AZ

Yollarda şütüyən "ölüm" maşınları- onları necə tormozlamalı

Son günlər yük maşınlarının sürücüləri faciələrə səbəb olan dəhşətli qəzalar törədir; yol polisi və ekspert həyəcan təbili çalır

Bakı-Qazax magistralında Türkiyəyə məxsus TIR qəza törədib. Baş DYP İdarəsi xəbər verir ki, hadisə yolun 312-ci kilometrliyində, Goranboy rayonu ərazisində qeydə alınıb.

İlkin araşdırmalara əsasən, “Mercedes” markalı yük avtomobilinin sükanı arxasında olan 2002-ci il təvəllüdlü Türkiyə vətəndaşı Taha Ali Şimşek idarəetməni itirərək əvvəlcə yolun ortasında yerləşən maneələrə çırpılıb, daha sonra isə qeyri-yaşayış obyektinə daxil olub. Qəza nəticəsində sürücü yüngül xəsarət alıb. İlkin ehtimala görə, hadisənin səbəbi sürücünün sükan arxasında diqqətini itirməsi olub. Faktla bağlı araşdırma aparılır.

“Baş Dövlət Yol Polisi İdarəsi uzun məsafələrə səfərə çıxan sürücülərə yenidən müraciət edərək diqqətə çatdırır ki, yola çıxmazdan əvvəl mütləq istirahət etmək, səhhətə diqqət yetirmək, hərəkət zamanı isə fasilələrlə dincəlmək həyati zərurətdir. Yorğun, diqqətsiz və hazırlıqsız halda sükan arxasına əyləşmək qəza riskini dəfələrlə artırır. Sürət həddinə riayət olunması, təhlükəsizlik kəmərindən istifadə və diqqətin yalnız yola yönəldilməsi yol-nəqliyyat hadisələrinin qarşısını almağın əsas şərtlərindəndir”, - məlumatda vurğulanıb.

Xatırladaq ki, Bakının Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Hərəkətdə olan “KamAZ” markalı yük maşını idarəetmədən çıxaraq minik avtomobilinin üzərinə aşıb. Hadisə nəticəsində 3 nəfər həyatını itirib. Bu olayın görüntüləri sosial medianın Azərbaycan seqmentində geniş müzakirələr açıb. Bunun ardınca daha bir yük maşını sürücüsünün Qazax yolunda qəza törətməsi və DYP-nin çağırışı vəziyyətin ciddiliyindən xəbər verir. Artıq yük maşınlarının sürücüləri ilə bağlı addımlar atılmalıdır. Yəni onların hər gün yoxlanılması, nəzarət gücləndirilməlidir. Çünki əksəriyyəti yorğunluqdan, yuxusuzluqdan idarəetmə qabiliyyətini itirir. 

Nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı bildirdi ki, qəzaların sayının artması artıq narahatlıq doğurmağa başlayıb. Onun sözlərinə görə, bu, ciddi siqnaldır: “Qəzaların sayının azalması üçün mübarizə tədbirləri çərçivəsində əsas yeri maarifləndirmə tutur desələr də, sərt qərarlar, ciddi nəzarət mexanizmləri daha yaxşı effekt verir. Bunu zamanında tətbiq etmək lazımdır. Düşünürəm ki, üç əsas amilə diqqət yetirməliyik: sürücülər, avtomobil və yol. 

Sürücülərimizin yol hərəkəti ilə bağlı biliklərinin yüksək səviyyədə olduğunu deyə bilməyəcəm, çünki real mənzərə göz önündədir. 1000 sürücüdən 500-ü savadlı sürücü hesab olunmur, elementar qaydaları dəqiq bilmirlər. Yol hərəkəti qaydalarının əlifbasını təşkil edən manevrə başlama, dayanma, hərəkətə başlama kimi sadə qaydaları bilməyən sürücülər var. Hər kəs sürücü olmamalıdır. Sağlamlığında problem olan şəxslər yola çıxıb “kamikadzelik” edirlər. Hərdən mənə elə gəlir ki, bu cür aqressiya ancaq Azərbaycandadır. Bəlkə başqa ölkələrdə də var, amma sanki ölkəmizdə gərginlik həddən artıq çoxdur. Yol-nəqliyyat hadisələrinə diqqət yetirsək, ötmə, yükdaşıma qaydalarını pozma, piyada keçidlərindən istifadə etməmə kimi səbəblər çoxluq təşkil edir. Yük maşınının iştirakı ilə olan qəzalar bəzi hallarda əyləc sistemlərində yaranan problemlə də əlaqəli olur. Ötən həftə azyaşlıların ölümü ilə nəticələnən 2 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Dəhşətli faciədir, ata qəza törədir, övladı isə qəzada ölür".

Ekspert vurğuladı ki, ölkəmizdə nəqliyyat vasitələrinə texniki qulluq məsələsi də qənaətbəxş deyil: “Sürücülər texniki baxışa candərdi gedirlər. Qanunda da qeyd olunub ki, sürücü avtomobilini saz vəziyyətdə saxlamalıdır. Texniki qulluğun vaxtında aparılmamasına görə 5 il azadlıqdan məhrumetmə cəzası tətbiq olunur. Avtomobil parkımız bərbad vəziyyətdədir. Maşın alverçiləri yararsız vəziyyətdə olan avtomobillərə kosmetik dəyişiklik edib təzə maşınlar kimi satırlar. Onlar insanların həyatını təhlükəyə atan cinayətkarlardır. O cür maşınların Azərbaycana gətirilməsi qadağan edilməlidir. Üçüncü ən böyük amil isə yol təsərrüfatıdır. Yolların işıqlandırılması ciddi problemdir. Statistik göstəricilərə nəzər saldıqda görürük ki, ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələrinin 50 faizi günün qaranlıq, yaxud toranlıq vaxtına düşür. Əlimizdə bu qədər enerji resursları ola-ola ölkəmizdə yollar işıqlandırılmır. Gürcüstan kasıb ölkədir, işığı, qazı bizdən alır, amma orada küçələr işıqlıdır. "Yol hərəkəti haqqında" Qanunun 7-ci maddəsində yazılıb ki, insan həyatı dövlətin iqtisadi maraqlarından üstündür. İnsan həyatı üçün risk yaradacaq məsələdə “xərci çoxdur” yanaşması olmamalıdır. Birinci növbədə insan həyatına dəyər vermək lazımdır. Bir insanın belə öldüyü ərazidə mütləq təhlükəsizlik təmin edilməlidir. Azərbaycanda isə eyni yerdə dəfələrlə yol-nəqliyyat hadisəsi baş versə də, ölüm qeydə alınsa da, aidiyyəti qurumlar lazımi addımları atmırlar. Sözügedən qanunda həmçinin qeyd olunub ki, dövlətin məsuliyyəti vətəndaşın məsuliyyətindən çoxdur. Söhbət aidiyyəti dövlət qurumlarından gedir. Onlar məsuliyyəti dərk etməli, vaxtında qabaqlayıcı tədbirlər görməlidirlər, o cümlədən nəzarəti gücləndirmək lazımdır".(yeni.musavat)

Seçilən
11
2
avtosfer.az

3Mənbələr