Elvin Cəfərquliyev təkcə millinin oyununda can qoymur. Premyer Liqanın (PL) oyunlarında da meydanda 90 dəqiqə can yandırır. Azərbaycan-Ukrayna oyununun əslində qəhrəmanı odu.
Yeri gəlmişkən, mia.az xəbər verir ki, futbol üzrə Dünya çempionatının mərhələ turları çərçivəsində dünən öz evində Azərbaycan millisi Ukraynanı qəbul edib və görüş 1-1 hesabıyla başa çatıb. Bəlkə də oyunda qonaqlar daha çox qol vura bilərdi və Elvin kimi oyunçuların sayəsində böyük hesablı məğlubiyyətlərin önünə keçə bilirik.
Bəlkə də Elvin emosionaldı, tələsir hər şeyə. Təbii ki, biz ondan Bəhlul Mustafazadə, Musa Qurbanlı kimi soyuqqanlılıq gözləyə bilmərik. Amma futbol oturub fikirləşmək və diplomatiya məkanı deyil ki. Taktikanı yerinə yetirmək lazımdı, amma ruhunu yüksək tuta bilmirsənsə, heç bir taktikaya uya bilməzsən. Elvinin içindəki üsyan onu 90+ dəqiqə meydanda saxlayır. Qurban Qurbanov deyir ki, indi Elvin kimi meydanda uzunmüddət dözüm göstərən oyunçu tapmaq çox çətindi.
Bu arada Şevçenko da xoş gəlib, səfa gətirib.
Ay nə bilim, yeni məşqçi, yeni ruh, zad-zud. Həmin adamlar, həmin oyun. Sadəcə, müdafiədə çadır qurub oturdular Şahruddinin yanında ki, qolların sayı çox olmasın. Bir günə motivasiyamı olur, siz Allah? Özümüzünkü gəldi-filan? Milli komanda oyun-oyuncaqdı məgər? Burada işlər ümumi strategiya, ümumi prinsiplər, taktika, nizam-intizamla yürümürmü yəni? Millidə oynamaq hissindən böyük motivasiya varmı? Belə çıxır, bizimkilər Santuşa acıq edib uduzurdular indiyə qədər?
Mən bir dəfə Bədavidən soruşdum ki, siz öz klublarınzda qol vurursunuz, amma milliyə gələndə ayağınız topa çatmır, niyə millinin bayrağına və formasına hörmətsizlik edirsiniz? Bədavi mənimlə razılaşmamışdı. Onun sözlərinə görə, millidə məşqlər gec-gec olur, oyunçular bir-birini az görür, ona görə də koordinasiya yoxdu. Bəhlul da dünən deyir ki, yerli məşqçi ilə motivasiyamız var, bizə rəqib komanda barədə ətraflı məlumat verərək hazırlaşdırdı. Rəhmətliyin oğlu, rəqib barədə məlumatı sizə elə Santuş da verirdi də. İslandiya ilə oyundan öncə Emin Mahmudov demədi ki, Santuş rəqibi bizə tanıdıb? Santuşun sözünə niyə qulaq asmırdınız? Nə oldu, Emin da İslandiyada deyirdi ki, “komandada ab-hava, motivasiya çox böyükdü”. Nəyiniz çatmadı əlavə olaraq?
Bunun nəticəsidi ki, penalti ilə ovunan millinin kapitanı Emin Mahmudov Elvini də özünə qoşaraq azarkeşlərə canlı “ələm” işarəsi göstərir və Qədri-Xumu, şiəliyni, imam Əlini reklam edir. Milli futbol dəyərləri ilə bunu nə əlaqəsi var, deyə bilərsinizmi? Bu nə məzhəbpərəstlikdi? Milli motivasiya deyəndə, bunumu nəzərdə tutublar görəsən? Bu saat bütün məzhəbpərəstlər Eminin “ələm”ini paylaşıb altında “Ya sahibəzzaman, ya Əli” və daha nələr yazır, xəbəriniz varmı, ey mərtəbəyi-möhtərəm AFFA?
Nə gündədi bu milli, ey AFFA?
Şəkk eləməyim. Ağzım əyilər.
Zülfiyyə Mustafayeva
Mia.az