AZ

AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının bağlanış mərasimi keçirilib

Bakıda "İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə” adlı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının bağlanış mərasimi keçirilib. SİA xəbər verir ki, tədbirdə çıxış edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının yalnız müzakirələr meydanı deyil, həm də müxtəlif regionlardan gələn ekspertləri, diplomatları və gəncləri bir araya gətirən mühüm platforma olduğunu bildirib.

O qeyd edib ki, Azərbaycan AQEM-də 2024-2026-cı illər üzrə sədrliyinə böyük önəm verir. Prezident İlham Əliyevin Forumun 13-cü sessiyasının iştirakçılarına ünvanladığı müraciət də AQEM-ə göstərdiyi diqqətin və verdiyi dəyərin bariz nümunəsidir.

“Burada keçirdiyimiz sessiyalarda çox intellektual, dərin və faydalı müzakirələr apardıq. Çox maraqlı fikirlər səsləndirildi, yeni ideyalar irəli sürüldü. Hesab edirəm ki, bu fikirlər və tövsiyələr gələcəkdə AQEM-in fəaliyyət istiqamətlərinə ciddi töhfə verəcək”, - deyə F.Şəfiyev vurğulayıb.

Forumun rəsmi bağlanışından sonra əlavə tədbirin olacağını diqqətə çatdıran İdarə Heyətinin sədri bildirib ki, bu tədbirdə universitetlərdən gənc tələbələr iştirak edəcəklər: “Onların iştirakı bizim üçün çox vacibdir. Çünki gənclər həm təşkilatın gələcəyidir, həm də regionun inkişafına yeni baxış və təzə nəfəs gətirən qüvvədir. Əminəm ki, burada əldə etdiyimiz nəticələr real əməkdaşlıqlara, birgə layihələrə və davamlı tərəfdaşlığa çevriləcək. Bu isə həm bizim, həm də regionumuzun gələcəyi üçün çox mühüm addımdır”.

AQEM-in Baş katibi Kayrat Sarıbay sessiyanın qədim Bakıda təşkilinin, - həm də Formula 1-in keçirildiyi ərəfədə, - yeni regional perspektivlərə rəng qatdığını deyib.

Fundamental təhlükəsizliyin vacibliyini qeyd edən Kayrat Sarıbay AQEM-in perspektivlərinin böyük olduğunu vurğulayıb. O, bu platformanın regional problemləri, dayanıqlı inkişafı, iqtisadi məsələləri hər zaman diqqətə saxladığını bildirib.

Birgə gündəliyin formalaşdırılmasının vacib olduğunu diqqətə çatdıran Baş katib əlavə edib: “AQEM-in gələcək fəaliyyət planının hazırlanması təmin edilməlidir. Biz qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığımızı davam etdirməliyik”.

Şanxay Beynəlxalq Araşdırmalar İnstitutunun prezidenti Çen Dongxiao sessiyanın açılışında Prezident İlham Əliyevin müraciətinin bu tədbirin nə dərəcədə vacib olduğunu təsdiqlədiyini vurğulayıb: "Forum çərçivəsində biz xalqlarımız arasında münasibətlərin və əməkdaşlıqların möhkəmlənməsinə zəngin töhfələr verdik".

O qeyd edib ki, qeyri-mümkün görünən missiya bu forumda reallaşıb. “Mənim üçün burada iki əsas məqam ön plana çıxdı. Birinci məqam, bizim hamımız, bütün maraqlı tərəflər, o cümlədən AQEM-in üzv dövlətləri gələcəkdə də təşkilatın vacib layihələrini davam etdirməliyik. Bu layihələr maliyyə sahəsindən tutmuş, iqlim dəyişikliyi, texnologiya, xalqlar arasında əlaqələr və digər istiqamətlərə qədər geniş spektri əhatə edir. Xüsusən də dayanıqlı təhlükəsizlik prinsiplərinin həyata keçirilməsi olduqca vacibdir.

İkinci məqam isə biz daha inklüziv və daha innovativ olmalıyıq. Uzunmüddətli vizion formalaşdıraraq, daim dəyişən texnoloji mühitə uyğunlaşmalıyıq. Çünki çoxqütblülüyün sürətlə artdığı, geosiyasi gərginliklərin yüksəldiyi və yeni, naməlum çağırışların ortaya çıxdığı bir dövrdə yaşayırıq”, - deyə Çen Dongxiao vurğulayıb.

O əlavə edib ki, bu forumda məhz həmin mürəkkəbliklərə toxunulub, yeni yanaşma yolları və konkret ideyalar irəli sürülüb: “Düşünürəm ki, biz bu platformanı daha da gücləndirməli, əməkdaşlığımızı daha açıq şəkildə davam etdirməliyik. Çünki bu forum yalnız AQEM üçün deyil, bütün regionun gələcəyi üçün mühüm əhəmiyyət daşıyır”.

Qeyd edək ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin və Şanxay Beynəlxalq Araşdırmalar İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən ikigünlük sessiyada Asiyada təhlükəsizlik idarəçiliyinə yeni yanaşmaların tədqiqi, yaşıl və rəqəmsal transformasiya dövründə təchizat zənciri, Avrasiya nəqliyyat dəhlizlərinin gücləndirilməsi, AQEM-in transformasiya və institusional potensialının artırılması kimi mövzular ətrafında müzakirələr aparılıb.

Seçilən
11
1
sia.az

2Mənbələr