AZ

NEPALDA KOMENDANT SAATI TƏTBİQ EDİLİB » AzadMedia.az

NEPALDA

Nepalın paytaxtı Katmanduda ordu küçələrə çıxarılıb. Silahlı əsgərlər şəhərin əsas nöqtələrində keşik çəkir, vətəndaşlara evdə qalmağı əmr edir, nəqliyyat vasitələri ilə piyadaları yoxlayırlar. Bu addım, son günlərdə baş verən genişmiqyaslı iğtişaşların qarşısını almağa yönəlib.Ordu nadir hallarda küçələrə çıxsa da, polis vəziyyəti nəzarətdə saxlaya bilmədiyi üçün bu dəfə hərbi qüvvələr müdaxilə edib. Nəticədə bir sıra nazirlər helikopterlərlə təhlükəsiz ərazilərə aparılıb. Ordudan verilən açıqlamaya görə, qarət və iğtişaşlarla bağlı 21 nəfər saxlanılıb.

Sentyabrın 9-da nümayişçilər dövlət binalarını, siyasətçilərin evlərini yandırıb, bəzi rəsmilərə hücum ediblər. Hökumət sarayı yanğın nəticəsində tamamilə məhv olub. “The Himalayan Times” yazır ki, kütləvi iğtişaşlarda 500-dən çox insan xəsarət alıb. “Khabarhub” isə xəbər verir ki, etirazçılar sabiq baş nazir Jhalanath Khanalın evinə hücum edərək yandırıblar. Hadisə nəticəsində onun həyat yoldaşı Rajyalaxmi Chitrakar ağır yanıq xəsarətləri alıb.

Baş nazir istefa versə də, etirazlar səngiməyib. Aksiyalar korrupsiya ittihamları, işsizlik və sosial ədalətsizliklə bağlı narazılıqlar fonunda davam edir.
Rəsmi məlumata görə ölkənin hava limanları sentyabrın 11-i ən azı saat 00:00-a qədər bağlı olacaq.

Qeyd edək ki, Hökumət WhatsApp, Instagram və Facebook da daxil olmaqla 26 platformanı qeydiyyata düşmədiyi üçün bağlamaq qərarı vermişdi. Qadağa qısa müddət sonra ləğv edilsə də, narazılıqlar dayanmayıb.Avstraliya, Yaponiya, ABŞ, Almaniya və digər ölkələrin səfirlikləri birgə bəyanat yayaraq bütün tərəfləri təmkinli olmağa və insan hüquqlarına hörmətlə yanaşmağa çağırıb.

Seçilən
3
1
azadmedia.az

2Mənbələr