AZ

Azərbaycanın yeni tranzit missiyası qlobal önəm daşıyır

Xalq qazeti saytından alınan məlumata görə, ain.az bildirir.

Çin əyalətindən çıxan ilk yük qatarı İstanbula yön alıb

Asiyanın ən dinamik iqtisadi zonalarından sayılan Quandon əyalətinin paytaxtı Quancou şəhərindən yola çıxan ilk yük qatarı Mərkəzi Asiya, Xəzər dənizi, Azərbaycan və Gürcüstan vasitəsilə İstanbul istiqamətinə hərəkətə başlayıb. Bu marşrut Böyük Körfəz regionunu – Quandon, Honkonq və Makaonu Türkiyə bazarları ilə birləşdirən logistik dəhlizdə strateji dönüş nöqtəsi kimi qiymətləndirilir.

Quancou beynəlxalq limanından yola salınan qatar 50 konteynerdən ibarət yük daşıyır. Məişət texnikası, geyim və gündəlik tələbat malları ilə dolu bu konteynerlər təxminən 20 gün ərzində İstanbul limanına çatdırılacaq. Marşrut dəniz və dəmir yolu prinsipinə əsaslanan yeni plan üzərində qurulub. Qatar Sincan Uyğur Muxtar rayonunun Horqos sərhəd məntəqəsindən Qazaxıstana daxil olur, yük Aktau limanına daşınır. Ardınca konteynerlər Xəzər üzərindən bərə ilə Bakıya gətirilir, Azərbaycan dəmir yolları ilə Qara dənizə ötürülür və oradan yenidən bərə ilə Trabzon limanına çıxarılır. Son mərhələdə isə yüklər dəmir yolu ilə İstanbul istiqamətinə hərəkət edir.

Təxminən 10 min kilometr uzunluğunda olan marşrut iki dənizi – Xəzəri və Qara dənizi birləşdirərək yeni strateji nəqliyyat xəritəsi yaradır. Ənənəvi dəniz yolundan 30 faiz daha qısa olan xətt daşıma müddətini də təqribən iki həftə azaldır. Beləliklə, Orta Dəhliz üzərindən reallaşan bu layihə həm regional iqtisadi əməkdaşlığın, həm də qlobal logistikanın yeni mərhələsini formalaşdırır.

Yeri gəlmişkən, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzərindən Çin–Avropa dəmiryol ekspres xəttinin fəaliyyətə başlamasından artıq beş il keçir. Bu müddətdə marşrut yalnız sabit fəaliyyət göstərməklə kifayətlənməyib, həm də bölgədə yeni logistik reallıq formalaşdırıb.

Beş il ərzində 51 müxtəlif istiqamət üzrə daşımalar həyata keçirilib və ümumilikdə 4 182 TEU konteyner göndərilib. Cənub marşrutları ilə daşınan yüklərin 17 faizi məhz bu ekspres xəttin payına düşüb və onun regional logistika xəritəsində xüsusi mövqe qazandığını göstərib. Rəqəmlər bir daha sübut edir ki, xətt üzərindən hərəkət intensiv şəkildə artıb. Son beş ildə 237 qatar işə salınıb, daşınan konteynerlərin ümumi sayı isə 19 470 TEU-ya çatıb.

Daşımaların iqtisadi bölgüsü də diqqətçəkəndir. Mərkəzi Asiya üzrə yük dövriyyəsi 4,76 milyard yuan, Avropa istiqaməti üzrə 1,76 milyard yuan, Azərbaycan üzrə isə 2,02 milyard yuan – yəni təqribən 202 milyon manat təşkil edib. Bu faktlar bir daha göstərir ki, Bakı bu marşrutda strateji tranzit məntəqə rolunu oynayır.

Xətt üzrə əsasən, gündəlik istehlak malları, sənaye məhsulları, kimya sənayesi üçün xammal, iri avadanlıqlar və avtomobil hissələri daşınıb. Beləliklə, dəmir yolu xətti iqtisadiyyatların bir-birinə bağlanmasının canlı nümunəsinə çevirilib.

Akif NƏSİRLİİqtisadçı - ekspert

Yeni açılan Quancou–İstanbul yük qatarı marşrutu əslində həm Çin, həm də region ölkələri üçün strateji əhəmiyyətli hadisədir.  Məsələyə Çinin iqtisadi və geosiyasi maraqları kontekstindən yanaşsaq, Quandon (Guangdong) və Quancou şəhəri Çinin ixracat potensialının ən güclü mərkəzlərindən biridir. Buradan Türkiyəyə birbaşa yük dəhlizinin açılması Çinin Avropa bazarlarına çıxış imkanlarını şaxələndirir.

Pekin üçün Orta Dəhliz həm Rusiyadan asılılığı azaltmaq, həm də “Bir kəmər, bir yol” təşəbbüsündə marşrutların balanslaşdırılması baxımından əhəmiyyətlidir. Marşrut Azərbaycanı logistika qovşağına çevirən əsas faktorlardan biridir. Çin-Türkiyə qatarının Xəzər və Azərbaycan üzərindən keçməsi Bakı-Tbilisi-Qars dəmiryolunun, eləcə də Ələt limanının tranzit imkanlarını daha da artırır. Bu dəhliz Gürcüstan və Qazaxıstan üçün də əlavə iqtisadi dividendlər gətirəcək. Türkiyə Çini Yaxın Şərq, Aralıq dənizi və Avropa ilə birləşdirən strateji mərkəz kimi çıxış edir. İstanbulun seçilməsi təsadüfi deyil. Buradan həm Avropa İttifaqı bazarına, həm də Aralıq dənizi limanlarına daşımalar daha rahat təşkil olunur. İlk marşrutun uğurlu icrası Orta Dəhlizin rəqabət qabiliyyətini artırır. Çünki Şimal marşrutu (Rusiya üzərindən) sanksiyalar səbəbindən məhdudiyyətlərlə üzləşir, Cənub marşrutu isə (dənizlə Süveyş kanalı vasitəsilə) daha uzun və risklidir. Bu dəhliz həm Çinin, həm də region ölkələrinin “logistika alternativləri” portfelini zənginləşdirir və Mərkəzi Asiya-Qafqaz-Türkiyə xəttini daha cəlbedici edir. Statistik məlumatdan göründüyü kimi, son 5 ildə Trans-Xəzər xətti üzrə daşımaların davamlı artması region ölkələrinin bu istiqamətdə birgə koordinasiyasının nəticəsidir.

Eyni zamanda yeni marşrut Ələt limanını regionun əsas qovşaqlarından birinə çevirir. Burada anbar, logistika, gömrük xidməti və emal mərkəzlərinin inkişafı üçün tələbat yaranır. Bu isə həm xarici investorları, həm də yerli biznesləri cəlb edə bilər.

Nəticədə Quancou-İstanbul marşrutu Azərbaycanın tranzit gəlirlərini artırmaqla yanaşı, Ələt limanı və logistika sektorunun inkişafına güclü təkan verəcək. Bu, Azərbaycanın “logistika qovşağı”na çevrilməsi strategiyasını sürətləndirir və ölkəyə uzunmüddətli iqtisadi üstünlüklər qazandırır.

Eyyub KƏRİMLİİqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri

Quandon əyalətindən yüklərin bu gün Orta Dəhliz vasitəsilə Türkiyəyə çatdırılması Azərbaycanın bu dəhlizdə mərkəzi mövqeyini daha da möhkəmləndirir. Bu, xüsusən də Xəzər dənizi üzərindən yük daşımalarının artmasına, limanlarımızın dəmir yolu və avtomobil infrastrukturundan daha səmərəli istifadə olunmasına, nəticədə isə nəqliyyat sahələrinin imkanlarının genişlənməsinə səbəb olur.

Bununla yanaşı, ölkəmiz həm şərqə, həm də Çinin cənub dəhlizinə çıxış baxımından vacib tranzit məkanına çevrilir. Çinin ən iri istehsal bölgələrindən biri olan Quandon əyalətindən yüklərin Azərbaycan üzərindən daşınması Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin strateji əhəmiyyətini bir daha artırır. Bu marşrut həm geniş istehlak bazarına, həm də Avropa ölkələrinin Çinə daha qısa və təhlükəsiz şəkildə birləşməsinə imkan yaradır. Nəticədə yüklərin vaxt baxımından daha sürətli, nəqliyyat tarifləri baxımından isə daha sərfəli daşınması təmin olunur.

Eyni zamanda Azərbaycanın strateji tərəfdaşlıqları daha da dərinləşir. “Bir kəmər, bir yol” təşəbbüsündə ölkəmiz xüsusi rol oynayır və bu marşrutun fəaliyyətə başlaması ilə yüklərin daşınmasının sürətlənməsi, həcminin artması ticarət dövriyyəsinin yüksəlməsinə, enerji və texnologiya sahələrində yeni əməkdaşlıq imkanlarının formalaşmasına şərait yaradır.

Nəticə olaraq demək olar ki, iki-üç qatarın belə Orta Dəhliz vasitəsilə hərəkət etməsi Azərbaycanın tranzit mərkəzi kimi mövqeyinin daha da gücləndiyini göstərir.

Nurlan ABDALOVXQ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
1
xalqqazeti.az

2Mənbələr