Yeni dərs ilinin başlaması ilə müxtəlif bölgələrdən paytaxta üz tutan gənclərin sayı artıb. Ali məktəblərə qəbul olunan tələbələr üçün əsas problemlərdən biri də yaşayış yeridir. Rayondan Bakıya oxumağa gələnlərin böyük əksəriyyəti kirayə evlərə üz tutur. Tələbələrin axını kirayə mənzillərə tələbatı artırır və nəticədə qiymətlər də yüksəlir. Bu isə həm tələbələrin, həm də onların valideynlərinin büdcəsinə əlavə yük yaradır.
Belə vəziyyətdə yataqxanalar müəyyən qədər çıxış yolu hesab oluna bilər. Amma burada da yerlərin məhdudluğu səbəbindən yalnız az sayda tələbə faydalana bilir.
Bəs görəsən, bu tədris ilində universitetlər tələbələrin yataqxana problemini nə dərəcədə həll edə biləcək?
Ölkə.az mövzu ilə bağlı paytaxtdakı universitetlər arasında sorğu aparıb.
Bakı Dövlət Universitetinin (BDU) İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Kəmalə Quliyeva bildirdi ki, BDU-nun Tələbə Evi 220 nəfərlikdir:
"Burada hər bir şərait var. Çamaşırxana, internet, oxu zalı, idman sahəsi, tibb məntəqəsi, 24 saat təhlükəsizlik kameraları və s. Əsasən şəhid, qazi övladları, valideynlərini itirmiş, sosial həssas qrupa aid olanların övladları və s. qəbul edilir. Aylıq ödəniş 75 manatdır. Yeni yataqxananın tikilməsi ilə bağlı dövlət-özəl əməkdaşlığı çərçivəsində müzakirələr davam edir".
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentindən Elnur Hadıyevin verdiyi məlumata görə, ADNSU-nun yataqxanası köhnə yataqxanadır:
"Əvvəlki illərlə müqayisədə yataqxanalarda xüsusi bir dəyişiklik yoxdur, amma gələcəkdə təmir olunması nəzərdə tutulub. Ancaq bu barədə hələ qərar verilməyib, böyük yataqxanadır və bir neçə korpusdur. Nə zaman təmirlə bağlı yenilik olsa məlumat verəcəyik.
Ümumilikdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yataqxanası 320 nəfərlikdir. Burada həm yerli, həm də əcnəbi tələbələr qalırlar, adətən əcnəbi tələbələr üstünlük təşkil edir.
Yataqxana 2 və 3 nəfərlik otaqlardan ibarətdir. Bir otağın qiyməti 100 manatdır. 2 nəfər qaldıqda hər biri 50, 3 nəfər qaldıqda isə 34 manat vəsait ödəyirlər".
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev qeyd edib ki, ADPU-nun Bakı şəhərində 5 tələbə yataqxanası var:
"Lakin bu yataqxanalardan 4-də ümumilikdə 1603 nəfərdən ibarət 443 məcburi köçkün ailəsi məskunlaşıb. ADPU-nun 5 nömrəli yataqxanası isə universitetdə təhsil alan qız tələbələrə xidmət göstərir. Bu yataqxanada 200 nəfərədək xanım tələbə yerləşə bilər. Yataqxanada aylıq ödəniş bir tələbə üçün 85 AZN təşkil edir. Burada tələbələr bütün kommunal, internet xidmətləri, istirahət otaqları və s. ilə təmin olunur. Bütün otaqlar tam təmirlidir. Yataqxanaya, əsasən, sosial həssas qrupdan olan və əcnəbi xanım tələbələr qəbul olunur".
Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin (UNEC) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədovanın sözlərinə görə, universitetin istifadəsində 5 yataqxana mövcuddur:
"Hazırda universitetin bütün 5 yataqxanasında məcburi köçkünlər məskunlaşıb. Bu səbəbdən tələbələrin istifadəsinə verilməyib. Onlar köçürüldükdən sonra yataqxanalar əsaslı təmir edilərək tələbələrin ixtiyarına veriləcək. Amma universitetin Zaqatala filialının yataqxanası var. Aprel ayında açılışı olub".
Azərbaycan Dillər Universitetinin (ADU) İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, universitetin 1 yataqxanası var:
“Azərbaycan Dillər Universitetinin yataqxanası 205 nəfərlikdir. Müraciət edən tələbələri yataqxana ilə təmin edəcəyik”.
Bakı Slavyan Universitetindən (BSU) bildirildi ki, BSU-nun nəzdində ümumilikdə 4 yataqxana mövcuddur:
"Hazırda həmin yataqxanalarda məcburi köçkünlər məskunlaşıb və onlardan yalnız bir yataqxana qismən ( 2-ci və 4-cü mərtəbələri) BSU tələbələrin istifadəsindədir".
Həmidə İbrahimova