Ukrayna millisinin Azərbaycanla (1:1) DÇ-2026-nın seçmə mərhələsindəki heç-heçəsindən sonra baş məşqçi Sergey Rebrov güclü tənqid dalğası ilə üzləşib.
Publika.az xəbər verir ki, azarkeşlər sosial şəbəkələrdə məşqçiyə hücum edərək onun "Instagram" paylaşımlarına tənqidi rəylər yazıblar. Fanatlar Rebrovu taktiki səhvlərdə, uğursuz əvəzləmələrdə və "sarı-göylər"in mütləq qələbə qazanmalı olduğu oyunda xal itkisinə görə günahlandırıblar.
Görünür, təzyiqə dözməyən Rebrov paylaşımlarına şərh yazmaq imkanını bağlamaq qərarı verib. İndi istifadəçilər yalnız fotoları görə bilirlər, lakin heç bir rəy yaza bilmirlər. Azərbaycanla oyundan sonra azarkeşlər öz qəzəb və məyusluqlarını gizlətməyiblər.
Qeyd edək ki, DÇ-2026-nın seçmə mərhələsində Ukrayna millisinin növbəti oyunu oktyabrın 10-da İslandiya yığmasına qarşı keçiriləcək. İlk turda Rebrovun komandası Fransaya 0:2 hesabı ilə uduzub və cəmi 1 xal toplayıb. Azərbaycan millisinin də eyni miqdarda xalı var.