AZ

“Universitetləri bölgələrə köçürmək olmaz”

Əgər son 35 ildə paytaxtda universitet qura bilmədiksə, bu yanaşma ilə regionlarda universitet qura bilmərik. Universitetlər regionlara köçürülərsə, bu təhsilin keyfiyyətinə mənfi təsir edər. Paytaxtdakı univetsitetləri hələ də universitet halına gətirməmişik, bunu indi regionlarda necə edəcəyik?

Tribunainfo.az xəbər verir ki, bu sözləri dosent İlham Əhmədov sosial şəbəkə hesabında yazıb. Universitetlərin regionlara köçürülməsinin əleyhinə olan dosent əlavə edib ki, illərlə maliyyənin keyfiyyətə yox belə işlərə sərf edilməsi universitetləri inkişafdan saxlayıb:

“Universitetlərimizi hələ də universitet edə bilməmişik. Hələ də ictimai əsaslarla universitetlərimizi “inkişaf” etdiririk. Bazar iqtisadiyyatı dövründə müasir universitet quruculuğuna belə bəsit yanaşma, təhsil idarəçiliyində qeyri peşəkarlığın zirvəsidir. Burda qənaət edilən maliyyə sonralar tikinti-təmir işlərində gen bol israf edilir. Amma illərlə maliyyənin tərsinə, yəni keyfiyyətə yox, belə əhəmiyyətsiz məsələlərə israf edilməsi, universitetlərimizi illərlə inkişafdan saxladı.

Əgər son 25 ildə hər bir universitet ortalama ildə 2-3 milyon manatlıq təmir işləri aparıbsa, bu 25 il ərzində təxminən 50-70 milyon manatlıq təmir deməkdir. Amma bu illər ərzində həmən universitet təhsilin keyfiyyətinə və elmi tədqiqatlara heç 1 milyon da xərcləməyib. Bu məbləği ölkədəki universitetlərin sayına vursaq, 25 illik israf 2-3 milyard manat edir, amma bu məbləğdən inkişafyönlü işlərə çox cüzi vəsait ayrılıb. Təəssüf ki, əksər universitetlər bu məbləği təhsilin keyfiyyətinə yox, təmir-tikintiyə investisiya ediblər. İndi də bu binaları, divarları orada edilən 2-3 milyard manatlıq təmir işlərini Bakıda tərk edib, 0-dan regionlarda universitet yaratmaq istəyirik. Bu seçim nə dərəcədə rasional olar? Bütün bu problemlər ölkədə ali təhsil strategiyasının yoxluğu səbəbi ilə yaranır”.

İ.Əhmədov əlavə edib ki, paytaxtdakı univetsitetləri hələ də universitet halına gətirməmişik, bunu indi regionlarda etməli olacağıq:

“Bakıdakı universitetlərdən regionlardakı yeni kampuslara daşına biləcək heç bir elm, təhsil, məzmun və digər əhəmiyyətli resurslar yoxdur. Çünki o resurslar heç vaxt yaradılmayıb, onlara heç vaxt investisiya qoyulmayıb.
Bu gün universitetlərimizin məzunlarının səviyyəsinə baxanda, aydın görürük ki, onlar əmək bazarı tələblərinə cavab vermirlər. Buna görə də universitetlərimizin inkişafını təmin etməli, səviyyələrini yüksəltməliyik”.

Gülşən Rəsul

Seçilən
9
1
tribunainfo.az

2Mənbələr