AZ

Parlamentdə xüsusi sessiya - mühüm çağırışlar səsləndi

Milli Məclis Vaşinqton razılaşmasını və Zəngəzuru müzakirəyə çıxardı 

Sentyabrın 9-da Milli Məclisin növbədənkənar sessiyası keçirilib. “Yeni Müsavat”ın məlumatına görə, dövlət himninin səslənməsi ilə başlanan parlamanetin xüsusi iclası “Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi” mövzusuna həsr edilib.

Azərbaycan Konstitusiyasının 88-ci maddəsinin 2-ci hissəsinə əsasən, Milli Məclisin deputatları parlamentin növbədənkənar sessiyasının çağırılması barədə spiker Sahibə Qafarovaya müraciət ediblər. Milli Məclisin sədri Sahibə Qafarova müraciəti nəzərə alaraq, Milli Məclisin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb.

Spiker xüsusi iclasda çıxışı zamanı bildirib ki, Cənubi Qafqazda sülhün bərqərar olunması baxımından Vaşinqton razılaşması olduqca önəmlidir. Onun sözlərinə görə, burada Azərbaycanın iki mühüm şərti öz əksini tapıb ki, bu da ölkəmizin və regionun taleyində mühüm dönüş nöqtəsidir: “Əlbəttə ki, bütün bunlar Prezident İlham Əliyevin sülh diplomatiyasının və liderliyinin təntənəsidir.

Vaşinqton razlaşmaları yalnız ABŞ-Azərbaycan elementləri və sülh gündəliyinə deyil, ümumilikdə Cənubi Qafqazdakı proseslərə təsir edib. Bu gün qürurla demək olar ki, Prezidentin ABŞ-dəki tarixi razılaşmaları Ümummilli liderin siyasi kursunun davamı kimi əldə edilmiş ən böyük uğurlardandır.

ABŞ Prezidenti Donald Trampın sülh və əməkdaşlığa söykənən addımı əhəmiyyətli rola malikdir. Ölkəmizə qarşı məkirli planların qarşısı böyük məharətlə dəf edildi".

 

Milli Məclisin komitə sədri Səməd Seyidov çıxışı zamanı qeyd edib ki, bəzi qüvvələr azad edilmiş Qarabağı yeni üsullarla geri qaytarmaq istəyirdilər: “Prezident İlham Əliyevin siyasi diplomatik məharəti nəticəsində bütün bu təhdidlərin qarşısı alındı. Vaşinqtonda isə Azərbaycanla Ermənistan arasında tarixi sülh sazişi paraflandı. Bu, İlham Əlyevin sülh diplomatiyasının təntənəsi idi. Bu gün Prezident İlham Əliyev sülh fatehi kimi xarakterizə olunur”.

Milli Məclisin birinci vitse-spikeri Əli Əhmədov qeyd edib ki, Azərbaycanın yeni tarixi yaradılır: “Biz həmin yeni tarixin səhifələrinin şahidiyik. Bu gün Azərbaycanın həmin tarixi səhifələri İlham Əliyev tərəfindən yaradılmaqdadır. Prezident İlham Əliyev həm də regionun yeni tarixinin yaradılması missiyasını üzərinə götürüb. Vaşinqton görüşü, əldə olunan nailiyyətlər bölgənin və böyük coğrafiyanın yeni tarixinin yaradılmasının göstəriciləridir.

Azərbaycan diplomatiyasının ən parlaq zirvəsi Vaşinqton görüşləri və həmin görüşlərdə əldə olunan nailiyyətlərdir. Diplomatiya sahəsində əldə olunan nailiyyətlər daha çox şəxsiyyət və lider amilinə istinad edir. Bu mənada Vaşinqtonda əldə olunan diplomatik qələbənin yeganə müəllifi İlham Əliyevdir. Vaşinqton razılaşması böyük tarixi əhəmiyyətə malikdir. Digər parametr isə Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi üçün beynəlxalq zəmanətin təmin edilməsidir. Bəlkə də bu görüşə qədər Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsinə şübhə ilə yanaşanlar və əngəl olmaq istəyənlər var idisə, artıq onlar öz fikirlərindən daşınmağa məhkum olacaqlar".

 

Xüsusi iclasda çıxış edən vitse-spiker Ziyafət Əsgərov deyib ki, Prezident İlham Əliyevin avqustun 7-8-də ABŞ-yə səfəri Azərbaycanla ABŞ arasında yeni bir səhifənin başlanğıcını qoyub: “Bu səfər çərçivəsində Azərbaycan, ABŞ və Ermənistan arasında mühüm sənədlər imzalandı. Ən önəmlisi isə Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsisi haqqında sülh sazişi layihəsinin paraflanması oldu. Bu sənəd uzun illərdən bəri davam edən qarşıdurmalara son qoyulması və dayanıqlı sülhün bərqərar olması baxımından tarixi addımdır. Saziş layihəsi regionda sülhü təmin edəcək, həmçinin yeni nəqliyyat, iqtisadi imkanların açılmasına şərait yaradacaq. Bu sənəd Azərbaycanın diplomatik qələbəsinin ən vacib göstəricisidir, ərazi bütövlüyümüz, suverenliyimizin beynəlxalq hüquqa əsaslanan qeyd-şərtsiz təsdiqidir”.

İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib ki, Azərbaycanın əldə etdiyi Qələbə olmasaydı, 8 avqust Vaşinqton Zirvəsi də reallaşmazdı.

“Müharibələrin tarixi göstərir ki, əgər sən düşməni məğlub edib nəticələri sənədləşdirməmisənsə, ordunun qazandığını qələm davasında itirmisən, demək. Ali Baş Komandansa sübut etdi ki, o, silahlı savaşdan sonra sülh müharibəsini də udmağı bacardı. 90-cı illərdə biz ən geri düşən ölkə olduq, indi isə Azərbaycan 21-ci əsrdə tək qalib dövlətdir. İki ay öncə başlayan 12 günlük İsrail-İran müharibəsi, 4 ildir davam edən Rusiya-Ukrayna və nəhayət, Fələstin dəhşətinin fonunda dövlətimizin uğurları daha parlaq görünür”.

Onun sözlərinə görə, 8 noyabr Zəfəri diplomatiyada yeni mərhələyə yol açıb və bu prosesin davamı məhz Vaşinqtonda əldə edilən razılaşmalardır.

Deputat çıxışında xüsusi olaraq vurğulayıb ki, Prezident İlham Əliyevin sülh diplomatiyası nəticəsində Ermənistanla düşmənçilik səhifəsi bağlanıb və indi qarşıda xalqlar arasında barış mühitinin yaradılması dayanır.

Milli Məclisin komitə sədri Hicran Hüseynova Vaşinqtonda imzalanan birgə bəyannaməni sülh müqaviləsi istiqamətində atılan ən mühüm addım adlandırıb. Onun sözlərinə görə, bu, Azərbaycanın və Prezident İlham Əliyevin növbəti qələbəsidir. 

Komitə sədri bildirib ki, ölkə başçısının düşünülmüş siyasəti nəticəsində döyüş meydanında qələbə qazanaraq Ermənistan tərəfindən işğal olunmuş bütün torpaqlarımızı geri qaytardıq: “Eyni zamanda bu epoxal nailiyyəti hüquqi cəhətdən rəsmiləşdirdik. Azərbaycan Prezidentinin siyasi uzaqgörənliyi, xalqla birliyi və qətiyyətli mövqeyi bütün ölkələrin liderləri tərəfindən hörmətlə qarşılanır. Hər kəs aydın şəkildə görür ki, onun üçün xalqımızın və dövlətimizin maraqları birinci yerdədir”.

 Hicran Hüseynova vurğulayıb ki, Prezident İlham Əliyevin yaratdığı yeni status-kvo sülh və təhlükəsizlikdir: “Vaşinqtonda əldə olunan tarixi nəticələr - sülh sazişinin paraflanması, ATƏT-in Minsk Qrupunun ləğv edilməsi, Zəngəzur dəhlizinin açılması onu göstərir ki, Cənubi Qafqaz bir neçə il əvvəl qeyri-mümkün görünən tektonik dəyişiklikləri yaşayır. Bu gün region uzun sürən münaqişənin davamlı sülh və mehriban qonşuluq mərhələsinə qədəm qoyur”.

Sonda “Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi”nə həsr olunan məsələ səsə qoyularaq qəbul edilib. Milli Məclisin sədri Sahibə Qafarova növbədənkənar sessiyanı bağlı elan edib.

Şahanə RƏHİMLİ,  

“Yeni Müsavat”

 

Seçilən
66
musavat.com

1Mənbələr