AZ

İkinci Qazaxıstan Azərbaycan Turizm Forumu keçirilib

525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Quba şəhərində İkinci Qazaxıstan-Azərbaycan Turizm Forumu keçirilib.

525.az xəbər verir ki, tədbirdə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel, Quba şəhərindən seçilən Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə, Azərbaycan Dövlət Turizm Agentliyinin nümayəndələri, ictimai xadimlər və hər iki ölkədən 56 turizm şirkətinin nümayəndələri iştirak ediblər.

Səfir Alim Bayel çıxışında iki qardaş ölkə arasında turizm axınının artmasını məmnunluqla qeyd edib. Diplomat, Azərbaycana Mərkəzi Asiyadan gələn bütün turistlərin təqribən 50 faizinin Qazaxıstanın payına düşdüyünü vurğulayıb:

"Qazaxıstan Azərbaycana gələn turistlərin sayına görə Rusiya, Türkiyə, Hindistan, İran və Gürcüstandan sonra 6-cı yeri tutur. Azərbaycan qazaxıstanlılar üçün Bakının gözəlliyi, mənzərəli təbiəti, mədəniyyət və dil yaxınlığı, həmçinin müntəzəm birbaşa aviareyslərin mövcudluğuna görə maraqlıdır".

A.Bayel, həmçinin Qazaxıstanda, Alaköl gölünün sahilində Qazaxıstan–Azərbaycan sərmayələrinin cəlb olunması ilə sanatoriya–kurort kompleksinin planlaşdırılan tikintisinin xüsusi əhəmiyyətini vurğulayıb. Müasir kompleksin inşası turizm sahəsində iki ölkənin əməkdaşlığında əlamətdar bir hadisə olacaq.

Deputat Ə.Məhərrəmzadə yalnız Qazaxıstandan Azərbaycana deyil, eyni zamanda əks istiqamətdə turist axınının artırılmasının vacibliyini vurğulayıb. Parlament üzvü əmindir ki, turizm sahəsi iki xalqın yaxınlaşmasında, bir-birinin mədəniyyətini və ənənələrini öyrənməsində mühüm rol oynayır. Azərbaycanın Dövlət Turizm Agentliyinin, Qazaxıstanın və Azərbaycanın turizm şirkətlərinin, həmçinin “Air Astana” aviaşirkətinin nümayəndələri öz xidmətləri və turizm paketləri, hər iki ölkənin təbiət gözəllikləri və görməli yerləri haqqında məlumat veriblər.

Tədbir çərçivəsində B2B görüşlər, həmçinin qazaxıstanlı qonaqlara Quba regionunun turizm potensialı nümayiş etdirildiyi tanışlıq səfərləri təşkil olunub.

Qeyd edək ki, Birinci Turizm Forumu 2024-cü ildə Qazaxıstanın Azərbaycandakı səfirliyində keçirilib və hər iki ölkənin turizm sektorunun nümayəndələri arasında böyük marağa səbəb olub. İki ölkə arasında turizm axınları bir il ərzində xeyli artıb. Belə ki, Azərbaycanın Dövlət Turizm Agentliyinin statistikasına görə, cari ilin yanvar–iyul aylarında Azərbaycana təqribən 59 min qazaxıstanlı turist səfər edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 58 faiz çoxdur. Eyni dövr ərzində Qazaxıstana səfər edən azərbaycanlıların sayı 48 faiz artıb.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 8 sentyabr 2025-ci il tarixində xalqa illik müraciətində, turizm infrastrukturunun kompleks inkişafının hökumətin əsas prioritetlərindən biri olduğunu bildirib. 

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
35
525.az

1Mənbələr