Mətləb Salahov: “ABŞ və Rusiya liderləri arasındakı “mehriban düşmənçilik” artıq açıq rəqabət və nüfuz mübarizəsinə keçir”
“ABŞ prezidenti Donald Tramp bu gedişlə sərt üzünü Vladimir Putinə göstərməyə hazırlaşır. Çünki Kreml rəhbəri hec cürə D.Trampın Ukraynada müharibəni dayandırmaq siyasətinə dəstək vermir. Tam əksinə, Volodimir Zelenskini danışıqlar üçün Moskvada gözləmək barədə bəyanat verərək, əslində dünya birliyini ələ saldığını, müharibə ritorikasına sadiq qaldığını, ən vacibi isə D.Trampı ciddi olmayan siyasi fiqur saydığını nümayiş etdirdi.
Belə görünür ki, V.Putin özünün hegemonluq ambisiyalarını davam etdirməkdə qərarlıdır. Əlbəttdə Ağ Ev sahibinin bu münasibəti cavabsız qalmayacaq. Çünki V.Putin artıq D.Trampın dünyadakı etibarı ilə oyun oynayır.”
Bu fikirləri “Bakı Xəbər”ə açıqlamasında jurnalist-ekspert Mətləb Salahov deyib. Jurnalist-ekspertin fikrincə D.Tramp-V.Putin ittifaqı artıq nüfuz savaşına da çevrilməkdədir. “Rusiya liderinin bu ritorikasına cavab olaraq Ağ Evdə keçirilən brifinqdə ABŞ dövlət başçısı vurğulayıb ki, mövcud sanksiyaların təsiri genişləndirilməli və “ikinci mərhələ” adlandırılan yeni paket tətbiq edilməlidir.
Dünya mediasının yazdıqlarına inansaq, ABŞ Konqresində artıq “Sanctioning Russia Act of 2025” adlı qanun layihəsi müzakirə olunur. Senat üzvü Lindsey Graham tərəfindən təqdim olunan bu sənəd prezidentə Rusiyanın enerji ixracına qarşı əlavə tədbirlər görmək səlahiyyəti verir. Layihədə hətta Rusiya nefti və qazı ilə ticarət edən ölkələrə qarşı 500 faizədək sekundar tariflərin tətbiqi nəzərdə tutulur. Mən bu qənaətdəyəm ki, ABŞ və Rusiya liderləri arasındakı “mehriban düşmənçilik” münasibətləri artıq açıq rəqabət və nüfuz mübarizəsinə keçir.Hər kəs əlindəki kartları ən sonda masaya qoyacaq. Rusiyanın yenicə PUA-larla Polşa sərhədini keçməsi, üstəlik bunu nümayişkaranə şəkildə reallaşdırması D.Trampın da avropalılara qoşulacağı ehtimalını sürətləndirir”.
Namiq Quliyev