AZ

Çinin logistika şirkətinin rəhbəri: Orta Dəhliz üzrə yükdaşımaların optimallaşdırılması əsas hədəflərdəndir

Bakı, 10 sentyabr, AZƏRTAC

Orta Dəhliz boyunca yükdaşıma prosesinin inkişafı və xidmətlərin optimallaşdırılması region ölkələrinin qarşısında duran əsas hədəflərdəndir.

AZƏRTAC xəbər verir ki, bu barədə Çinin “Pekin Trans-Avrasiya Beynəlxalq Logistika” şirkətinin İdarə Heyətinin sədri Vansyu Donq (Wangxu Dong) Bakıda keçirilən “Qara dəniz–Xəzər Logistika Forumu 2025: dəhlizlər, yüklər, infrastruktur” çərçivəsində çıxışı zamanı bildirib.

Vansyu Donq qeyd edib ki, rəhbərlik etdiyi şirkət 2010-cu ildə təsis olunub və əsasən yük ekspeditorlarına və logistika şirkətlərinə xidmət göstərir. Şirkətin Çində və Avropada lokomotivləri, yük maşınları və konteynerləri mövcuddur, Asiya ilə Avropa arasında həm Şimal, həm də Orta Dəhliz vasitəsilə multimodal daşımalar həyata keçirilir.

“Hazırda biz Siandan Bakıya, Gürcüstana və İstanbula müntəzəm qatar reysləri icra edirik. Siandan ictimai qatar reyslərimiz ayda 3–4 dəfə, İstanbula isə həftədə 1–2 dəfə təşkil olunur. Bununla yanaşı, Avropanı Mərkəzi Asiya ilə də birləşdiririk. Bu prosesdə həm dəmir yolu, həm də dəniz daşımalarından istifadə olunur”, – deyə şirkət rəsmisi vurğulayıb.

Vansyu Donq qeyd edib ki, Orta Dəhlizdə əsas çağırışlardan biri əlverişsiz hava şəraiti, pik mövsümlərdə tutum məhdudiyyətləri və sənəd dövriyyəsində vaxt itkisi ilə bağlıdır. “Avqust-oktyabr aylarında tranzit müddəti sabit idi – Siandan Duisburqa (Almaniya) orta hesabla 30 gün çəkirdi. Lakin noyabrda əlverişsiz hava və artan yüklənmə səbəbindən Aktau limanında gözləmə vaxtı 30 günədək artdı. Bu isə müştəri itkilərinə gətirib çıxarır. Əgər biz bu dəhlizi birlikdə inkişaf etdirməsək, Çindən Avropaya yük axınını saxlamaq çətin olacaq”.

Vansyu Donq çıxışında həmçinin dəniz daşımalarında tariflərin artdığını, Şimal Dəhlizi ilə müqayisədə bəzi uyğunsuzluqların mövcud olduğunu bildirib: “Əsas cavab isə hamıya məlumdur – infrastrukturun inkişafı, tikinti və koordinasiyanın gücləndirilməsi. Şimal Dəhlizində olduğu kimi, Orta Dəhlizdə də sərhəd, sənəd və texniki məsələləri əlaqələndirən vahid quruma ehtiyac var”.

 

Seçilən
14
azertag.az

1Mənbələr