AZ

“Son 7 ildə Azərbaycanda keçirilən beynəlxalq fotomüsabiqələrə 4000-dən artıq xarici fotoqraf qatılıb” — FOTOLAR

Son illərdə Azərbaycan fotoqrafiyası təkcə milli mədəniyyətimizin bir parçası kimi deyil, həm də beynəlxalq aləmdə sənət körpüsü rolunu oynayan mühüm sahələrdən birinə çevrilib. Bu prosesdə ölkənin aparıcı fototəşkilatı olan “Gilavar Foto Klubu” ictimai birliyi  xüsusi missiya daşıyır. Birlik tərəfindən Azərbaycanda foto sənətinin inkişaf etdirilməsi, fotolayihələrin, fotomüsabiqələrin, fotosərgilərin təşkili, fotoqrafların beynəlxalq arenaya çıxması, ölkəmizin tarixinin, mədəniyyətinin, arxitekturasının, təbiətinin, idmanının dünyada tanıdılması istiqamətində fəaliyyətlər həyata keçirilir.

Azərbaycan Fotoqrafiya Federasiyası “Gilavar Foto Klubu” ictimai birliyinin təşkilatçılığı ilə keçirilmiş beynəlxalq səviyyəli fotomüsabiqələrin statistik təhlilini aparıb.

Ötən 7 il ərzində Klub tərəfindən ümumilikdə 24 fotomüsabiqə təşkil olunub. Bunlardan 5-i yerli, 19-u isə beynəlxalq səviyyəlidir. Beynəlxalq fototəşkilatların xüsusi icazələri ilə təşkil olunan müsabiqələrdə dünyanın 101 ölkəsini təmsil edən fotoqraflar iştirak edib. Orta hesabla hər müsabiqədə 65-70 ölkədən iştirak qeydə alınıb.

2020-ci ildə keçirilən bir müsabiqə rekord nəticə ilə yadda qalıb: 854 iştirakçı tərəfindən ümumilikdə 13 minə yaxın fotoşəkil təqdim edilib. 2021-ci ildə keçirilən yarışda isə dünyanın 75 ölkəsindən fotoqraflar iştirak edib. Ümumilikdə, bu fotomüsabiqələrə dünyanın müxtəlif qitələrindən 4 mindən artıq fotoqraf qatılıb.

Bu müsabiqələrdəki fotoşəkillər dünyanın 16 ölkəsindən olan 44 münsif tərəfindən dəyərləndirilib.

Bu rəqəmlər sadəcə statistika deyil. Onlar Azərbaycanın mədəniyyət diplomatiyasının, yaradıcılıq potensialının və incəsənətinin dünya miqyasında qəbul olunmasının göstəriciləridir. İştirakçı ölkələrin və fotoqrafların hər il artması Azərbaycanı beynəlxalq fotoqrafiya xəritəsində mühüm mərkəzlərdən birinə çevirir.

“Gilavar Foto Klubu” ictimai birliyi 5 il ardıcıl beynəlxalq fotomüsabiqələr təşkil etdiyinə görə dünyada UNESCO tərəfindən tanınmış yeganə fototəşkilat olan Beynəlxalq Foto Sənəti Federasiyası (FIAP) tərəfindən 2 dəfə həmin təşkilatın bürünc plaketini əldə edib.

2015-ci ildən başlayaraq bu günə kimi beynəlxalq fotomüsabiqələrdə 941 mükafat əldə edilib. Onlardan 278-i medal, 422-si fəxri lent və 241-i diplom və sertifikatlardır. Əldə olunan medalların isə 145-i qızıl, 68-i gümüş və 65-i isə bürüncdür. Bu ilin sonuna kimi mükafatlarının ümumi sayının mindən artıq olacağı proqnozlaşdırılır. 

Beynəlxalq fotomüsabiqələrdə ən çox mükafat qazanan “Əməkdar mədəniyət işçisi” İlqar Cəfərovdur. Onun aktivində 300-dən artıq mükafat var. Valeriy Xlızov (126), Nadejda Cavadova (116), Aleksandr Firstov (89), Kərim Abbasov (55), Rəşad Mehdiyev (43) isə ən çox beynəlxalq mükafat qazanan fotoqraflar sırasındadır.

Gilavar Foto Klubu dünyanın 10-dan artıq aparıcı fotoqrafiya təşkilatı – Beynəlxalq Foto Sənəti Federasiyası (FIAP), Beynəlxalq Bədii Fotoqraflar Assosiasiyası (IAAP), Amerika Fotoqrafiya Cəmiyyəti (PSA), Qlobal Fotoqrafiya Birliyi (GPU), Asiya Fotoqraflar Birliyi (APU), müxtəlif ölkələrin fotoklubları ilə əməkdaşlıq edir. Bu əməkdaşlıqların nəticəsində hazırda 10-dan yuxarı fotoqrafımız beynəlxalq dərəcəli fotoqraf statusuna, həmin təşkilatların fəxri adlarına layiq görülüblər.

Statistik göstəricilərdən də göründüyü kimi, Azərbaycanın fotoqrafiya mühiti son illərdə beynəlxalq inteqrasiyada böyük addımlar atıb. Hər il artan iştirakçı və ölkə sayı ölkəmizdə keçirilən fotomüsabiqələrin qlobal miqyasda tanınmasına xidmət edir. Azərbaycan Fotoqrafiya Federasiyası və Gilavar Foto Klubunun fəaliyyətləri nəticəsində Azərbaycan fotoqrafiyası beynəlxalq səhnədə daha geniş auditoriya qazanmaqdadır.

Qeyd edək ki, “Gilavar Foto Klubu” ictimai birliyi 1 dekabr 2017-ci ildə, Azərbaycan Fotoqrafiya Federasiyası isə 1 dekabr 2022-ci ildə təsis edilib. Hər iki fototəşkilatın təsisçiləri tanınmış fotoqraflar Dilavər Nəcəfov və Rəşad Mehdiyevdir.



























Seçilən
13
4
demokrat.az

5Mənbələr