AZ

İnflyasiya proqnozu açıqlandı

2025-ci ilin iyulunda 12 aylıq inflyasiya 5% təşkil edib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, hazırda illik inflyasiya proqnozlaşdırılan trayektoriyaya yaxın hərəkət edir:

“2025-ci ilin iyulunda 12 aylıq inflyasiya 5% təşkil edib. İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6.2%, ödənişli xidmətlər üzrə 5.6%, qeyri-qida məhsulları üzrə isə 2.1% təşkil edib. İllik baza inflyasiya isə 4.6% olub.

Beynəlxalq mühitdə qeyri-müəyyənliklər hələ də qalmaqdadır. Lakin onların daxili inflyasiyaya artırıcı təsiri son aylarda əhəmiyyətli olmayıb. Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatına görə 2025-ci ilin iyulunda əmtəə qiymətləri indeksi illik 0.7%, o cümlədən ərzaq qiymətləri indeksi 3.3% azalıb. BVF iyulda 2025-ci il üzrə qlobal inflyasiya proqnozunu azalma istiqamətində dəyişib, 2026-cı ilə dair proqnozu isə dəyişməz saxlayıb”.

“Bu ilin ötən dövründə həm nağd, həm də qeyri-nağd seqmentləri əhatə etməklə valyuta bazarında ümumi təklif tələbi üstələmişdir. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsinin son 12 ayda 1.5 faiz bəndi azalaraq 2025-ci ilin avqustunda 29.3%-ə enməsi məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir. Valyuta bazarında tarazlığın əsas amili olan xarici sektor göstəriciləri əlverişli olaraq qalır. İlkin rəqəmlərə görə tədiyə balansının cari əməliyyatlar balansında 6 ay ərzində 2.3 mlrd. ABŞ dolları məbləğində və ya ÜDM-in 6.3%-i səviyyəsində müsbət saldo qeydə alınıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ilin 7 ayında da xarici ticarət balansının müsbət saldosu 1.6 mlrd. ABŞ dolları təşkil edib. Mərkəzi Bankın 2025-ci və 2026-cı illərin yekunu üzrə tədiyə balansının cari hesabının profisitli olacağı ilə bağlı proqnozu dəyişməz qalır.

Ötən iclasdan bəri inflyasiya üzrə risk balansında əhəmiyyətli dəyişiklik müşahidə olunmayıb. Qlobal ticarətdə gedən proseslər əmtəə və maliyyə bazarlarında dalğalanmalara səbəb olmaqda davam edir. Bu şəraitdə idxal qiymətləri inflyasiyanın əsas xarici risk faktoru kimi hesab olunur. Bu amil isə ticarət tərəfdaşlarında inflyasiyadan və nominal effektiv məzənnənin dinamikasından asılıdır. İnflyasiyanı artıra biləcək əsas daxili risk faktoru isə xərc amillərinin aktivləşməsi və məcmu tələbin izafi artımı qeyd oluna bilər. Bu ilin sonunadək məcmu tələbin dinamikası başlıca olaraq dövlət xərclərinin icrasından asılı olacaqdır. 2025-ci ilin sonuna kredit qoyuluşlarının illik artım tempinin 2024-cü illə müqayisədə aşağı olacağı gözlənilir.

 Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar faktiki inflyasiyanın dəyişimi, oktyabrda yenilənəcək makroiqtisadi proqnozlar, eyni zamanda xarici və daxili risk amillərinin dinamikasından asılı olaraq veriləcək. Proqnozlar yenilənərkən 2025-ci ilin qalan dövrü və 2026-cı il üzrə dövlət xərclərinin gözlənilən dinamikası da nəzərə alınacaqdır. Mərkəzi Bank bundan sonra da qiymət sabitliyini təmin etmək üçün sərəncamındakı bütün vasitələrdən istifadə etməyə davam edəcək”, - məlumatda bildirilib.

"Cebheinfo.az" 

Seçilən
16
cebheinfo.az

1Mənbələr