AZ

1915-də Çanaqqala, 1918-də Bakı...


Xalqımızın zəngin dövlətçilik tarixi, eləcə də özünəməxsus milli adət-ənənələri, elm və mədəniyyəti haqqında geniş məlumatlar dünya ictimaiyyətinə bəllidir. Tarixi qaynaqlar təsdiq edir ki, dövlətçilik ənənələrimizin beş min ildən çox tarixi var.

Heç şübhəsiz ki, bu qədim dövlətçilik ənənələrimiz bizim mədəniyyətimizin, ədəbiyyatımızın, elm və təhsilimizin inkişafına, tərəqqisinə təsirsiz ötüşməyib, saysız-hesabsız töhfələr verib. Deməli, bu ənənələrin qorunması, eləcə də təbliği günümüzün ən aktual məsələlərindən biri hesab olunur və hər zaman olduğu kimi, yenə vacib sayılır.

Bu, bir millət, iki dövlətin taleyində mühüm amil olub

Bir həftədən sonra Bakının daşnak-bolşevik işğalından azad edilməsinin 107-ci ildönümü tamam olur. 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusunun həyata keçirdiyi bu xilaskarlıq missiyası Azərbaycan tarixinə şanlı hadisə kimi yazılıb. Həmin hadisədən üç il əvvəl isə azərbaycanlı oğullar Çanaqqalada türk qardaşlarının köməyinə çatmış, o torpaqda şəhadətə qovuşmuşdular. Babalarımızın miras qoyduğu bu silah qardaşlığı sonrakı illər ərzində yeni məzmunla zənginləşərək bir millət, iki dövlətin taleyində mühüm amil olub.

Bakı uğrunda Osmanlı və Azərbaycan əsgərləri çiyin-çiyinə vuruşdular

Bolşevik Rusiyası Birinci Dünya müharibəsindən çıxdıqdan sonra geri çəkilən rus ordusu ilə birlikdə erməni silahlı dəstələri də Cənubi Qafqaza gəldilər. O zaman daşnak-bolşevik ünsürlərdən təşkil edilmiş Bakı Soveti türk-müsəlman əhaliyə zülm edirdi. 1918-ci ilin martında azərbaycanlılara qarşı törədilən soyqırımının qarşısını nə Transqafqaz Komissarlığı, nə də Transqafqaz Seymi ala bildi. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti qurulanda Bakı yadellilərin əlində idi və bu səbəbdən də Gəncə şəhəri müvəqqəti olaraq paytaxt seçilmişdi. Həmçinin dövlətin müstəqilliyini müdafiə etməyə qadir milli hərbi qüvvələr hələ tam formalaşmamışdı. 1918-ci il iyunun 4-də Batumda Azərbaycan Xalq Cümhuriyyəti ilə imzalanmış müqaviləyə əsasən Osmanlı dövləti Azərbaycana yardım etməyi öz üzərinə götürdü. Daşnak-bolşevik hücumlarının son dərəcə kəskinləşdiyi bir şəraitdə Osmanlının hərbi naziri Ənvər paşa qardaşı Nuru paşanın komandanlığı ilə Azərbaycana hərbi qüvvələr göndərdi. Beləliklə, Azərbaycanın milli hərbi qüvvələri də daxil olmaqla Qafqaz İslam Ordusu yaradıldı. 1918-ci il mayın 9-da Təbrizə, on bir gün sonra isə Araz çayına çatan Nuru paşa mayın 25-də Gəncəyə gəldi. Əhali tərəfindən böyük sevinclə qarşılanan Qafqaz İslam Ordusunun görəcəyi ilk işlərdən biri Gəncədə mövcud təhlükəni aradan qaldırmaq, düşmənləri tərksilah etmək və yerli əhalinin təhlükəsizliyini qorumaqdan ibarət idi. Qafqaz İslam Ordusunun Bakıya daxil olmasının qarşısını almaq məqsədilə bolşevik Rusiyası Almaniya ilə avqustun 27-də müqavilə imzaladı. Almaniya Bakı neftindən alacağı bəlli pay müqabilində Osmanlı qoşunlarının Kür çayını keçməməsi üçün öhdəlik götürdü. Lakin bu da xilaskar ordunun yürüşünü dayandıra bilmədi. Bakı uğrunda döyüşlərdə Osmanlı və Azərbaycan əsgərləri çiyin-çiyinə vuruşdular. Şəhər sentyabrın 15-də azad edildi. Sentyabrın 16-da Osmanlı-Azərbaycan hərbi hissələrinin Bakı ətrafında paradı keçirildi. Ertəsi gün isə Azərbaycan hökuməti Gəncədən Bakıya köçdü. Bu, Azərbaycan tarixinə möhtəşəm qələbə və türk qardaşlığının təntənəsi kimi yazıldı.

Bu, Zəfərin yalnız hərbi yox, həm də siyasi, mənəvi və ideoloji anlamda təntənəsi idi

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən yazıçı-publisist, Beynəlxalq “Alaş” Ədəbiyyat Mükafatı laureatı Əkbər Qoşalının fikrincə, Azərbaycan tarixi şanlı zəfərlərlə doludur, amma elə günlər də var, onların parlaq işığı onillərin o üzündən günümüzə də şəfəq salır: “1918-ci ilin 15 sentyabrı məhz belə bir əziz gündür. O gün Bakının daşnak-bolşevik və başqa tör-töküntülərin işğalından qurtuluşu şəhərin xilas olması ilə birgə, həm də ulusun nəfəsinin açılması, ruhunun dirçəlməsi, dövlətin paytaxta dönüşü, türk birliyinin savaş meydanında möhürlənməsi idi. Qafqaz Türk-İslam Ordusu – Nuru Paşanın başçılığı ilə Osmanlı və Azərbaycan oğullarının birləşmiş qüvvəsi Qafqazın, xüsusilə də Azərbaycanın taleyini dəyişdirdi. Çanaqqalada şəhid olmuş azərbaycanlı gənclərin ruhu sanki Bakının qurtuluşu uğrunda döyüşən qardaşlarının yanında idi. Bir-birinə dayaq olmuş iki dövlət, iki cəmiyyət – eyni qan, eyni imanla çiyin-çiyinə savaşaraq yeni tarixi yazdı. Sentyabrın 15-də Bakının qurtuluşu xəbəri yayıldı, ayın 16-da qalib ordu şəhərdə parad keçirdi, 17-də isə Azərbaycan hökuməti Gəncədən Bakıya köçdü. Bu ardıcıllıq bir ulusun azad nəfəsini, dövlətin öz mərkəzinə dönüşünü, paytaxtın həqiqi yiyələrinə qovuşmasını göstərirdi. Bu, Zəfətin yalnız hərbi yox, həm də siyasi, mənəvi və ideoloji anlamda təntənəsiydi, əlbəttə. O günün anlamı sadəcə keçmişin xatirəsi olmaqla qalmadı; o, gələcəyin, həm də ortaq keçmişdən ortaq gələcəyə gedən ulu yolun möhtəşəm qüvvət ocağı oldu. Qardaşlıq silahda sınanmışdı, sonra iqtisadiyyatda, siyasətdə, əlbəttə, mədəniyyətdə möhkəmləndi. Çanaqqaladan Bakıya, Bakının qurtuluşundan bugünkü strateji müttəfiqliyə uzanan yol Türk dünyasının sabahını nurlandırır. Yəni, 107 il öncəki 15 sentyabr – bizim tariximizin yaddaş daşına həkk olunmuş unudulmaz gündür. Bu gün hər il həmin tarixi, qəhrəman şəhidlərin ruhunu anmaqla yanaşı, həm də türk qardaşlığının nə qədər müqəddəs, nə qədər dərin köklərə bağlı olduğunu dərk edirik. O günün qələbəsi bugünkü müstəqilliyimizin, güclü Azərbaycan-Türkiyə ittifaqının rəmzidir. “Biz əcdadlarımızdan qalan bütün ənənələrə sadiqik. Bu gün Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib”. - Bu, Prezident İlham Əliyevin ötən il fevralın 19-da qardaş Türkiyəyə səfəri əsnasında, Prezident Ərdoğanla birgə mətbuat konfransındakı çıxışındandır.

Qardaşlığımız zaval görməsin!

Bakının qurtuluşu günü qutlu olsun!

Bakının 107 il öncəki qurtuluşunu qalib, qüdrətli Azərbaycan Respublikasının vətəndaşı olaraq keçirmək fövqəladə hadisədir!

Şəhidlər ölmədi, Vətən bölünmədi!”

Vidadi ORDAHALLI
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.

Seçilən
66
baki-xeber.com

1Mənbələr