıb, öpür.

Vüsal: O vaxtlar saqqal saxlayırdım. Əminənin yaşadığı kənd ucqar bir yerdə yerləşirdi və demək olar ki, insanlar əcnəbi birini görməmişdi. Kəndə gedəndə bütün kənd camaatı məni görmək üçün evə gəlirdi. Uşaqlar banan, şokolad, konfet gətirib deyirdilər: “Gedək, böyük saqqallı əmini görək”. Çünki onlar üçün saqqal çox təəccüblü idi, çünki çinlilərin üzündə demək olar ki, tük olmurdu.

Çində toy, Azərbaycanda nikah...

– Toy necə keçdi?

Vüsal: Çində də çadır toyları olur, səhərdən axşama qədər davam edir. Azərbaycandakı kimi çoxlu yemək çeşidləri olur. Çadıra daxil olanda hamı sənə baxır, diqqət tam sənin üzərində olur, özünü xüsusi hiss edirsən.

– Bəs ailən əcnəbi biri ilə evlənməyini necə qarşıladı?

– Anam uşaq vaxtından bizi qərarlarımızda sərbəst buraxıb. Nə qərar vermişiksə, hörmətlə qarşılayıb. Səhv olsa belə, bunu özünüz dərk edin deyib. Bu məsələdə də o, mənimlə eyni düşüncədə idi: yaxşı insan olsun, milliyyətin fərqi yoxdur. Pandemiya vaxtı anama zəng etdim, vəziyyəti izah etdim, dedim ki, karantin var, Azərbaycana gələ bilmirəm, amma ailə həyatı qurmaq istəyirəm. O da “Allah xeyir versin” dedi. Dedim ki, gələn həftə evlənəcəyəm - yəni bir həftə öncədən xəbər verdim. Ailəm xeyir-dua verdi. Çünki başqa seçim də yox idi. Şərtlər bunu tələb edirdi, pandemiya idi, sərhədlər bağlı idi, gediş-gəliş yox idi.

İki il sonra isə Bakıda rəsmi nikah oldu. Hər şey çox maraqlı keçdi, anamın iş yoldaşları və dostlarım da iştirak etmişdi.

– Qohumlar, tanışlar necə qarşıladı?

– Yaxşı münasibət göstərdilər. Qonşularımızla da görüşürük, dostlarla da bir araya gəlirik. Görürlər ki, Əminənin müsbət aurası var və buna görə yaxşı qarşılayırlar.

“İslamı qəbul etdim, Əminə adını seçdim”

– Maraqlıdır, ilk dəfədir ki, Əminə adlı çinli xanımla qarşılaşıram.

Vüsal: Mən onun əvvəllər inancsız olduğunu bilmirdim, hətta tanış olanda təəccüblənmişdim. Amma Əminə mənə görə həm dinini, həm də adını dəyişdi.

Əminə: Dini özüm seçdim, araşdırdım və İslamı qəbul etməyə qərar verdim. Həmçinin adımı da dəyişdim. Əvvəl Vanyu Cu idim, amma Amina (Əminə) adını seçdim. Bu adı da araşdırdım, Məhəmməd Peyğəmbərinin anasının adıdır.

“Azərbaycan dili çox romantikdir”

– Əminə, Azərbaycan dilini necə öyrəndiniz? Çətin olmadı?

– Beş ildir “R” səsini tələffüz etməyi öyrənməyə çalışıram. Çində bu səsi düzgün demək mümkün deyil. Bəzi sözləri tələffüz edərkən dilimin qarışdığını hiss edirəm, çünki hər iki dil fərqli dil qruplarına aiddir. Çində dil daha çox heca və vurğu üzərində qurulur.

Azərbaycan dilinin cazibəli tərəfi isə romantik olmasıdır. Məsələn, bəzi sözlərin mənası mənə çox təsir edir: Qadın ərinə, “həyat yoldaşım” deyir və ya əksinə. “Yol” elə bildiyimiz yol, “daş” isə partnyorluq mənasını verir. Yəni kim həyat yolunda səninlə birgə gedir. Bu fikir məndə xoş təəssürat yaratdı.

Burada insanları çağırmaq forması da mənə maraqlı gəlir. Bir dəfə çağırandan sonra yenə səslənirlər. Məsələn, belə deyirlər: “Ana, ay ana, ana ay ana”. Çində belə deyil.

– Azərbaycana tez-tez gəlirsiniz?

Vüsal: Əvvəllər ildə bir dəfə gəlirdik və 20 gün qalırdıq. Bu dəfə isə bir az daha uzun qaldıq.

“Qayınanamı əvvəl adı ilə çağırırdım, sonra “ana” dedim”

– Azərbaycanlı ailənin gəlini olmaq necədir? Qayınana və qayınata ilə münasibətlərinizi necə qurmusuz?

Əminə: Çində qayınanalar adətən çox iş görürlər, çünki gənclər işləyirlər. Uşağa baxmaq isə əsasən qayınanaların üzərinə düşür. Fərqi yoxdur, oğlanın və ya qızın anası olsun, uşağa təkcə baxmır, həm də valideynlik edir, onu böyüdür. Amma eyni zamanda gənclərin həyatına çox qarışır. Yəni həm kömək, həm də müdaxilə edir.

Azərbaycanda isə hər kəs öz işini görür, hər iki tərəf bir-birinə dəstək olur, amma qayınana çox qarışmır. Mənim burada yeni ailəyə gələndə hiss etdiyim sərbəstlik çox xoşuma gəldi, çünki qayınanam demək olar ki, heç bir işimizə müdaxilə etmir. Əsas isə sərbəstlik verir.

O məni çox əzizləyir, mənə “ana qızım” deyə müraciət edir. Bunu eşidəndə çox sevinirəm və özümü dəyərli hiss edirəm. Münasibətimiz daha çox dost münasibətinə bənzəyir, qayınana-gəlin münasibətindən fərqlidir.

Seçilən
17
9
publika.az

10Mənbələr