AZ

Bu tarixlərdə dövlət qurumlarının əməkdaşları məsafədən İŞLƏYƏCƏKLƏR? - DİQQƏT

Sentyabrın 19–21-də Bakıda keçiriləcək “Formula 1” Qatar Airways Azərbaycan Qran Prisi paytaxtda böyük maraq doğuran növbəti beynəlxalq idman hadisəsi olacaq. Lakin bu tarixlərin tədris mövsümünün başlanğıcı ilə üst-üstə düşməsi şəhərdə nəqliyyat hərəkətliliyinin kəskin artmasına səbəb ola bilər. Məktəblərin və universitetlərin açılması ilə yanaşı, yarış günlərində paytaxtın mərkəzi küçələrində hərəkət məhdudiyyətlərinin tətbiqi əlavə sıxlıq yarada bilər.

Belə bir şəraitdə nəqliyyat yükünü azaltmaq üçün dövlət qurumları və özəl sektorda qismən evdən işləmə qərarının tətbiqi gündəmə gələ bilərmi?

Məsələ ilə bağlı danışan iqtisadçı Akif Nəsirli News24.az-a bildirib ki, bu çox aktual məsələlərdən biridir: 

"Hazırda Bakıda yolların həm gündəlik yükü, həm də əlavə tədbirlər səbəbilə sıxlıq altında qalması realdır. "Formula 1"-ə qədər məktəblərin açılışını bir neçə gün gecikdirmək yolların yükünü azaldar. Eyni zamanda yarışın keçirildiyi istiqamətlərdəki məktəblərdə dərslərin distant qaydada təşkil edilməsi ən azından uşaqların və valideynlərin hər gün yollara çıxmasını azaldar. Mümkün olan iş yerlərində məsafadən iş rejiminə keçmək də yolların yükünün azalmasına töhfə verə bilər. Təhlükəsizlik baxımından da izdihamın azalmasına müsbət təsir edər".

İqtisadçı əlavə edib ki, bu yanaşma təhsil prosesinin vaxtında başlamamasına səbəb ola və tədris ili planına əlavə düzəliş tələb edə bilər.:

"Distant rejim yalnız bəzi məktəblərdə effektiv ola bilər, hər yerdə yox. Yəni bu variant fövqəladə tədbir kimi düşünülə bilər, amma əsas həll mexanizmi deyil. Dövlət qurumları və iri şirkətlərə məktəblərin açılışı ilə "Formula 1" dönəmində “hibrid” və ya “distant iş rejimi” tövsiyə oluna bilər. Mərkəzə yaxın məktəblərdə dərs saatlarını dəyişmək, məsələn, ikinci növbəyə keçirmək və ya dərsə daha gec başlamaq yollarda pik saatlardakı sıxlığı azaldar. Şəhərdaxili avtobusların, xüsusilə metroya paralel işləyən ekspress marşrutların sayı artırıla bilər. "Formula 1" və məktəb mövsümündə taksilərin süni qiymət artımının qarşısını almaq üçün müvəqqəti dövlət nəzarəti tətbiq edilə bilər". 

Akif Nəsirli əlavə edib ki, mərkəzi küçələrdə müvəqqəti velosiped yolları və piyada keçidləri təşkil edilməklə insanların alternativ hərəkət imkanları genişləndirilə bilər. Eyni zamanda yük maşınları və tikinti texnikasının pik saatlarda mərkəzə girişinə məhdudiyyət qoymaq olar.


Aqil Qarayev


Seçilən
45
news24.az

1Mənbələr