AZ

Sərhəddə qara buludlar: NATO və Rusiyanın gərgin oyunu hara aparır?

ain.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Polşada gərginlik artır. Gecə saatlarında ölkənin hava məkanına naməlum obyektlərin daxil olması və onların Polşa hərbçiləri tərəfindən vurulması regionda ciddi narahatlıq yaradıb.

Rəsmi məlumatı Baş nazir Donald Tusk özünün “X” hesabında açıqlayıb.

Baş nazir bildirib ki, Polşa hava məkanının çoxsaylı pozuntusu ilə bağlı geniş əməliyyat həyata keçirilir. Onun sözlərinə görə, ordu obyektlərə qarşı silahdan istifadə edib və vəziyyətə nəzarət üçün Prezident və müdafiə naziri ilə daimi əlaqə saxlayır. Tusk həmçinin birbaşa əməliyyat komandirindən hesabat aldığını vurğulayıb.

Ukrayna tərəfi insidentlə bağlı açıqlama verərək Rusiyaya məxsus bir neçə pilotsuz uçuş aparatının Ukrayna üzərindən Polşaya daxil olduğunu bildirib. Lakin Polşa hərbçilərinin vurduğu dronların məhz Rusiya istehsalı olub-olmaması barədə hələ dəqiq təsdiqlənmiş məlumat yoxdur. İlkin məlumata görə, Polşa qırıcıları ən azı dörd pilotsuz təyyarəni zərərsizləşdirib.

Polşa hava məkanının Rusiya mənşəli olduğu ehtimal edilən pilotsuz uçuş aparatları tərəfindən pozulması və bu obyektlərin Polşa ordusu tərəfindən vurulması bölgədə yeni müharibə riskini artıra bilərmi? Bu hadisə NATO–Rusiya münasibətlərində gərginliyin dərinləşməsinə və daha genişmiqyaslı hərbi toqquşmaya yol aça bilərmi?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən siyasi şərhçi Mübariz Göyüşlü bildirib ki,  Rusiyanın Avropa və NATO ilə sərhəddə yerləşən ölkələrlə, xüsusilə də Finlandiya, Baltikyanı ölkələr, Belarusla sərhəddi olan Polşa və digər Şərqi Avropa dövlətləri ilə genişmiqyaslı müharibəyə başlaması riski kifayət qədər yüksək qiymətləndirilsə də, reallıqda bu ehtimal o qədər də böyük deyil:

"Dron, raket və ya aviasiya hücumlarının baş verməsi mümkündür və bu, regionda hərbi gərginliyi artırır. Lakin bunun tammiqyaslı müharibəyə çevriləcəyini düşünmürəm. Çünki bu ölkələr nə Gürcüstandır, nə də Ukrayna. Adıçəkilən yerlər təkbaşına üzərinə hücum ediləcək dövlətlər deyillər. Onlar NATO üzvüdürlər və hərbi-texniki imkanları, insan resursları, eləcə də Alyansın dəstəyi onları fərqli mövqeyə gətirir".

Mübariz Göyüşlü: Hazırda Moskva daha çox nüvə silahı ilə təhdid siyasətindən istifadə edir

Onun sözlərinə görə, Rusiyanın bu ölkələrlə genişmiqyaslı müharibəyə başlamaq üçün nə hərbi, nə texniki, nə də insan resursları potensialı mövcuddur. Biz bunu artıq Ukraynada bir neçə ildir davam edən müharibənin nəticələrindən, Rusiyanın “uğur” adlandırdığı, amma əslində məhdud nailiyyətlərindən görürük:

"Hazırda Moskva daha çox nüvə silahı ilə təhdid siyasətindən istifadə edir. Amma nüvə silahına əl atmaq həm böyük risk, həm də böyük məsuliyyət tələb edir. Ona görə də bunu real seçim kimi görmürəm".

Siyasi şərhçi yekunda qeyd edib ki, qarşılıqlı hücumlar, diversiyalar və lokal toqquşmalar mümkündür və bu, regionda riskləri və gərginliyi yüksək səviyyədə saxlayan əsas amillərdən biridir.

Əli Hüseynov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
30
1
bakivaxti.az

2Mənbələr