Şəhidlər Xiyabanında sərt qaydalar tətbiq olunacaq? — AÇIQLAMA
“Şəhidlərimizin xatirəsinə hörmətsizlik etmək həm etik baxımdan, həm də hüquqi baxımdan qəbul edilə bilməz”.
Bu sözləri Azərbaycan hüquqşünas Günay Əliyeva Demokrat.az-a açıqlamasında deyib.
O bildirib ki, ölkəmizin qanunvericiliyində belə hallar nəzərdə tutulub:
“Məsələn, Cinayət Məcəlləsinin 323-cü maddəsi “Milli və dini dəyərlərə, dövlət atributlarına hörmətsizlik” və 323-1 maddəsi “Azərbaycan Respublikasının dövlət simvollarına və şəhidlərin xatirəsinə hörmətsizlik”lə bağlı cəzaları müəyyən edir. Lakin xarici vətəndaşların bu qanunları pozması vəziyyətində hüquqi tətbiq çətinləşə bilər.
Belə hallarda hüquq-mühafizə orqanları məsələyə müdaxilə edir və bəzən diplomatik kanallar vasitəsilə məsələ həll olunur. Xüsusi qanun qəbul etmək fikri isə cəmiyyət tərəfindən müsbət qarşılanardı. Belə qanun şəhidlərimizin xatirəsini qorumaq, onların abidələrinə və xiyabanlara hörmətsizlik edən şəxslərə qarşı daha konkret və sərt tədbirlər görmək imkanı verər. Eyni zamanda, bu cür qanun xarici turistlər üçün xəbərdarlıq funksiyasını yerinə yetirər. Oxşar halların baş verməməsi üçün əhəmiyyətli rol oynayar”.
Qeyd edək ki, Bakıda Şəhidlər Xiyabanında daha bir xoşagəlməz hadisə qeydə alınıb. İran vətəndaşı, məşhur bloger Milad Hadinezhad müqəddəs məkanımızda qeyri-etik video çəkərək sosial şəbəkə hesablarında paylaşıb. Bundan əlavə, o, Şəhidlər Xiyabanında yerləşən Əbədi Məşəl abidəsi ilə bağlı yanlış məlumat yayıb.
Leyla Turan
Demokrat.az