AZ

MDB də ən az işsizlər bu ölkədə yaşayır SİYAHI

Baku.ws portalından alınan məlumata görə, ain.az xəbər verir.

Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrdə işsizlik rəqəmləri ölkələr üzrə kəskin fərqlənir.

BAKU.WS-in Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, bəzi ölkələrdə işsizlərin sayı sürətlə azalır, digərlərində isə hələ də yüksək olaraq qalır.

2024-cü ilin məlumatına əsasən, MDB üzrə ən çox işsiz Rusiyada qeydə alınıb – 1 milyon 915 min nəfər. Halbuki 2010-cu ildə bu rəqəm 5,5 milyon idi. Bu isə 14 il ərzində işsizlərin sayında təqribən 3,6 milyon nəfərlik azalma deməkdir.

Rusiyadan sonra ən çox işsiz Özbəkistanda müşahidə olunur. 2020-ci ildə 1,56 milyon nəfərə qədər yüksələn işsizlərin sayı 2024-cü ildə 836,4 min nəfərə qədər azalıb. Bu, MDB-də Rusiyadan sonra ən yüksək göstəricidir.

2024-cü ildə Qazaxıstanda 449,8 min nəfər işsiz olub. Maraqlıdır ki, 2010-cu ildən bəri bu ölkədə işsizlərin sayı ciddi dəyişiklik göstərməyib – 496,5 mindən 449,8 min nəfərə enib.

MDB-də ən az işsiz Moldovada qeydə alınıb – 35,2 min nəfər. Buna ölkənin əhalisnin az olması da təsir edib. Nəzərə almaq lazımdır ki, 2010-cu ildə bu göstərici 92 min nəfər idi. Qırğızıstanda da oxşar azalma müşahidə olunur – 2010-cu ildə 212,3 min nəfər işsiz olduğu halda, 2024-cü ildə cəmi 104 min nəfər qalıb.

Azərbaycanda işsizlərin sayı region ölkələri ilə müqayisədə orta səviyyədədir. 2024-cü ildə bu göstərici 282,3 min nəfər olub. Ölkəmizdə pandemiya dövründə (2020-ci il) işsizlik kəskin artsa da – 368,7 min nəfər, sonrakı illərdə azalma müşahidə edilib.

Belarusda 2015-ci ildən sonra işsizlərin sayında ciddi azalma baş verib və 2024-cü ildə 150,4 min nəfər təşkil edib. Ermənistanda isə əksinə, 2022-ci ildən etibarən artım tendensiyası müşahidə olunur: 176,6 min nəfərdən 2024-cü ildə 187,9 min nəfərə yüksəlib.

Rəqəmlər göstərir ki, iqtisadi islahatlar və pandemiyadan sonrakı bərpa prosesləri işsizliyin səviyyəsinə birbaşa təsir edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
1
baku.ws

2Mənbələr