AZ

Fransada etirazlar davam edir - saxlanılanlar var

Fransada bu gün prezident Emmanuel Makronun sosial-iqtisadi siyasətlərinə qarşı genişmiqyaslı aksiyalar başlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, aylardır sosial şəbəkələrdə “Hər şeyi dayandıraq” şüarı ilə edilən çağırışlardan sonra səhər tezdən Paris, Lion və Renn şəhərlərində yollar bağlanıb. Məlumata görə, Renn ətraf yolunda yüzlərlə nümayişçi barrikadalar quraraq hərəkəti dayandırıb. Şəhərin şimalında barrikadalar yandırılıb, Alma körpüsünün altında avtobusa od vurulub. Lionda isə tramvay xəttinə zibil qabları aşırılaraq yandırılıb.

Paytaxt Parisdə əsas hədəf ictimai nəqliyyat olub. Polis avtovağzal qarşısında avtobusların hərəkətinə mane olan aksiyaçılara müdaxilə edib. Montreuil qapısında yolu kəsən qruplar isə gözyaşardıcı qazla dağıdılıb. Şəhərin bir neçə məhəlləsində lisey şagirdləri məktəb girişlərinə zibil qutularını düzüb barrikadalar qurublar.

Fransız mətbuatının məlumatına görə, indiyədək 85 nəfər, onlardan 75-i Parisdə saxlanılıb. Polis mümkün zorakılıqların qarşısını almaq üçün gücləndirilmiş rejimdə xidmət aparır.

Təşkilatçılar ölkə üzrə 100 mindən çox insanın etirazlara qatılacağını, aksiyaların gün boyu davam edəcəyini bildiriblər.

Müəllif: Günel Fərzəliyeva
Seçilən
21
sia.az

1Mənbələr