AZ

Uçot dərəcəsi sabit qalacaq

ain.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Trading Economics” Azərbaycanla bağlı proqnozlarını açıqlayıb

Dünyanın nüfuzlu iqtisadi tədqiqat qrupu olan “Trading Economics” (TE) dünya ölkələrində pul siyasəti, uçot dərəcəsi, inflyasiya ilə bağlı yeni proqnozlarını açıqlayıb. TE-nin ehtimallarına görə, Azərbaycanda 2025-ci ildə bank sektoru üçün faiz dəhlizi sabit qalacaq. Azərbaycan Mərkəzi Bankının (MB) yürütdüyü uçot siyasəti təmkinli və konservativ olmaqla, mövcud ssenarilər üzrə davam etdiriləcək. “Trading Economics” hesab edir ki, ölkəmizdə faiz dərəcələri üçüncü və dördüncü rüblərdə 7 faiz intervalında qalacaq.

Tədqiqat qrupunun Azərbaycanın bank sektoru ilə bağlı ssenariləri Mərkəzi Bankın uçot dərəcəsi üzrə fərziyyələri ilə demək olar ki, tam üst-üstə düşür. Belə ki, Mərkəzi Bank cari il iyulun 24-də son iclasında uçot dərəcəsini 7 faiz, faiz dəhlizinin aşağı həddini 6 faiz, dəhlizin yuxarı həddini isə 8 faiz həddində müəyyənləşdirib. Uçot dərəcəsinin həddi əvvəlki 2 aylıq 7,25 bəndə nisbətən 0,25 faiz aşağı salınıb. Qərar ölkədəki mövcud inflyasiya hədəfləri dəhlizinə və gözləntilərə, eləcə də valyuta bazarında vəziyyətə əsasən qəbul edilib. Beləliklə, son qlobal iqtisadi proseslər, daxili makroiqtisadi vəziyyət, valyuta bazarında davam edən sabitlik, həmçinin pul siyasəti qərarlarının ötürücülüyü uçot siyasətində yumşalmanı labüdləşdirib.

Mərkəzi Bankın ehtimalları nikbindir

Məlumdur ki, uçot dərəcəsi cari iqtisadi vəziyyət və inflyasiya səviyyəsi nəzərə alınaraq təyin edilir. Əgər inflyasiya səviyyəsi yüksəlirsə, Mərkəzi Bank uçot dərəcəsini yüksəldir və əksinə, inflyasiya səviyyəsi endikcə, uçot dərəcəsi də endirilir. Mövcud vəziyyət göstərir ki, Azərbaycanda inflyasiya proqnozlaşdırılan trayektoriya ilə hərəkət edir. Dünya əmtəə, xüsusilə də ərzaq qiymətlərinin davamlı azalması, beynəlxalq daşıma xərclərinin pandemiyadan əvvəlki səviyyəyə yaxınlaşması, ticarət tərəfdaşlarında həyata keçirilən sərt pul siyasəti və nominal effektiv məzənnənin bahalaşması inflyasiya idxalına azaldıcı təsir göstərib. Belə ki, qlobal iqtisadi aktivliyin zəifləməsi, eləcə də qlobal əmtəə, enerji və ərzaq qiymətlərində azalmanın davam etməsi ölkəyə inflyasiya idxalını məhdudlaşdırıb. Təhlillərə əsasən, son aylarda xarici amillər üzrə qeyri-müəyyənliklər qalsa da, onların inflyasiyaya artırıcı təsiri əhəmiyyəti olmayıb. Beynəlxalq Valyuta Fondunun məlumatına görə, 2025-ci ilin iyununda əmtəə qiymətləri indeksi illik 0,6 faiz, o cümlədən ərzaq qiymətləri indeksi 4,2 faiz azalıb. Məhz bu amillər Azərbaycanı xarici inflyasiya təzyiqlərindən neytrallaşdırır. “Trading Economics” sabit uçot dərəcəsi ilə bağlı baxışları da bu ssenarilərə əsaslanır.

2025-ci və 2026-cı illərdə inflyasiya hədəf diapazonu daxilində qalacaq

Mərkəzi Bankın bir müddət açıqladığı proqnozlara əsasən, cari ildə inflyasiya proqnozu 2025-ci və 2026-cı illərdə hədəf diapazonu daxilində (4±2%) qalacaq. MB-nin iyul proqnozuna görə, inflyasiya 2025-ci ildə 5,7 faiz  təşkil edəcək. 2025-ci ilin illik inflyasiya proqnozuna dövlət istehlakı 0,5 faiz-bənd, ev təsərrüfatlarının istehlakı 1,26 faiz-bənd, kənd təsərrüfatı istehsalçıları qiymətləri üzrə 3,17 faiz-bənd, ticarət tərəfdaşlarında inflyasiya 2,78 faiz-bənd artırıcı təsir göstərəcək.

İstehlak qiymətləri indeksi üzrə proqnozların reallaşması bir sıra xarici və daxili amillərin dəyişimindən asılı olacaq. Belə ki, qlobal iqtisadiyyatda geosiyasi gərginliyin yüksək qalması, qlobal fraqmentasiya şəraitində mühüm ticarət marşrutlarında yaranan maneələr və qeyri-müəyyənliyin davam etməsi əmtəə qiymətlərinin yüksəlməsinə və qlobal inflyasiya proseslərinin sürətlənməsi fonunda idxal inflyasiyası vasitəsilə ölkədaxili inflyasiyaya artırıcı təsir göstərməsinə səbəb ola bilər. Eyni zamanda, qlobal iqlim dəyişikliklərinin məhsuldarlığa və qlobal ərzaq istehsalına təsiri gözləniləndir. Daxili faktorlardan inflyasiyanı artıra biləcək başlıca risk isə yerli xərc amillərinin və məcmu tələbin izafi artımı ilə əlaqədardır.

Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarlar faktiki və proqnozlaşdırılan inflyasiya, xarici və daxili risk amillərinin dinamikasından asılı olaraq veriləcək. Qarşıdakı aylarda uçot dərəcəsi xarici bazarlar, ölkədəki cari iqtisadi vəziyyət və inflyasiya səviyyəsi nəzərə alınaraq müəyyənləşəcək. Xarici faktorlarda əsas rol oynayan mal və əmtəələrin, xüsusilə də qlobal ərzaq bahalaşması gözlənilmir. Doğrudur, geosiyasi amillər risk olaraq qalır, ancaq enerji daşıyıcılarının ucuzlaşması tendensiyası, sənaye və xammalların qiymətində sabitlik beynəlxalq qiymət bazarlarını təhdid etmir.

E. CƏFƏRLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
yeniazerbaycan.com

2Mənbələr