AZ

Ukrayna millisinin kapitanı - Nəticəyə görə azarkeşlərdən üzr istəyirik

BAKI, 10 sentyabr. TELEQRAF

Ukrayna milli komandasının kapitanı Mikola Matviyenko DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan yığması ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra müsahibə verib.

Teleqraf-ın da əməkdaşının iştirak etdiyi müsahibədə 29 yaşlı müdafiəçi həm matç, həm də digər sualları cavablandırıb:

— Azərbaycan yığmasına qarşı necə hazırlaşmışdınız? Yeni baş məşqçi sizin gözləmədiyiniz hansı düzəlişləri etmişdi?

— Məncə, burada baş məşqçi dəyişikliyi və əlavə motivasiya amili rol oynadı. Ola bilsin, bu, birinci amildir. Həmçinin, Azərbaycanla oyunun çətin olacağı gözlənilən idi. Çünki onlar ilk matçda İslandiyaya 0:5 hesabı ilə uduzmuşdular. Rəqibin evdə xal qazanmaq üçün sona qədər mübarizə aparacağını bilirdik.

— Baş məşqçi Sergey Rebrovun soyunub-geyinmə otağında nəticəyə reaksiyası necə oldu?

— Həmişəki kimi təmkinli idi. Çünki oyundan dərhal sonra heç kim nəsə demək istəmir. Bundan sonra biz adətən, növbəti toplanışda bu oyunları çox uzun şəkildə təhlil edirik.

— İtirilmiş xallardan sonra Ukrayna yığmasının DÇ-2026-ya vəsiqə qazanması üçün şansları qalıb?

— Oyundan dərhal sonra bunu danışmaq mənim üçün çox çətindir. Düşünürəm ki, bizdə heç nə dəyişməyib, hər oyuna yaxşı hazırlaşmaq və qalib gəlməyə çalışmaq lazımdır. Turnir cədvəlinə və paralel keçiriləcək oyunlara baxmamalıyıq, sadəcə meydana çıxaraq bizə verilən tapşırıqları yerinə yetirməliyik.

— Azərbaycanda sizi bu qədər ukraynalı azarkeşlərin dəstəkləyəcəyini gözləyirdiniz?

— Onlara çox təşəkkür edirəm ki, bizi daim dəstəkləyirlər. Nəticəyə görə üzr istəyirik, amma bəzən belə də olur.

Seçilən
52
teleqraf.com

1Mənbələr