AZ

BMT Təhlükəsizlik Şurasında ciddi islahat və dəyişikliklər aparılmalıdır

Qlobal Cənub ölkələrinin artıq günümüzün reallıqları ilə uzlaşmayan təsisata çevrilən Təhlükəsizlik Şurasında təmsil olunmaları təmin edilməlidir

İnkaredilməz həqiqətdir ki, İkinci Dünya müharibəsindən sonra yaradılan, artıq müasir dünyanın məntiqinə uyğun gəlməyən BMT Təhlükəsizlik Şurasına (TŞ) bu gün demək olar ki, açıq-aşkar etimadsızlıq var.  O da məlumdur ki, son illərdə bir çox ölkə qeyri-bərabərlik və ədalətsizliyi əsas gətirərək haqlı olaraq bu beynəlxalq təşkilatda islahatların aparılmasını tələb edir. TŞ veto hüququna malik cəmi 5 ölkənin olması mübahisələr yaratmaqda davam edir.

Bir sıra nüfuzlu beyin mərkəzlərinin təhlillərində, ekspertlərin açıqlamalarında da bildirilir ki, müasir dünya sistemiylə təxminən 70 il əvvəl qurulmuş bir təşkilatın ahəngi arasında böyük ziddiyyətlər mövcuddur. Bir müddət əvvəl Britaniya Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (IISS) silahlı münaqişələrə dair illik hesabatında bildirilirdi ki, BMT-nin təsiri təşkilat daxilindəki ölkələr arasında gərginlik səbəbindən zəifləyib: “Təhlükəsizlik Şurasında böyük dövlətlər bir-birinin qətnamələrinə veto qoyurlar ki, bu da İsrail-Fələstin məsələsi ilə bağlı fikir ayrılıqları kimi konkret ümumi həllin əldə olunmasına mane olur. IISS regional münaqişələrin həllinin mümkünsüzlüyü hazırkı geosiyasi vəziyyətin əsas xüsusiyyətlərindən biri hesab edilir”.

Sənədə əsasən 2023-cü ildə dünyada ən azı 183 regional münaqişə baş verib ki, bu da son üç onillikdə ən yüksək rəqəmdir.

BMT Təhlükəsizlik Şurası artıq günümüzün reallıqları ilə uzlaşmayan təsisata çevrilib. Azərbaycan vaxtilə işğal olunmuş torpaqlarının azad edilməsinə çağıran, lakin sadəcə kağız üzərində qalmış Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını özü təmin etmiş bir ölkə kimi bunu çox gözəl anlayır. BMT Təhlükəsizlik Şurasının gücsüzlüyünün və ikili standartının ən bariz örnəklərindən biri ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etmələrinə dair qəbul etdiyi 4 qətnamədir. Belə ki, 30 aprel 1993-cü il tarixli, 822 saylı qətnamə Kəlbəcərin işğalından sonra qəbul edilmişdi. Qətnamə bölgədəki hərbi əməliyyatlara son verməyi, erməni qoşunlarının Kəlbəcərdən və son dövrlərdə işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməsini tələb edirdi. 29 iyul 1993-cü il tarixli 853 saylı qətnamə isə bölgədəki hərbi əməliyyatlara son verməyi, erməni qoşunlarının Ağdam və son dövrlərdə işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməsini tələb edirdi. Bu qətnamə, həmçinin 822 saylı qətnaməyə də əməl edilməsini tələb edirdi.  1993-cü il 14 oktyabr tarixli, 874 saylı qətnamədə atəşkəs imzalanmasını, hərbi əməliyyatları dayandıraraq erməni qoşunlarının son dövrlərdə işğal etdiyi Füzuli (23 avqust 1993), Cəbrayıl (26 avqust 1993), Qubadlı (30 sentyabr) və digər ərazilərdən geri çəkilməsini tələb edirdi. Qətnamədə, həmçinin əvvəlki 822 və 853 saylı qətnamələrə əməl edilməsi tələbi də öz əksini tapmışdı.1993-cü il 12 noyabr tarixli, 884 saylı qətnamədə tərəflər arasında yenidən hərbi əməliyyatların bərpası ilə nəticələnən atəşkəs pozulmaları qınanılır, Ermənistan Respublikasından ermənilərin qondarma respublika üzərindəki bütün təsir vasitələrindən istifadə etməsi istənilirdi. Qətnamədə hərbi əməliyyatların dərhal dayandırılması tələb edilir, son dövrdə işğal edilmiş Zəngilan rayonu da daxil olmaqla, digər rayonlardan erməni silahlı dəstələrinin çıxması tələb edilirdi. Sonda isə əvvəl qəbul edilmiş 822, 853, 874 saylı qətnamələrə də əməl edilməsi tələb olunurdu.

Qırx dörd günlük Vətən Müharibəsində Azərbaycan işğalçı Ermənistan üzərində tam və qəti qələbə qazanaraq regionda yeni reallıq yaratdı. Düşmən torpaqlarımızdan qovuldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun işğal olunmuş ərazilərin azad edilməsi uğrunda apardığı qırx dörd günlük müharibədəki şanlı qələbəsi və 2023-cü ilin 19 sentyabrında yüksək səviyyədə qısamüddətli həyata keçirilmiş antiterror əməliyyatı ilə   beynəlxalq güclərin Azərbaycana qarşı həyata keçirmək istədikləri bütün təxribatlara, riyakarlıqlara son qoyuldu. 

Azərbaycan BMT Təhlükəsizlik Şurasının Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş torpaqların qeyd-şərtsiz dərhal boşaldılması barədə olan məlum qətnamələrini qırx dörd gün ərzində icra etdi. Bu qətnamələr 27 il idi ki, kağız üzərində qalırdı. Bu qətnamələr 27 il idi ki, sadəcə olaraq, bir çoxları üçün kağız parçası idi, təkcə Ermənistan üçün yox, başqaları üçün də. Azərbaycan hesab edirdi ki, beynəlxalq hüquq bizim tərəfimizdədir, BMT Təhlükəsizlik Şurasının qətnamələri tələb edir ki, işğalçı qüvvələr torpaqlarımızdan çıxsın. Ancaq bunun nəticəsi olmadı. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini və beynəlxalq hüququn norma və prinsiplərini icra edərək tarixi ədaləti və ərazi bütövlüyünü bərpa etdi.

2023-cü ilin oktyabrında, Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi bir günlük lokal antiterror tədbirlərindən sonra bölgəyə səfər edən BMT missiyasının üzvləri Ağdamdan keçərək Əsgəran-Xankəndi istiqamətində hərəkət edərək Laçın sərhəd-keçid məntəqəsini müşahidə etmişdilər. 30 ildən sonra baş tutan bu səfər Azərbaycanın BMT qətnamələrini öz gücü hesabına icra etdiyi bir vaxta təsadüf edirdi. Prezident İlham Əliyev həmin dövrdə təşkilatın yerinə yetirilməyən qətnamələrindən danışaraq bildirdi ki, münaqişəyə son qoymalı olan beynəlxalq təşkilatlar bu istiqamətdə heç bir nəticə əldə etmədilər: “BMT-nin dörd qətnaməsinin Ermənistan qoşunlarının ərazilərimizdən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edirdi. Lakin bu qətnamələr 27 il kağız üzərində qaldı. Biz şəhidlər verərək bu qətnamələrin icrasını təmin etdik”.

Prezident İlham Əliyevin  “İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə” adlı AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının iştirakçılarına müraciətində  artıq günümüzün reallıqları ilə uzlaşmayan təsisata çevrilən BMT Təhlükəsizlik şurasında Qlobal Cənub ölkələrinin təmsil olunmasının təmin edilməsinin çox vacib olduğu diqqətə  çatdırılıb: “Hesab edirik ki, Qlobal Cənub ölkələri yeni ədalətli dünya nizamının formalaşdırılmasında yaxından iştirak etməli və bu işə öz töhfələrini verməlidirlər. Bu xüsusda, BMT-də müvafiq islahatların aparılması, Təhlükəsizlik Şurasının daimi üzvləri sırasında Qlobal Cənub ölkələrinin təmsil olunmasının təmin edilməsi çox vacibdir”.

Bütün bunları BMT-nin Baş katibi Antonio Quterreş artıq etiraf edib. Baş katib Təhlükəsizlik Şurasının “İslahata məruz qalmış çoxtərəfliliyin yeni istiqaməti” mövzusunda keçirilən iclasındakı çıxışında bildirib ki, əksər ölkələr BMT Təhlükəsizlik Şurasının yeni geosiyasi reallıqları daha dəqiq əks etdirməsi üçün islahatların aparılmasının tərəfdarıdır: “BMT-nin daha effektiv, daha səmərəli fəaliyyəti üçün, insanların ehtiyacları və gözləntilərinə daha uyğun yanaşma üçün burada islahatlar keçirməliyik”.

Zahid Rza, “İki sahil”

Seçilən
39
ikisahil.az

1Mənbələr