AZ

Baş həkimi ittiham edən şöbə müdiri işdən uzaqlaşdırıldı – 1 il işləməyəcək

Saatlı Rayon Mərkəzi Xəstəxanasında körpənin doğuşdan sonra ölməsi ilə bağlı açılan cinayət işinin detalları üzə çıxıb. Cinayət məsuliyyətinə cəlb edilən həkim xəstəxananın baş həkimini ittiham edirdi.

Musavat.com-un xəbərinə görə, hadisə 2023-cü ilin iyul ayında baş verib.

Aysel İbrahimova ikinci doğuş üçün xəstəxanaya müraciət edib. Onun qız övladı dünyaya gəlib. Uşağın səhhətində problem olmadığı bildirilsə də, sonradan ölməsi ilə bağlı ailəsinə məlumat verilib.

Bu hadisəyə görə Saatlı xəstəxanasının Ginekologiya və doğum şöbəsinin müdiri Könül Xudatova məsuliyyətə cəlb edilib.

İstintaqla müəyyən edilib ki, körpənin ölümünə səbəb ağciyər-ürək çatışmazlığı olub. Bu isə həkimin məsuliyyətsizliyi, doğuşdan əvvəlki müayinələri düzgün aparmaması nəticəsində baş verib. İstintaq belə qənaətə gəlib ki, doğuşdan əvvəl ananın qan analizi, kardiotokoqrafiya, ultrasəs müayinəsi və digər vacib prosedurlar aparılmayıb. 2003-cü il təvəllüdlü ananın qan azlığından əziyyət çəkdiyi isə sonradan müəyyən edilib.

Körpənin vəziyyəti ağırlaşdıqdan sonra onu Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Perinatal Mərkəzinə təxliyə ediblər. Son müdaxilə orada edilib və uşağın həyatını xilas etmək mümkün olmayıb.

Həkim Könül Xudatova körpənin vaxtında süni ventilyasiya aparatına qoşulmadığını bildirib və buna görə baş həkimi ittiham edib.

Könül Xudatova bu haqda deyib:

“Doğuşdan bir müddət sonra körpədə tənəffüs çatışmazlığı olub. Mən dərhal xəstəxananın direktor müavini, baş həkim, ixtisasca neonatoloq olan Araz Usubovu dəvət edərək doğuşda iştirak etmiş və körpəni qəbul etmiş neonatoloq həkim İradə Hüseynovanın iştirakı ilə doğuşa yardım işinin təşkili, körpənin lazımdırsa, perinatal mərkəzə təxliyəsinin təmin olunması üçün konsilium təşkil etdim. Lakin xəstəxanada küvəz və oksigenlə təchiz olunmuş yenidoğulmuşların intensiv terapiya palatası olsa da, baş həkim yenidoğulmuşda müvafiq müayinələrin aparılmasını təmin etməyib, xüsusi aparata (SPAP-a) qoşmayıb, küvəzə yerləşdirilmədən “doğuş zalında” 6 saat (binazal oksigen altında) saxlayıb. Bundan sonra körpənin vəziyyətinin daha da ağırlaşmasını görən baş həkim onu tibb bacısının qucağında Sabirabad xəstəxanasının Perinatal Mərkəzinə təxliyə edib. Körpə ertəsi gün səhər saatlarına qədər küvəzə yerləşdirilməyib, ona diaqnostik müayinə aparılmadan yanlış “ürək qüsuru” diaqnozu qoyulub, süni ventilyasiya aparatına qoşulmayıb”.

Könül Xudatova özünü ittihamla qəti təqsirli bilməyib. Barəsində bəraət hökmü çıxarılmasını istəyib.

Könül Xudatova bu hadisədən sonra Saatlıda şöbə müdiri vəzifəsindən çıxarılıb. Xudatova hazırda Tovuz xəstəxanasında Ginekologiya və doğum şöbəsində həkim mama-ginekoloq vəzifəsində işləyir.

İş üzrə hüquqi varis kimi körpənin atası Rasim İbrahimov tanınıb. Hüquqi varis həkimdən şikayətçi olaraq onun cəzalandırılmasını, maddi ziyan olaraq 5 min manatın tutularaq onlara ödənilməsini istəyib.

Məhkəmə mülki iddianı təmin etməyib. Lakin Könül Xudatovanı qeyd edilən ittihamda təqsirli bilib. Məhkəmənin hökmü ilə Könül Xudatova 2 il şərti cəza alıb. Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Əlavə cəza kimi 1 il müddətə dövlət və özəl tibb müəssisələrinin ginekologiya və doğum şöbələrində rəhbər vəzifə tutmaq və mama-ginekoloq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilib.

Seçilən
38
3
editor.az

4Mənbələr