Bakı, 10 sentyabr, AZƏRTAC
Cənubi Afrika Respublikasının Nazirlər Kabineti İdman Departamentinin 2027–2029-cu illərdə Kyalami trasında Formula-1 Qran-prisinin təşkili üçün müraciət təqdim edilməsi barədə təklifini təsdiqləyib. Bu müddət ərzində müraciət bütün zəruri maliyyə zəmanətləri ilə təmin olunub.
“Bu müraciət Cənubi Afrikanın nüfuzlu özəl sektoru tərəfindən tam maliyyələşdirilir və uğurlu olacağı halda yeni iş yerlərinin yaradılmasına və iqtisadi inkişafın dəstəklənməsinə töhfə verəcək. Cənubi Afrikaya nüfuzlu Formula 1 Qran-prisini keçirmək üçün namizədlik hüququnun verilməsi ölkəmizin qlobal miqyasda əhəmiyyətli oyunçu olduğunu təsdiqləyir”, – deyə nazir Xumbudzo Ntşavxeni bildirib.
Qeyd edək ki, bu ilin iyun ayında Kyalami trası Formula 1 mərhələlərinə ev sahibliyi etməyə imkan verən “Grade 1” lisenziyası alıb. Hazırda avtodromda əlavə tribunalara, yarışın idarəetmə binasına və boks zonalarına dair tikinti işləri davam etdirilir.
Sonuncu dəfə Cənubi Afrika Qran-prisi Kyalami trasında 1993-cü ildə keçirilib.