BAKI, TurkicWorld, Fərid Mikaylov
Türkiyənin xarici işlər naziri Hakan Fidan 11–12 sentyabr tarixlərində İtaliyaya işgüzar səfər edəcək.
TurkicWorld xəbər verir ki, səfər çərçivəsində Fidan İtaliyanın baş nazir müavini və xarici işlər naziri Antonio Tajani ilə görüşəcək, həmçinin Romadakı Istituto Affari Internazionali adlı beyin mərkəzində çıxış edəcək.
Türkiyə və İtaliya arasında strateji ortaq və NATO müttəfiqi olaraq inkişaf edən münasibətlər görüşlərin əsas mövzusu olacaq.
Fidanın danışıqlarda:
- 2024-cü ildə 32,2 milyard dollara çatan ikitərəfli ticarət həcminin 40 milyard dollara çatdırılması hədəfini,
- Türkiyə–Avropa İttifaqı Gömrük İttifaqının yenilənməsinin əhəmiyyətini,
- Aralıq dənizində enerji təhlükəsizliyi və beynəlxalq hüquqa uyğun əməkdaşlığın vacibliyini vurğulaması gözlənilir.
Nazir həmçinin müdafiə sənayesi əməkdaşlığının gücləndirilməsi, eləcə də qanunsuz miqrasiya ilə mübarizə sahələrində iş birliyini gündəmə gətirəcək.
Fidan və Tajani görüşlərdə Liviya, Suriya, Ukrayna və İran başda olmaqla regional böhranları, NATO çərçivəsində əməkdaşlığı və qlobal təhlükəsizlik məsələlərini müzakirə edəcəklər.
Nazirin Qəzzada davam edən soyqırımın dayandırılması üçün İsrail üzərinə beynəlxalq təzyiqlərin artırılması zərurətini vurğulaması da gözlənilir.
Türkiyə və İtaliya liderləri bu il bir neçə dəfə yüksək səviyyədə görüşüblər:
- Apreldə Romada keçirilən 4-cü Hökumətlərarası Zirvədə,
- Avqustda isə İstanbulda təşkil olunan Türkiyə–İtaliya–Liviya Üçtərəfli Zirvəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Müdafiə sənayesi əməkdaşlığı çərçivəsində Baykar ilə İtaliyanın Leonardo şirkəti pilotsuz uçuş aparatları texnologiyası üzrə ortaq layihə imzalayıb, Baykar isə Piaggio Aerospace şirkətini satın alıb. Türkiyə eyni zamanda Eurofighter Typhoon qırıcılarının tədarükü üçün İtaliya ilə danışıqlar aparır.
Enerji sahəsində də İtaliya, Türkiyənin əsas tərəfdaşlarından biridir. TANAP vasitəsilə ötürülən qaz, TAP boru kəməri ilə İtaliyaya çatdırılır.